Aslan İsmayılov tərəflər arasında barışıq ola biləcəyini düşünür
Hüquqşünas Aslan İsmayılov “AST Telman” kimi tanınan işadamı Telman İsmayılovun qohumu Vüqar Babayevin məhkəməsində dindirilib.
İttiham aktına görə, V.Babayevin həbsinə səbəb olmuş 230 min dollarlıq qalmaqalda A.İsmayılov da vasitəçi olub. Hüquqşünas özü də bu barədə məhkəmədə ifadə verib.
T.İsmayılovun qardaşı Çingiz İsmayılovun nəvəsi olan 1986-cı il təvəllüdlü V.Babayev Cinayət Məcəlləsinin 177 (oğurluq) və 178-ci (dələduzluq) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına əsasən, V.Babayev Azərbaycanın ən böyük alternativ enerji təminatçısı olan “Alten Group”un icraçı direktoru Elmar Heybətovun 230 min dollarlıq “Ferrari”sini alıb və pulunu ödəməyib. O həmçinin kirayə qaldığı evdəki məişət əşyalarını (mikrodalğalı soba, soyuducu və s.) oğurlamaqda günahlandırılır.
V.Babayev dələduzluq ittihamı üzrə özünü qismən təqsirli bilsə də, oğurluqla bağlı cinayət işinin materiallarında yazılanları ümumiyyətlə, qəbul etmir.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə hakim Azad Məcidovun sədrliyilə baxılır. Budəfəki məhkəmə iclasında zərərçəkmiş Elmar Heybətovun həyat yoldaşı Nigar Heybətova dindirilib. O bildirib ki, həyat yoldaşı “Ferrari”sini satıb, ev almaq istəyib. V.babayev də ailəsilə onların yaşadığı binada qalırmış və maşının satılmasından xəbəri olub: “Biz də fikirləşdik ki, kənar adam deyil, etibar edə bilərik. Ona qiyməti dedik. Bir müddət sonra özü zəng eləyib dedi ki, maşını almaq istəyir. Əvvəl demişdi ki, 230 minə bahadır. Amma biz aşağı düşməmişdik. Bizə dedi ki, maşını banka girov qoyub, kredit götürüb pulunu ödəyəcək. Ona görə biz də baş etibarnamə verdik. Məsələnin bir neçə günə həll olunacağını dedi. Maşını qarajdan ona mən vermişəm”.
Şahidin sözlərinə görə, V.Babayev maşını götürəndə ona 5 min dollar pul verib. Üstündən günlər keçsə də, qalan pul ödənilməyib: “Yoldaşım ona zəng elədi. Sonradan dəqiq nə qədər qaytardığını bilmirəm”.
V.Babayev bildirib ki, ümumilikdə 40 min dollar qaytarıb. Bunun 5 minini əvvəldən verib, qalan 35 min dolları isə Aslan İsmayılov vasitəsilə qaytarıb.
Aslan İsmayılov məhkəmədə bildirib ki, məsələdən bir qədər gec xəbər tutub. Zərərçəkmiş E.Heybətovun onun oğlunun sinif yoldaşı olduğunu deyən hüquqşünasın sözlərinə görə, özü də onun atasıyla dostdur. Bu baxımdan həmin ailə ilə yaxın münasibətləri var. Məsələdən xəbər tutandan sonra özü də vasitəçilik edib, məsələnin həllinə çalışıb:
“Bu söhbəti mənə Elmar danışdı. Dedi ki, şikayət etmək istəyirəm. Bildirdim ki, şikayət eləsə, pul qayıtmayacaq. Dedim ki, bir mən də danışım Vüqarla. Elmardan nömrəsini alıb zəng elədim. Özümü təqdim elədim, məni tanımadı. Dedim ki, yaxınlarından mənim haqqımda soruşarsan. Bir qədər sonra özü əlaqə saxladı, görüşdük. Yanıma anasıyla birlikdə gəlmişdi. İzah elədim ki, pulu qaytarmasa, ondan şikayət edilsə, həbs olunacaq. Qorxdu. Dedilər ki, qaytaracaqlar. Əvvəlcə 20 min dollar verdi. Dedi ki, Portuqaliyadan pul gəlməlidir, 50 min dollar da verəcək. Amma ikinci dəfə cəmi 15 min dollar gətirdi. Elmarı da razı salırdım ki, şikayət eləməsin, qaytarır. Amma sonra ödəmədi. Ona görə Elmar şikayət elədi”.
A.İsmayılovun sözlərinə görə, ona verilən 35 min dolları da Nigar Heybətovaya çatdırıb.
Hüquqşünas hələ də barışığın mümkün olduğunu vurğulayıb. Bildirib ki, məbləğin yarısı ödənilsə, qalan yarısı üçün borc müqaviləsi bağlamaq mümkündür: “Elmar mənə oğlum kimidir, bilirəm ki, sözümü yerə salmaz. Amma ödəməsə, uzun müddət həbsdə qalacaq”.
Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.
V.Babayev məhkəmədə bildirib ki, lüks maşın həvəskarı olub. O, “Maseratti”, Ferrari”, ”Mercedes” və başqa bahalı maşınlara sahib olub. Gəlir mənbəyinə gəlincə, məhkəmədə açıqlayıb ki, T.İsmayılovun qardaşının nəvəsidir.
E.Heybətovla yanaşı, oğurluq baş verdiyi iddia olunan mənzilin sahibi Fərəh Qurbanova da bu işdə zərərçəkmiş qismində tanınıb. F.Qurbanova Milli Məclisin üzvü olmuş, dilçi alim Afad Qurbanovun qızıdır.