Türkmənbaşının aşpazı olmuş qadın Kürdəmirdə daxmada yaşayır

Təsəvvür eləyin, 54 yaşlı oğlumun hələ də şəxsiyyət vəsiqəsi yoxdu.

Source: meydan tv


Xatun Qurbanova deyir ki, oğlu öləndən sonra gəlini onu evindən qovub

29 illik ayrılıqdan sonra Azərbaycana qayıdan Xatın Qurbanovanın Kürdəmirin Atakişili kəndindəki evini əlindən alıblar. İndi ruhi xəstəlikdən əziyyət çəkən oğlu ilə nəvəsinin daxmasına sığınıb.


“Məhkəmələr açıq-aşkar bazardı”

Xatın Qurbanova 2009-cu ilə qədər ailəsi ilə Türkmənistanda yaşayıb. Həyat yoldaşı hələ bu uzaq səfərə yola düşənə qədər – 1980-ci ildə rəhmətə gedib. Bunadək Atakişilidə qardaşlarının bağışladığı torpaq sahəsində ev tikməyə imkan tapıblar. Türkmənistandan qayıdandan bir müddət sonra böyük oğlu Qurban Qurbanov Ulduz adlı xanımla ailə həyatı qurub, həmin evdə yaşamağa başlayıblar. Xatın Qurbanova deyir ki, evin sənədlərini qaydasına sala bilmirdilər, çünki hələ də Türkmənistan vətəndaşıydılar. 2013-cü ildə Qurban vəfat edəndən sonra onun həyat yoldaşı əmlakı öz adına sənədləşdirərək, onları evdən çıxarıb:

“Türkmənistandan gələndən sonra heç cür evə qeydiyyata düşə bilmirdik. Azərbaycan vətəndaşlığı almağa çalışırdıq. Bütün bunlardan isə gəlin istifadə elədi. Təsəvvür edin, bizdən şikayət elədi ki, “məni Türkmənistan vətəndaşı narahat eləyir, evimdə yaşamağa imkan vermir”. Məhkəmələr də açıq-aşkar bazardı. Bu cür ədalətsizliklər nəticəsində ev-eşiksiz qaldıq”.

Xatın Qurbanova başına gələnlərə görə Atakişili bələdiyyəsi (o vaxt bələdiyyə sədri işləmiş Habil Ömərov), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini də günahlandırır.


Gəlin ərinin ölümündən 3 gün sonra torpaq davasına başlayıb

Xatın Qurbanova ilə gəlini arasında məhkəmə çəkişməsi üç ildir davam edir. Olayın mahiyyəti belədir: Xatın Qurbanovanın oğlu, mərhum Qurban Qurbanovun birinci nikahdan 1986 və 1987-ci il təvəllüdlü iki oğlu var. Qurban Qurbanov bu həyat yoldaşından 2001-ci ildə ayrılıb, 2010-cu ildə Ulduzla ailə qurub, onu Atakişili kəndində anası və başqa yaxınlarının yaşadığı evə gətirib. Üç ilə yaxın orada birlikdə yaşayandan sonra 28 fevral 2013-cü il ildə Qurban Qurbanov kəskin leykoz xəstəliyindən vəfat edib. Onun ölümündən cəmi üç gün sonra Ulduz bələdiyyəyə ərizə yazıb ki, evin yerləşdiyi və uzun illərdir ailənin yaşadığı həyətyanı torpaq sahəsi ona satılsın. Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin 29 martda verdiyi qərarla bu torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanıb. Ardınca Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınıb. Belə rəsmiləşdirilib ki, bundan sonra bələdiyyə o torpaq sahəsilə bağlı hərrac keçirib, Ulduz da 17 sentyabr 2013-cü ildə 520 manat pul verib, hərracda qayınanasıgilin yaşadığı evin yerləşdiyi 0.12 hektar torpaq sahəsini alıb. 15 gün sonra da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti o torpaq sahəsinə Ulduzun adına çıxarış verib. Bundan sonra da Ulduz mərhum həyat yoldaşının anasını evdən çıxarıb.

image_from_ios (7).jpg
Xatun Qurbanova

Xatın Qurbanova və mərhum oğlunun birinci nikahdan olan övladları Ulduzun hərəkətlərindən xəbər tutandan sonra çıxarışın qanunsuz sayılıb ləğv olunması, hərracın nəticələrinin etibarsızlığı və s. barədə şikayətlərlə məhkəmələrə müraciət etmək qərarına gəlib. Kürdəmir Rayon Məhkəməsi hərracın nəticələrini etibarsız sayıb, Xatın Qurbanova və nəvələrinin iddiasını təmin edib. Gəlini bundan Şirvan Apelyasiya Məhkəməsinə şikayət verib və onun şikayəti təmin olunub – birinci instansiyanın qərarı ləğv edilib. Xatın Qurbanova və nəvələri bu qərardan Ali Məhkəməyə şikayət verib. Bu instansiya da Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işi təkrar araşdırmaq üçün həmin məhkəməyə göndərib. Şirvan Apelyasiya Məhkəməsi əvvəlki qərarından fərqli olaraq, bu dəfə Ulduzun şikayətini təmin etməyib – Kürdəmir Rayon Məhkəməsinin qərarı (onun hərracda qalib torpağı alması barədə qərarın ləğvi) qüvvədə saxlanılıb.

