Vəkili: Əlövsət Əliyev heç bir Almaniya qanununu pozmadığını deyir

Hüquqşünasla bağlı həbs-qətimkan tədbiri seçilib

Source: meydan tv


Hüquqşünasla bağlı həbs-qətimkan tədbiri seçilib

"Legat" İnteqrasiya Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. “BBC News Azərbaycanca”ya onun vəkili Erich Althammer belə deyib.

Əlövsət Əliyev Almaniya polisinin noyabrın 13-də miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə saxlanılıb. Hüquqşünasın oğlu Türkel Rüstəmxanlının Meydan TV-yə dediyinə görə, atası səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Əməliyyatla bağlı məlumatda 8 azərbaycanlının saxlanıldığı bildirilir. Polis onlardan ikisi barəsində həbs qərarı verildiyini deyib, amma ad açıqlamayıb.

Erich Althammerin sözlərinə görə, o, Əlövsət Əliyevlə görüşüb:

"Əlövsət Əliyev heç bir Almaniya qanununu pozmadığını deyir".

Əlövsət Əliyev hazırda müvəqqəti saxlanma məntəqəsindədir.

Vəkili Əlövsət Əliyevə istinadən bildirib ki, ona verilən ittihamlarla "tam tanış ola bilməyib".

Vəkil deyib ki, Almaniya prokurorluğu ittiham aktını gələn həftə göndərəcək və bu zaman onun konkret nədə günahlandırıldığını demək mümkün olacaq.

O, Əlövsət Əliyevi daha əvvəldən tanıdığını və indiyədək Almaniya qanunlarını pozacaq əməllərinə rast gəlmədiyini deyib. Vəkil deyib ki, müvəkkili ilə beş dəqiqəlik görüşüb və aralarında qısa söhbət olub, amma bunu hələ ki, mətbuata açıqlamaq istəmir.

Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, "bir neçə həftə əvvəl də Əlövsət Əliyevin ofisinə gəlib yoxlama aparıblar, amma heç bir saxta sənəd tapılmayıb".

"Əlövsət Əliyevin saxta sənədlərlə və ya qanunsuz miqrant işləri ilə əlaqəsinin olduğunu qətiyyən düşünmürəm. Almaniyaya müxtəlif ölkələrdən axın edirlər. Miqrantlarla bağlı işləyən müxtəlif firmalar var, amma Əlövsət Əliyevin firması bu işlərlə məşğul olmayıb. Ola bilsin hansısa sənədlərin tərcüməsinə kömək edə bilər, amma o, qərar vermir, nə də səlahiyyəti var. Əgər miqrant gedib Almaniyada qalırsa, ona bununla məşğul olan alman təşkilatlar baxırlar".

Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki fəaliyyəti ilə tanınırdı.

Reydlə bağlı məlumatlarda bildirilir ki, Almaniya polisi iyundan etibarən araşdırma aparırmış. Müəyyənləşib ki, dəstə qanunsuz miqrantları Almaniyada uzun müddət qalmaq üçün lazımi saxta sənədlərlə təmin edir.

İstintaq axtarışında 180 alman polisi iştirak edib və kompüterlər, telefonlar, şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər və 21 min avro nəğd pul sübut kimi götürülüb.

Ana səhifəXəbərlərVəkili: Əlövsət Əliyev heç bir Almaniya qanununu pozmadığını deyir