Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər.
Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Tahir Kərimli beləd eyib. O, Bakıda parklama yerlərinin olmamasından və bununla bağlı cərimələrdən şikayət edib: Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Saxlamağa yer yoxdur, amma cərimə yazılır. Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, qoy, dövlət bir az ziyana düşsün, amma bunların əməkhaqqını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.
Milli Məclisin payız sessiayası Azərbaycan Dövlət Himinin oxunması ilə başlayan ilk plenar iclasa spiker Oqtay Əsədov sədrlik edib. O bildirib ki, payız sessiyasının qanunvericilik planı hazırlanıb və bir çox mühüm qanun layihəsi daxil edilib. İclasda parlamentin qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Müzakirələr zamanı deputatlar təkliflərlə çıxış ediblər.
Polisə səlahiyyət verilməlidir ki…
Deputat Nəsib Məhəməliyev bıçaqlama cinayətləri ilə bağlı cəzaların sərtləşdirilməsini təklif edib: "Gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər. Bunlar potensial cinayətkardırlar. Xəbər saytlarına baxanda görürsən ki, müxtəlif bölgələrdə kimin kimisə bıçaqlayıb öldürməsi ilə bağlı xəbərlər yer alır. Heç bir faydalı əməklə məşğul olmaq istəməyən belə gənclər təsadüfən küçədə rastlaşdığı, hətta tanımadığı, savadlı gənci qətlə yetirməklə neçə-neçə insanın faciəsinə səbəb olurlar. Hesab edirəm ki, qanunun operativliyinin təmin edilməsi baxımından bu tipli cinayətlərə görə cəzanın sərtləşdirilməsi zamanın tələbidir".
Deputat Aqil Abbas isə bununla bağlı polisə əlavə səlahiyyət verilməsi təklifi edib. O bildirib ki, qanunvericiliyə görə, Azərbaycanda tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır. O təklif edib ki, polisə şübhələndiyi şəxsi küçədə saxlamaq, üstündə bıçaq olub-olmadığını yoxlamaq səlahiyyəti verilməlidir: "Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da azalacaq".
Parlamentin səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib. O bildirib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir: "Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır, təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.
Polisi belə təxribatlara cəlb etmək olmaz
Deputat Qüdrət Həsənquliyev bir neçə gün əvəvl Qarabağ müharibəsi əlili ilə SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş vermiş insidentlə bağlı bildirib ki, hadisə yerinə cəlb edilən polis əməkdaşları təmkin nümayiş etdirib. O bildirib ki, məsələnin yaranma səbəbi araşdırılmalıdır:
"Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın. Amma araşdırmaq lazımdır ki, belə əsəbi reaksiyasının səbəbi nə idi? Əlillər deyir ki, niyə ətrafdakı evlər sökülmür, amma onlara qarşı belə münasibət göstərilir. Ümumiyyətlə, bununla bağlı qərarı məhkəmə verməlidir. Ancaq neft şirkətinin əməkdaşları elə xoşagəlməz durum yaradır, polisi dəvət edirlər və belə hal ortaya çıxır. Polisi belə təxribatlara cəlb etmək olmaz”.
ATƏT-in Minsk qrupu buranı rəqs meydançasına çevirib
Deputat Tahir Kərimli Milli Məclisdə Qarabağ Komitəsinin yaradılmasını təklif edib:
" Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var. Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası… Gəlib vals oynayıb gedirlər. Minsk qrupunun yaradılması səhv addım idi”.
Siyavuş Novruzov: "Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram"
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Siyavuş Novruzov deyib:
"Qarabağ komitəsi yaransa, o halda deputatların hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək. Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli Xalq Cəbhəsi hakimiyyəti dövründə BMT-nin mandatından çıxarılaraq, ATƏT-ə həvalə olunub”.
Təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir
Deputat Vahid Əhmədov "Rəqabət Məcəlləsi"nin qəbulunun olduqca vacib olduğunu deyib: "İllər keçməsinə baxmayaraq, Azərbaycan Milli Məclisi hələ də “Rəqabət Məcəlləsi”nin qəbul olunmasına nail ola bilməyib".
O, payız sessiyası dövründə “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbul olunmasını da təklif kimi sələndirib: "Bu gün ölkədə təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir. Bizə bununla bağlı bir çox müraciətlər daxil olur. Bu günlərdə eşidirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır. Neçə illər bundan əvvəl hazırlanmış qanun layihəsini bir az redaktə edib bu günün tələblərinə uyğunlaşdıra bilərik. Bu qanun layihəsini qəbul etməliyik ki, gənclər təhsilini başa vura bilsinlər”.
İnternet media orqanının da KİV olmasını müəyyən edən qanun olmalıdır
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı ayrıca dövlət sənədi qəbul edilməsini təklif edib. O, Azərbaycanda diffamasiya (təhqir və böhtan) maddələrinin dekriminallaşmasına tərəfdar olduğunu bildirib. Deputat qeyd edib ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər: "Belə bir qanun yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər diffamasiya qanunu olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”.
O, Azərbaycanda internet media orqanlarının sayının çoxaldığını deyərək, bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusunun müəyyənləşməli olduğunu da vurğulayıb: “Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu, bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik, müəyyən texniki məsələlər var. Tutaq ki, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və s. məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək. Bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə KİV nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”.
Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu vacib sayıb.
Payız sessiyasının işlər planı təsdiqlənib
Deputat Əli Məsimli təklif edib ki, “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlanmalıdır. O bildirib ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər: “Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”.
Ə.Məsimli çıxışında “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulunun labüdlüyündən danışıb: “Bu qanunun qəbulu minlərlə insanın ailə büdcəsinə təsir göstərəcək. Həmçinin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək”.
Spiker Oqtay Əsədov qeyd edib ki, belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb: “Hər dəfə məsələni qaldırırsınız, amma qanin layihəsi bizə gəlib çıxmayıb. Göndərin, gəlsin”.
Müzakirələrdən sonra payız sessiyasının işlər planı təsdiqlənib. İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri daxildir.