“Azərbaycan və Ermənistan “Lavrov planını” rədd ediblər”

“İCG-nin məlumatına görə, ən təhlükəli həm də odur ki, rəsmi Bakı indi də olmasa, danışıqların müəyyən mərhələsində bu variantı istisna etməyib”.

Source: Foto: arxiv


“Azərbaycan ən azı lazımi şərtlər daxilində Rusiyanın missiyasına razı ola bilər”

“Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı danışıqları bərpa etmək üçün fürsət var və tərəflər bu şansı dəyərləndirib danışıqlara getməlidirlər”, – Beynəlxalq Böhran Qrupunun (İCG) illik hesabatında deyilir.

İCG hesab edir ki, danışıqlar illərlə artan hərbiləşmədən sonra mümkün yeni eskalasiyanın qarşısını almağa kömək edə bilər və münaqişənin həlli üçün zəmin yaradar.

Hesabatda qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli riski altındadır və bu “pəncərə” tərəflər hər hansı bir addım atmazsa, bağlana bilər:

“Onsuz da Ermənistan-Azərbaycan münasibətlərində durğunluq əlamətləri müşahidə edilir. Əsas məsələlər – Dağlıq Qarabağa bitişik ərazilərin və orada yaşayan insanların gələcəyi, beynəlxalq sülhməramlılığın perspektivləridir. Dağlıq Qarabağın statusu barədə danışıqlar aparılmasa mövqelər daha da sərtləşə bilər. Belə halda Bakı və Yerevan nəinki son zamanlar qazandıqları uğurları itirə, həm də sülh prosesini dəfn edə bilərlər”, – hesabatda qeyd edilir.

İCG həmçinin Yerevan və Bakıya münaqişənin sürətli və səmərəli həlli yolunda addım atmalarını tövsiyə edir.

Hesabatda tərəflər ermənilərin məskunlaşdıqları Dağlıq Qarabağa bitişik ərazilərin gələcəyi; beynəlxalq sülhməramlıların münaqişədə potensial rolu və əsas məsələ olan Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə dəvət edilir.

Hesabatda son illərin müzakirə mövzusuna çevrilən “Lavrov planı”na toxunulub. Bildirilib ki, bu gün “Lavrov planı” danışıqlar masasında yoxdur:

“Onu təkcə Ermənistan rədd etmir. Eyni zamanda, Azərbaycan da sadəcə Rusiyanın deyil, bir neçə ölkənin kontingentini özündə birləşdirən “balanslaşdırılmış sülhməramlı qüvvələr” çağırışlarına dönməyi tərcih edir. Bakıdakı rəsmilər hətta köhnə düsturlara qayıtdılar. Burada deyilir ki, həmsədr ölkələr sülhməramlı qüvvəyə töhfə verirsə, onların hər birinin təmsilçiliyi missiyanın nümayəndələrinin 10 faizindən çoxunu təşkil etməməlidir. Qeyd olunur ki, sülhməramlılar silahsız olmalıdırlar. Ermənistana gəlincə, danışıqlar davam edərkən Yerevan yalnız Rusiyanın iştirakı olduğu təqdirdə, beynəlxalq müşahidəni dəstəkləməyə hazır olduğunu bildirib. Bu zaman da qüvvələr silahsız olmalı, müşahidə missiyası həyata keçirməli və erməni qüvvələrin çıxarılmasını tələb etməməlidir”.

Eyni zamanda, vurğulanır ki, Bakı və Yerevanın etirazı Rusiyanın vacib rol oynadığını istisna etmir:

“Həqiqətən də Azərbaycanın “Lavrov planı”nı əvvəlcədən qəbul etməsi göstərir ki, ən azı lazımi şərtlər daxilində Rusiya missiyasına razı ola bilər”.

Sənəddə Dağlıq Qarabağa bitişik ərazilərdə yeni məskunlaşmaya yer ayrılıb. Qeyd olunub ki, 2017-ci ilin oktyabr ayında Dağlıq Qarabağın de-fakto “prezidenti” Bako Saakyan qonşu ərazilərin məskunlaşmasını 2017-2020-ci illər üçün prioritet olaraq müəyyənləşdirdi. 2018-ci ildə ilk dəfə onun hökuməti bu məqsədlə vəsait ayırıb və yeni qəsəbələrin salınması və inkişafı üçün 800 min dollar ayrılıb:

