Zəlimxan Məmmədli: Gürcülər Keşikçidağın onlara verilməsini qarşılarına məqsəd qoyublar

Onun sözlərinə görə, indiki zamanda gürcülər ibadət məsələsini minimum hədəf sayırlar.

Source: meydan tv


Xələf Xələfov: “Danışıqlarda irəliləyiş yoxdur”

Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyasına dair bu ilin sonunadək Tbilisidə ekspertlərin görüşü gözlənilir.

Bu barədə Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.

Nazir müavini deyib ki, danışıqlarda əldə olunan materiallar, yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq.

Xələf Xələfovun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, 1/3 hissəsi isə qalmaqdadır:

“Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb”.

O, ekspertlərin sıx və ardıcıl görüşlər keçirdiyini deyib:

“Son görüş iki ay öncə baş tutub. Biz ekspert görüşlərinin davam etdirilməsi razılığına gəldik ki, bizim növbəti iclasın keçirilməsində artıq müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki görüşlərdə irəliləyişlərə nail ola bilməmişdik. Razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi, bunların üzərində işlər davam etdirilməlidir. Eyni zamanda, delimitasiyanı aparmaq üçün əsas olacaq hüquqi faktlar və sənədlər tam tutuşdurulmalıdır”.

xalaf.jpg
Xələf Xələfov

Nazir müavini inanır ki, ilin sonuna qədər ekspertlərin görüşü baş tutacaq:

“Çalışacağıq, gələn ilin I rübündə komissiyanın növbəti iclasını keçirək və müəyyən nəticələr əldə edək".

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Meydan TV-yə dövlətlərarası münasibətdə gərginlik yaradan məsələnin Keçikçidağ Məbəd-Kompleksi ilə bağlı olduğunu söyləyib:

“İyul ayında gərginlik yarananda Azərbaycan ictimaiyyəti və rəsmi şəxsləri kəskin mövqelərini ifadə etdilər və bildirdilər ki, Keçikçidağ Məbəd-Kompleksi ərazimizdir. Hətta gürcülərin abidənin Gürcüstana verilməsi Azərbaycana qarşı təcavüz kimi qiymətləndirildi”.

Zəlimxan Məmmədlinin sözlərinə görə, nazir müavini Xələf Xələfovun mövqeyi və əvvəlki fəaliyyətində də Keçikçidağ Məbəd-Kompleksi əsas məsələlərdən biridir:

“Gürcülərin istədiyi bu ola bilər ki, Keçikçidağ Məbəd-Kompleksində ibadət yerini hər kəs üçün açıq elan edək, amma abidə Azərbaycanın ərazisidir və toxunulmazdır. Bundan əlavə “Qırmızı körpü” sərhəd keçid məntəqəsində də Azərbaycanın iddiaları var. Konkret olaraq, Marneuli rayonunda bir kənd Azərbaycanın tarixi ərazisi olub. Bu barədə məndə məlumat var, amma ola bilər rəsmi dairələr açıqlamırlar. Güman ki, həmin kənd də mübahisə predmetlərindən biridir. Digər ərazilər isə dağlıq və düzənlik olduğundan hər hansı strateji nöqtə olduğunu güman etmirəm”.

Zəlimxan Məmmədli
Zəlimxan Məmmədli

Onun sözlərinə görə, indiki zamanda gürcülər ibadət məsələsini minimum hədəf sayırlar. Abidənin tamamilə onlara məxsusluğu və Gürcüstana daxil edilməsini qarşılarına məqsəd şəklində qoyurlar.

“Güman edirəm ki, ibadətə izacə verilib, amma ərazinin verilməsini yaxın buraxmırlar. Hətta Gürcüstan bəzi yerləri mübadilə etməyi də təklif edib, amma rəsmi Bakı razılaşmayıb. Bütün bunlar məndə olan əvvəlki informasiyalardır. Hər halda Xələf Xələfovun Nazirlər Kabinetinin aparat rəhbərliyindən yenidən XİN-ə öz vəzifəsinə qaytarılması onun məsələni yaxşı bilməsi və prinsipial mövqeyindən irəli gəlir. Bu gün XİN-də bu məsələlərlə məşğul olacaq kadr qıtlığı var”.

Gürcüstan prezidenti Salome Zurabişvilinin aprelin 20-də Gürcüstan-Azərbaycan dövlət sərhədini ziyarət edəndən və “David Qareci” monastr kompleksinin ərazisində sərhədçilərə baş çəkdikdən sonra mövzu təkrar gündəmə gəlib.

2019-cu ilin aprel-may aylarında birdən-birə tarixi abidə ətrafında vəziyyət gərginləşib. Gürcüstanın sabiq daxili işlər naziri İrakli Okruaşvili və Leyboristlər Partiyasının rəhbəri Şalva Natelaşvili Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, ərazidə müxtılif formada aksiyalar təşkil ediblər. Eyni zamanda, Bakıda olan iki Gürcüstan vətəndaşı ötən həftə “Keşikçidağ” monastrının Gürcüstanın olması haqda Milli Məclisin qarşısında şüar qaldıraraq sosial şəbəklələrdə paylaşıblar.

Sadalananlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində etirazla qarşılanıb. Həftənin əvvəlində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, iki dövlətin sərhəd üzrə komissiyaları məsələ ilə bağlı müzakirələrə başlayıblar.

Ana səhifəSiyasətZəlimxan Məmmədli: Gürcülər Keşikçidağın onlara verilməsini qarşılarına məqsəd qoyublar