Baş Prokurorluq isə blogerə qarşı hansı maddə ilə cinayət işi açıldığını yayımlayıb
Ukraynada saxlanılaraq Azərbaycana gətirildiyi bildirilən bloger Elvin İsayevə qarşı Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə cinayət işi başladılıb.
Bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin yaydığı məlumata görə, cinayət işi 15 avqust 2019-cu il tarixdə başladılıb.
Bildirilir ki, Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin olunub, xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.
“Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə məlumatda vurğulanır.
Bildirilir ki, Elvin İsayevin saxlanma şəraiti və səhhəti normaldır.
Rəsmi məlumata görə, Elvin İsayev Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.
O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
39 yaşlı Elvin İsayevin rusiyalı vəkili Məhəmməd Həsənov isə deyir ki, Ukrayna hüquq-mühafizə orqanları onun sorğusuna cavabında blogerin bu ölkənin hüdudlarını tərk etmədiyini yazıb.
Vəkil Meydan TV-yə deyib ki, Ukraynanın Dövlət Miqrasiya Xidmətinə və Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib, ordan şifahi cavab alıb və indi onu yazılı şəkildə gözləyir.
E.İsayev “YouTube”-da Azərbaycanın dövlət xadimlərinin və Milli Məclisin deputatlarının ünvanına təhqirləri ilə məşhurdur.
İsayev avqustda Petro-Slavyankada (Sankt-Peterburqun Kolpinsk rayonunun tərkibinə daxil olan qəsəbə) evinin yanında saxlanılıb. Ona qarşı RF Cinayət Məcəlləsinin inzibati hüquq pozuntuları haqda 18.8 maddəsi üzrə (xarici vətəndaşın, ya da vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş və ya yaşayış qaydalarını pozması) ittiham irəli sürülüb. Məhkəmə azərbaycanlının RF vətəndaşı olmadığını, iki dəfə aldığı pasportlarının isə (2001 və 2014-cü illər) həqiqi olmadığını müəyyənləşdirib. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun məhkəməyə təqdim etdiyi ərizəyə görə, E.İsayev Azərbaycan vətəndaşıdır. Məhkəmə yuxarıda göstərilənlər əsasında belə bir nəticəyə gəlib ki, Azərbaycan vətəndaşı E.İsayev xarici vətəndaşların RF ərazisində yaşayış rejimini kopud şəkildə pozub.
Sankt-Peterburqun Dzerjinski Rayon Məhkəməsi 1980-ci il təvəllüdlü İsayev Elvin İltiham oğlunu inzibati hüquq pozuntusunda günahkar bilib və onu 5 min rubl həcmində cərimələyərək RF hüdudundan kənarlaşdırıması cəzasını kəsib.
Bloger bundan sonra Ukraynaya gedib.
M.Həsənovun sözlərinə görə, İsayevin qohumları başqa vəkil tutublar. Vəkil bildirib ki, cəhdlərinə rəğmən, müdafiə etdiyi şəxslə əlaqə saxlaya bilməyib.
“Onun Bakıya gətirildiyini sübut edən nə bir foto, nə bir video, nə də digər məlumat var. Biz bu gün onun Ukraynada olduğunu düşünürük. Azərbaycan hökumətinin necə oyun apardığı qaranlıq olaraq qalır”, – vəkil bu cür nəticəyə gəlib.