“2019-cu ilin əvvəlində Fizulidə yeni qəsəbə salınmasıyla bağlı plan açıqlanıb. Planda məhsuldar əkin sahələrinə yaxın bir sıra evlərin inşası nəzərdə tutulub. Ancaq hesabat dərc edilərkən Fizulidə və ya Cəbrayılda yeni yaşayış məskəninin olması barədə məlumata sahib olmamışıq. Yaşayış yerləri böyüdükcə torpaqların Azərbaycana qaytarılmasına qarşı çıxanlar artır. Stepanakert (Xankəndinin ermənilərin adlandırdığı versiya – Meydan TV) və ərazilərə yeni köçənlər etnik azərbaycanlılarla hər hansı formada dinc yaşamağı şübhəylə yanaşırlar. Bir çox sakinlər iyirmi ildən artıqdır ki, çox ağır şəraitdə, maliyyə dəstəyi olmadan yaşayıblar və bu ərazilərdə qalmaq üçün mübarizə aparacaqlarını deyiblər. “Ermənistan hökuməti “ərazini Azərbaycan nəzarətinə verməyə qərara gəlsə, mən onlara da qarşı silah götürməyə hazıram”, – Laçın rayonundakı bir erməni kəndlisi deyib. Bu icmaları ərazidə saxlayan erməni diasporasının dəstəyinin davam etməsi onların bu ərazilərin “əvvəllər erməni torpaqları” olduğuna inamını gücləndirib”.

Sənəddə 2016-cı ilin aprel döyüşlərinin mövqeləri daha da sərtləşdirdiyi bildirilib:

“Ayrıca bəzi erməni rəsmiləri və siyasətçilərinin dediyi kimi kompensasiya təklif edilərsə, köçkünlərin başqa yerə köçmək istədikləri də aydın deyil. Yaşayış məntəqələrinin artan iqtisadi əhəmiyyətini nəzərə alsaq, köçkünlər özlərinə evlər və icmalar yaratmaq üçün qoyduqları investisiyalar və torpaqların ermənilərə məxsusluğu iddiasının güclü olması halda fikilərin fonunda maliyyə güzəştləri yetərli olmaya bilər. Bir diplomat deyib ki, köçürülmə zamanı baş verən hadisələr həm sakinlərin, həm də Dağlıq Qarabağın sakinlərinin “etiraz sunamisini” alovlandıra bilər. O, məskunlaşma məsələsinin “Pandora qutusuna” çevrilə biləcəyi barədə xəbərdarlıq edib və bunun daha bir həllolunmaz məsələ kimi əlavə ediləcəyini deyib. Bu məsələni gecikmədən həll etmək lazımdır. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Dağlıq Qarabağ ərazisi və ətraf ərazilər üzərində nəzarəti həyata keçirməsi barədə qərar qəbul edib və buna görə ölkə Avropa İnsan Hüquqları Konvensiyasına görə məsuliyyət daşıyır. Məhkəmə işi Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı qanuni məsuliyyətə cəlb edilməsi ilə bağlı narahatlıqlarını artırıb. 2016-cı ildən bəri Bakının beynəlxalq mexanizmlərdən istifadə edərək ölkələrin və biznes qurumlarının yaşayış məntəqələrinə yardım və ya sərmayə qoyulması barədə xəbərdarlığı güclənir. Yaşayış məntəqələrinin genişlənməsini sənədləşdirən peyk görüntüləri var və beynəlxalq qanunları necə pozduğuna görə məhkəmə işini aparmaq üçün hüquqi tədbirlər həyata keçirir. Azərbaycan hökuməti hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, Ermənistan hökumətinə və bununla əlaqəli şəxslərə qarşı iddia qaldırmağı nəzərdən keçirir. Azərbaycan qələbə qazanaraq aktivlərin dondurulmasına və cavabdeh olanlara qarşı cəza tətbiq edilməsinə nail olacağına ümid edir. Yerevan belə halların və ya sanksiyaların Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər verəcəyindən qorxmasa da, bu məhkəmə işinin Azərbaycanın torpaqların işğal edilməsiylə bağlı mövqeyini möhkəmləndirəcəyindən qorxur”.

Hesabatda qeyd olunub ki, hazırda faktiki olaraq Dağlıq Qarabağ “hakimiyyət orqanları” tərəfindən idarə olunan ərazilərdə əhalinin təqribən 11.48 faizi Dağlıq Qarabağın ətraf ərazilərində yaşayır. 15 min nəfər Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında məskunlaşdırılıb. 14,913 nəfəri bu ərazilərdə 2019-cu ildin yanvar ayından yaşayır. 2 min adam əsasən Ağdam şəhərinə yaxın məskunlaşma ərazilərində yaşayır. 2005-ci ildə ATƏT missiyası bu əraziləri ziyarət edib və təsdiqləmişdi ki, Ağdamda təxminən 800-1000 insan yaşayır. Bu yaşayış məntəqələrində sakinlərin sayı son illərdə xarici yardım hesabına xeyli artib. Ərazilərdə işləyən diaspor təşkilatları, de-fakto “hakimiyyət orqanlarının” 2005-ci il siyahıya alınmasına nisbətən ərazidə sakinlərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirirlər. 2010-2015-ci illərdə üçdə bir artım olub.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-ə şərhində Beynəlxalq Böhran Qrupunun hesabatında iki məsələyə xüsusi diqqət yetirildiyini vurğuladı.

