Siyavuş Novruzovun xanımı Azərbaycanın Ombudsmanı oldu

Səsvermədən sonra İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə Səbinə Əliyevanın namizədliyi təsdiqlənib.

Source: Foto: arxiv


Deputatlardan 104 nəfəri onun namizədliyinin lehinə səs verib

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Noyabrın 29-da keçirilən iclasda parlamentin vitse-spikeri Bahar Muradova bildirib ki, Ombudsman vəzifəsinə Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Səsvermədən sonra İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə Səbinə Əliyevanın namizədliyi təsdiqlənib.

Deputatlardan 104 nəfəri onun namizədliyinin lehinə səs verib.

Səsvermədən sonra Səbinə Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

O, ölkə başçısına və deputatlara təşəkkürünü bildirib və bu vəzifəyə seçilməyin böyük şərəf olduğunu deyib:

"Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

Səbinə Əliyeva hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

2002-ci ildən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini Elmira Süleymanova icra edirdi. Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən E.Süleymanovanın 82 yaşı var.

Ana səhifəSiyasətSiyavuş Novruzovun xanımı Azərbaycanın Ombudsmanı oldu