“Qərarı avrointeqrasiya istiqamətində atılmış addım kimi dəyərləndirmək olar”
Azərbaycan Hava Yolları QSC (AZAL) səmanı bütün aviaşirkətlər üçün açır.
Bu barədə
AZAL
-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu, Azərbaycan mülki aviasiyasının tarixində ilkdir. Beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq ediləcək.
“2020-ci il yanvar 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bunu avrointeqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar.
“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir.
Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.
Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir.
Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə biləcəklər.
İndiyədək Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.
Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib olacaqlar.
Qubad İbadoğlu deyir ki, “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.
“Hesab edirəm ki, gələn ildən AZAL-ın Azərbaycanın hava məkanına başqa şirkətlərin girişinə olan baryerləri aradan qaldırması Avropa İttifaqı ilə aparılan danışıqlara müsbət impuls verəcək. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji əməkdaşlıq sazişi çərçivəsində razılaşdırılmamış məsələlərdən biri də bununla bağlı idi. Odur ki, bu qərarı avrointeqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar”.
AZAL-ın məlumatında o da deyilir ki, 1 yanvar 2020-ci il tarixindən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək. Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.