O, işğal olunmuş ərazilərin məskunlaşmasının Azərbaycanda kifayət qədər böyük diskussiyalara və etirazlara səbəb olduğunu bildirib:

“İCG müəyyən mexanizmlər göstərsə də, rəsmi Bakının bunlardan istifadə etməməsi təəssüfləndiricidir. Ən vacib mexanizmlərdən BMT Təhlükəsizlik Şurasının və digər məhkəmə qurumlarını göstərmək olar. Yəni Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasına və beynəlxalq məhkəməyə müraciət etməliydi. Birinci növbədə, işğal olunan ərazilərin məskunlaşması BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılmalıydı. Əslində, İCG Azərbaycan hökumətinə bu istiqamətdə atmalı olduğu addımlar haqda tövsiyələr verirsə, bu, çox acınacaqlıdır. Çünki rəsmi Bakı zamanında bu addımları atmalıydı. Bu məsələnin vaxtında gündəliyə gətirilməməsi və təsirli tədbirlərin görülməməsinin başqa regionda acı nəticələrini görürük. Necə ki, ABŞ Fələstin torpaqlarında yəhudilərin məskunlaşmasının qanuniliyini etiraf etdi. Halbuki, Vaşinqton son vaxtlara qədər məskunlaşmanın qarşısını almağı tələb edirdi. Azərbaycanla bağlı yaxın vaxtlarda oxşar situasiya yarana bilməz, amma Gürcüstan və Ukraynada presidentlər gördük”.

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirov İCG-nin hesabatında Azərbaycan ictimaiyyəti üçün maraqlı məsələ “Lavrov planı” olduğunu düşünür.

Politoloqun sözlərinə görə, Rusiya yalnız bir halda münaqişənin həllinə öz töhfəsini verə bilər. Bu, problemin həllinin Moskvanın regiondakı mövqelərini möhkəmləndirmısi ilə bağlı ola bilər:

“Lavrov planı”nın “Madrid Prinspləri”ndən və digər təkliflər paketindən yeganə fərqi odur ki, Kreml münaqişə zonasında Rusiya qoşunlarının yerləşdirilməsini təklif edir. Biz Moldovada və Gürcüstanda gördük ki, Rusiya qoşunları heç zaman müstəqil dövlətin suverenliyini möhkəmləndirəcək addım atmır. Əslində, Putinin son çıxışları da göstərir ki, Moskva bölgədə müstəqil dövlətlərin mövcudluğunu qəbul edə bilmir. Rusiya Ukraynada, Gürcüstanda, Moldovada və Azərbaycanda da həmişə separatçıları müdafiə edib. Bu dövlətin ordusu Krımın anneksiyasında iştirak edib. Belə olanda, Rusiya qoşunlarının münaqişə zonasına girməsi o deməkdir ki, son illərdə bu ordunun ərazimizdən çıxarılması nailiyyəti də əldən veriləcək. Faktiki olaraq, Rusiya Gürcüstanda beynəlxalq mandat vasitəsilə separatçılara dəstək verdi, İndi də eyni vəziyyət yaransa, Azərbaycanın müstəqilliyindən ancaq ad qalacaq. İCG-nin məlumatına görə, ən təhlükəli həm də odur ki, rəsmi Bakı indi də olmasa, danışıqların müəyyən mərhələsində bu variantı istisna etməyib. Bu, o deməkdir ki, Azərbaycan rəsmilərinin keçilməsi mümkün olmayan “qırmızı cizgiləri” yoxdur və bu çox təəssüfləndiricidir. Hamıya məlumdur ki, Rusiya qoşunları ərazilərdə yerləşdirilərsə, Dağlıq Qarabağ artıq Azərbaycanın olmayacaq. Rusiya da qoşunlarının ərazidən çıxarılması üçün müəyyən bir gərginlik səviyyəsinin mövcudluğunda maraqlı olacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva hesabatla bağlı Beynəlxalq Böhran Qrupunun münaqişənin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışladığını deyib.

“Əslində, BBQ hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır”, – Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva
Leyla Abdullayeva

O bildirib ki, Ermənistanın beynəlxalq hüquq ödəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb.

“BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaqdır”.

Leyla Abullayeva qeyd edib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdır ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Ana səhifəSiyasət“Azərbaycan və Ermənistan “Lavrov planını” rədd ediblər”