Seçkilərdə iştirak edəcək müxalifət partiyaları namizədlərinin sayını müəyyənləşdiriblər

“Təklif etmişdik ki, Seçki Məcəlləsi təkmilləşsin. Yəni hazırkı seçki mühiti və qanunvericiliklə azad və demokratik seçkilər keçirilməsi mümkün deyil”.

Source:


Hakim partiya gözləmə mövqeyindədir

ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində 42 dairə üzrə namizədlərini müəyyən edib.

Məlumatı partiyanın sədri İlqar Məmmədov yayıb.

İlqar Məmmədov güman edir ki, hazırkı siyahıya bəzi əlavə və dəyişikliklər də ola bilər. O, 42 dairənin 21-nin paytaxtdan, qalanının da rayonlardan müəyyən olunduğunu bildirib.

Müsavat Partiyasnın yetkilisi Gülağa Aslanlı 50 dairədən namizədlərinin bəlli olduğunu söyləsə də, hələlik müzakirələrin getdiyini əlavə edib:

“Dekabrın 10-da, bu gün Sədrlər Şurasının toplantısında müzakirələr davam edəcək və partiya daha çox namizədlə seçkiyə qatılmağı planlaşdırır. Ancaq konkret rəqəm deyə bilməyəcəm”.

Ümid Partiyasının Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Hakim Yeni Azərbaycan Partiyasından hələ namizədlərin müəyyənləşməsi barədə konkret açıqlama verilməsə də, seçkilərdə iştirakla bağlı bəyanat yayıb. Bildirilib ki, Milli Məclisə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) seçki qanunvericiliyində dəyişikliklər olmadığı halda, prosesə qatılmağın əleyhinədirlər. Bu barədə DQMŞ bəyanat yayıb.

Bəyanatda bildirilib ki, irəli sürdükləri təklifləri heç olmasa, minimal seçki mühitinin yaradılması üçün gərəkən ən ümdə addımları ehtiva edir:

"Seçki komissiyalarını iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşdırmaq; Namizədlərin qeydiyyatına olan süni əngəlləri aradan qaldırmaq (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı); Bərabər təbliğat imkanlarını, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarını bərpa etmək; Sərbəst toplaşma azadlığını Bakıda və regionlarda təmin etmək; Seçki müşahidəçilərinə səslərin sayılması prosesinə nəzarət və məntəqələrdə tərtib olunan protokolların surətlərini əldə etmək imkanı yaratmaq; Seçki şikayətlərinə baxılma prosedurunu təkmilləşdirmək və şəffaflaşdırmaq; Siyasi məhbuslar azad etmək. Təəssüf ki, hakimiyyət əvvəllər olduğu kimi Milli Şuranın təkliflərini nəzərə almadı. Milli Şura belə bir şəraitdə xalqın öz iradəsini ifadə etməsinin mümkün olmadığını rəhbər tutaraq 9 fevral 2020-ci ilə təyin edilən nöbədənkənar parlament seçkisinə qatılmayacağını, bu seçkini boykot etdiyini bildirir. Milli Şura bəyan edir ki, bu şəraitdə keçirilən seçki heç bir halda xalqın iradəsini ifadə edə və legitim sayıla bilməz”.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Meydan TV-yə deyib ki, onlar Milli Məclisin buraxılmasından əvvəl mövqelərini bildiriblər:

“Təklif etmişdik ki, Seçki Məcəlləsi təkmilləşsin. Yəni hazırkı seçki mühiti və qanunvericiliklə azad və demokratik seçkilər keçirilməsi mümkün deyil. Amma iştirak etməməyin formaları var. Bu məsələni yaxın günlərdə hərəkatın məclisində müzakirə edib, qərar verəcəyik. Bununla belə böyük ehtimalla seçkidə iştirak etməyəcəyik”


Milli Məclis

dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin olunub.

Ana səhifəSiyasətSeçkilərdə iştirak edəcək müxalifət partiyaları namizədlərinin sayını müəyyənləşdiriblər