Siyavuş Novruzov: YAP-da hansı dairədə kimin namizədliyinin irəli sürüləcəyi bəllidir

“Gənclər də gəlməlidir”.

Foto: arxiv


"Dəfələrlə şahidi olmuşuq ki, müxalifət prezident seçkiləri zamanı namizəd tapa bilməyib"

"Müxalifətin yaddaşında bir az problem var. Ona görə də nə dediklərini bilmirlər".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında belə deyib.

O, YAP-dan olan deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinə müxalif qüvvələrin səsləndirdiyi iradlara münasibət bildirib:

"Müxalifətin sonuncu toplantılarında qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı olub. Yəni onlar düşünürdü ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, seçkilər keçirilməyəcək. Halbuki onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. Bu baxımdan, Azərbaycan xalqının tələbinə uyğun olaraq işini qurur”.

S.Novruzov vurğulayıb ki, Milli Məclisin buraxılması ilə bağlı YAP-ı təmsil edən deputatların müraciəti Konstitusiyaya tamamilə uyğundur:

"Dünya praktikasında müxalifət növbədənkənar seçkiləri önəmli sayır. Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyilsə, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı müxalifət namizəd tapa bilməyib. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini tapıb gətirirdilər. Hansı ki həmin ərəfədə də namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

YAP rəsmisi əlavə edib ki, deputatların parlamentdəki və parlamentdən kənar fəaliyyəti partiya tərəfindən təhlil edilir, buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq, partiyada müzakirə olunur. O vurğulayıb ki, növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq:

“Artıq hansı dairədən kimin namizədliyinin irəli sürüldüyü bəllidir".

Siyavuş Novruzov qeyd edib ki, mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin iştirak edib-etməyəcəyi ilə bağlı dərc olunan siyahı havadan götürülmüş siyahıdır və hər seçkiöncəsi belə siyahılar dərc olunur:

"Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”.

Deputat Vahid Əhmədov da Milli Məclisin buraxılması barədə danışıb. O, parlamentin buraxılmasının təbii hal olduğunu deyib:

Vahid Əhmədov
Vahid Əhmədov

“Uzun müddət idi ki, bu barədə söhbətlər gedirdi. Milli Məclis qanunverici orqandır və indiki tərkibin səlahiyyət müddəti 2020-ci ilin noyabrında başa çatmalı idi. İslahatlar çox ciddi və çevik olduğu üçün cənab Prezident hərtərəfli siyasi, iqtisadi və sosial islahatlar apardığı üçün Milli Məclisin buraxılmasına ehtiyac vardı. Söhbət təkcə gənclərin gəlməsindən getmir. Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, digər siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Gənclər də gəlməlidir”.

Ana səhifəSiyasətSiyavuş Novruzov: YAP-da hansı dairədə kimin namizədliyinin irəli sürüləcəyi bəllidir