Gəlin bu qərardan yenə Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, bir daha işi yenidən araşdırılması üçün həmin instansiyaya qaytarıb. Şirvan Apelyasiya Məhkəməsi gəlinin xeyrinə qərar çıxarıb – Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ləğv olunub.

Xatın Qurbanova deyir ki, indi pulu da yoxdur ki, vəkil tutub yenidən Ali Məhkəməyə şikayət versin.

image_from_ios (8).jpg
Qurbanovların qeydiyyata düşə bilmədiyi


“Bu yaşımda gedib kimin qapısında qalım?”

Qadın danışır ki, Atakişili kəndindəki mübahisəli ev də artıq yararsız vəziyyətdədir, ora qayıda bilsə belə, yaşamaq mümkün deyil, çünki yanıb. Təqaüdçü qadın düşünür ki, oranı qəsdən yandırıblar. İndi Xatın Qurbanova ruhi xəstə olan ikinci oğlu Abidlə nəvəsinin Kürdəmirdəki daxmasına pənah gətirib:

“Bunu uşaq Azərbaycandan köçüb gedən bir rusdan almışdı. Gördü küçədə qalmışıq, bizə verdi. Birtəhər yaşayırıq”.

Xatın Qurbanova deyir ki, nəvəsinin yaratdığı imkandan həmişə istifadə edə bilməyəcəklər. Çünki onun da planları, həyatı var. Amma xəstə oğlu ilə gedəcəyi yer də yoxdur. Çox çarəsiz vəziyyətdədirlər. “Heç burda da rahat deyilik. Tarakan doludur, çox köhnə evdi. O evi necə zülmlə tikmişdim. Bu yaşımda gedib kimin qapısında qalım?”, – qadın ritorik sualla fikrini bitirir.

Meydan TV məsələ ilə bağlı Ulduz Qurbanovanın münasibətini öyrənə bilməyib. O, Kürdəmir Rayon Məhkəməsinə izahatında göstərib ki, Atakişili kəndindəki ev onun mərhum həyat yoldaşı Qurbanın adına qeydə alınıb. Amma evin altındakı 0,12 hektar torpaq sahəsi Kürdəmir Rayon Atakişili Bələdiyyəsinin mülkiyyətində olub:

"Hərrac keçirilib, həmin hərrac nəticəsində də Atakişili Bələdiyyəsi ilə mənim aramda notariat kontorunda alqı-satqı müqaviəsi bağlanıb, həmin torpaq sahəsini almışam. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mənə çıxarış verib“.

image_from_ios (4).jpg
Xatun nənə 54 yaşlı şəxsiyyət vəsiqəsi ala bilməyən oğlu


“54 yaşlı oğlumun hələ də şəxsiyyət vəsiqəsi yoxdu”

Xatın Qurbanova danışır ki, Türkmənistanda pis dolanmırmış. Barama fabrikində işləyirmiş. Hətta bir müddət keçmiş prezident Saparmurad Niyazovun aşpazı olub. Amma Niyazovdan sonra vəziyyət ağırlaşıb. Azərbaycana böyük ümidlərlə qayıdıblar. Amma burada da rahatlıq tapmayıblar.

“Problemlərin içində boğuluruq. Təsəvvür eləyin, 54 yaşlı oğlumun hələ də şəxsiyyət vəsiqəsi yoxdu. Ev yananda bütün sənədləri məhv olub, pul yoxdu deyə, düzəltdirə bilmirik. Heç olmasa, pensiya alardı. Çox pis dolanırıq. Evə cəmi 160 manat gəlir. İki ildi pensiya alıram. Qızlarım kömək eləməsə, acından ölərik”, – Xatın Qurbanova deyir.

Təqaüdçü qadın narahatdır ki, ömrünün sonuna az qalıb, xəstə oğlunun gələcəkdə sığınacağı evi yoxdur.

Ana səhifəBölgəTürkmənbaşının aşpazı olmuş qadın Kürdəmirdə daxmada yaşayır