Şabran sakini yerli məhkəmədən də şikayətçidir
Şabran sakini Elmar Qasımovun problemi var. Deyir, məhkəmə sədri onun torpağını zəbt edən vətəndaşın xeyrinə qərar çıxarıb.
E.Qasımov Şabranın Babək küçəsi, 26-cı məhəlləsində yaşayır. Bildirir ki, ona məxsus 1 sot torpaq sahəsi qonşusu Məmmədağa Hacıyev tərəfindən tutulub. O, qonşusundan dəfələrlə ona məxsus sahəni boşaltmasını xahiş etsə də, xeyri olmayıb:
“Hər dəfəsində mənim haqlı tələbimi kobudluqla qarşıladı. O, ərazinin mənə məxsus olması ilə razılaşmadı. Ərazinin ona məxsus olduğunu söylədi. Sonda da “get, kimə istəyirsən şikayət et” – dedi”.
E.Qasımov deyir ki, sonda məcbur qalıb məhkəməyə müraciət edib:
“Onun mənim torpağımı açıq-aşkar zəbt etdiyi görünsə də, bununla bağlı rəsmi sənəd-sübut olsa da, Şabran Rayon Məhkəməsinin sədri, hakim Çingiz İsgəndərov, qanunu pozanın xeyrinə qətnamə çıxardı. Mən həm qonşumdan, həm də hakim Çingiz İsgəndərovdan şikayətçiyəm”.
Şikayətçi deyir ki, Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev tərəfindən məhkəməyə təqdim olunması üçün Elmar Qasımova arayış da verilib. Həmin arayışda göstərilir ki, 2013 –cü il tarixli, 02 saylı iclas protokoluna əsasən, Elmar Qasımova 5 sot həyətyanı torpaq sahəsi satılıb. Lakin həmin sahənin 100 m² -i, yəni 1 sotu qonşu Məmmədağa Hacıyev tərəfindən tutulub:
“Mənim sahəmin qonşum tərəfindən zəbt olunması rəsmən təsdiq olunub. Amma görünür, bu rəsmi sənəd hakim üçün əsas deyil”.
Qanunsuzluqla üzləşdiyini söyləyən Elmar Qasımov deyir ki, o, 2013-ci ildə qanuni şəkildə 500 manat rüsum köçürüb və Şabran Bələdiyyəsindən 5 sot torpaq sahəsi alıb:
“Özü də əvvəllər bu ərazi boş sahə olub. Hamıya bu ərazidə 5 (20×25 metr) sot sahə verilib. Maddi imkanım olmadığından sahəmdə evi yavaş-yavaş, imkan düşdükcə tikirdim. Amma elə burada yaşayırdım. Atam əməliyyat olunduğundan bir müddət başım onun müalicəsinə qarışdı. Demək olar, 2017-ci ildə evi hazır etmişdim. Yaşayış üçün 1 otaq tam hazır olandan sonra, 2019-cu ildə tikdiyim evə köçdüm. Bu yaxınlarda hasar çəkməyə başlayanda məlum oldu ki qonşum mənim sahəmə girib. Usta təməli qazanda dedi ki, sənin sahən ölçü ilə düz gəlmir. 1 sot azdır. Daha doğrusu, heç 4 sota da çatmır”.
Elmar Qasımov bundan sonra bələdiyyədən nümayəndə çağırıb. Onlar da xəritə ilə ölçüblər və deyiblər ki, qonşusu həqiqətən onun sahəsinə girib:
“Bunu bələdiyyə sədri, onun müavini İmran da dəfələrlə təsdiq edib. Torpaq sahəsinin planı, miqyası dəqiq göstərilib və asanca bilinir ki, kimin sahəsi haracandır. Di gəl ki, məhkəmə iddiamı təmin etmədi. Torpağımı zəbt etmiş qonşumun xeyrinə qərar çıxardı. Bu ölkədə məhkəmədən üstün nə var? Mən indi nə edim, kimə şikayət edim bilmirəm”.
Elmar Qasımov bildirir ki, topaq sahəsinin ona məxsus olması, alqı-satqı ilə Şabran Rayon Bələdiyyəsindən alınmasına dair, icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin icazəsi və sairə bütün müvafiq sənədləri var. Ödədiyi qəbzləri də saxlayır. Ancaq faydası yoxdur:
“Şabran Rayon Məhkəməsində mayda başlayan məhkəmə prosesindən 4 məhkəmə iclası olub. Məhkəmə iclaslarının hamısında hakim Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov olub. Məhkəmə katibi isə Aydın olub. Birinci məhkəmə iclası tanışlıq xarakerli idi, ikincidə hakim dedi ki, sənədlərdən heç nə başa düşməyib. 3-cüdə məsələ araşdırıldı, bələdiyyə sədri xəritədə hər şeyi aydın göstərdi. 4-cü məhkəmə iclası heç 5 dəqiqə çəkmədi və hakim qarşı tərəfin xeyrinə qərar çıxardı. Hakim son məhkəmədə dedi ki, “sənin “kupçan yoxdur deyə iddian təmin olunmur”. Sanki Məmmədağa Hacıyevin tikdirdiyi tövlənin ərazisi qanunidir. Mənim qaldırdığım iddia ilə bağlı hakimə etiraz ərizəsi yazan Məmmədağa Hacıyev sübut etməyə çalışıb ki, həmin sahə ona məxsusdur. Amma buna heç bir sübut gətirə bilməyib, lakin bu, hakimin onun xeyrinə qərar çıxarmasına mane olmayıb”.
Vətəndaş əlavə edir ki, 2012-ci ildən bu ərazidə verilən torpaq sahələrinə görə heç kimə çıxarış sənədi verilməyib. Bunun da səbəbi bələdiyyənin dediyinə görə, onların kadastra düşməməsidir. Amma bununla belə verilən sənədlər tam qanunidir:
“Heç kim gəlib deyə bilməz ki, bu evlər qanunsuz tiklib. Hər şey qanuni əsasladır, sadəcə olaraq bu evlər hələ satıla bilməz. Bələdiyyə sədri deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri bu məsələni Milli Məclisdə qaldırılmalıdır. Məsələ müsbət həllini tapsa, hamı mənzilinə çıxarış ala biləcək. İndiki halda hamı eyni vəziyyətdədir. Hakim mənə qarşı ədalətsizlik etdi”.
Elmar Qasımov deyir ki, qərarı qanunsuz və ədalətsiz hesab etdiyindən onunla razılaşmayıb və imzalamayıb. Vətəndaş qərarı əlinə alandan sonra apelyasiya şikayəti verməyi düşünür.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Şabran Rayon Məhkəməsi ilə əlaqə saxlayıb. Məhkəmədən bu barədə açıqlama verə bilməyəcəklərini söyləyiblər:
“Vətəndaş hansısa bir qərardan narazıdırsa, buyurub apelyasiya şikayəti verə bilər. Qayda belədir, daha biz durub verilən qərarlar barədə açıqlama verə bilmərik”.
Şabran Rayon İcra Hakimiyyətindən də bildirilib ki, məhkəmənin qərarları barədə danışa bilməzlər. Torpaq sahəsi ilə bağlı nəsə mübahisə varsa, vətəndaş müraciət etsin, sənəd alsın və bu sənədlə məhkəməyə müraciət etsin:
“Bizim əlimizdən ancaq bu gələ bilər. Sənəd baxımından yardım göstərmək, vəssəlam. Məhkəmənin verdiyi qərar barədə nəsə deyə bilmərik”.
Meydan TV məsələ ilə bağlı Məmmədağa Hacıyevin münasibətini öyrənə bilməyib.