“Yalnız Naxçıvan Muxtar Respublikasındakı dairələr barədə konkret heç nə deyə bilmərik”
Dekabrın 7-də Müsavat və Ümid partiyalarının məclisi parlament seçkilərində iştirak haqqında qərar qəbul ediblər.
Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov Meydan TV-yə məclisin toplantısı haqqında deyib ki, 9 fevral parlament seçkiləri haqqında qərarın əleyhinə 3 nəfər səs verib:
“10 nəfər bitərəf qalıb, 60-dan çox məclis üzvü seçkiyə qatılmağın lehinə səs verib”.
Fərəc Kərimli Müsavat Partiyasının 70-dən çox dairədə namizəd irəli sürəcəyini söyləyib:
“Yalnız Naxçıvan Muxtar Respublikasındakı dairələr barədə konkret heç nə deyə bilmərik, çünki bölgədən məclis üzvü olan şəxs iclasda iştirak etmədiyi üçün hələ məsələ sual altında qalıb”.
Ümid Partiyasının mətbuat xidmətindən deyiblər ki, Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.
Milli Məclisdə çoxluq təşkil edən hakim
Yeni Azərbaycan Partiyası
nın deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Dekabrın 4-də
Konstitusiya Məhkəməsi
nin Plenumu İlham Əliyevin sorğusu əsasında parlamentin buraxılması barədə Milli Məclisin müraciətinin Konstitusiyaya uyğunluğu məsələsini müzakirəyə çıxarıb.
Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.