”Hökumətdən bir manat gəlirimiz yoxdur”

Orada işləyənlərin hamısı rüşvətxorluqla məşğuldur.

Source: meydan.tv


Şamaxı sakinləri sosial yardım ala bilmədiklərindən gileylənirlər

Şamaxı sakinləri narazılıq edir. Şikayətləri də odur ki, yerli dövlət qurumları onların problemlərini görməzlikdən gəlir. Əzizə Eyyubova Meydan TV-yə bildirir ki, zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşüb.

Bununla bağlı dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Dəfələrlə icrada olmuşam, amma bir dəfə də olsun başçını görməmişəm ki, dərdimi deyim. Şikayətçiləri görən kimi icranın adamları qaçıb gedirlər. Sosial problemi olan ailələri qəbul etməkdən yayınırlar, dərdini deməyə adam da tapmırsan. On yeddi ildir, altı yetim saxlayıram, bir oğlum, beş qızım var. İşləmirəm, bir yerdən gəlirim yoxdur. Qohum-əqrəba köməklik edib, qızlarımı birtəhər, əzab-əziyyətlə gəlin köçürmüşəm. Evim zəlzələdən zərər görüb. Bir dəfə baxış keçiriblər, deyiblər ki, düzələcək. Amma o gedən-gediblər. Divarlar aralanıb, daşların arasından evə kərtənkələ girir. Uşağın üzünü yatdığı yerdə qurd dişləyib, sifəti şişib, nə boyda olmuşdu. Bu vaxta kimi kiminsə üstünə getməmişəm, şikayət etməmişəm ki, mən acından ölürəm. Amma indi imkanım yoxdur. Uşağım xəstə canıyla gedib, daş qaldırır, beş-on manat pul gətirir, mən də qazpulu, işıqpulu verirəm. Ancaq qarnımızı dolandıra bilirik, iki yüz manata qədər qaza borcum var, vallah, verə bilmirik. Hökumətdən bir manat gəlirimiz yoxdur. Burada uzunqulaq yaşamır, insan yaşayır. Prezident vəsait ayırıb, siz də gəlin, bu camaatın qeydinə qalın. Nə evlərin tikintisinə baxan var, nə də digər problemlərə. Çox xahiş edirəm, aidiyyatı orqanlar evimin tikintisi ilə maraqlansınlar”.

Şamaxı sakini Telman Camalov isə ünvanlı sosial yardım ala bilməməsindən giley-güzar edir. İddiasına görə, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində ona süni maneələr yaradılır:

image_from_ios (1).png
Telman Camalov

“Orada işləyənlərin hamısı rüşvətxorluqla məşğuldur. Kimin pulu varsa, ona ünvanlı sosial yardım düzəldirlər. Pulu olmayanı isə adam hesab etmirlər. Oğlum evlidir, iki övladı var. Ailəsi ilə birgə mənim evimdə yaşayır. Hazırda evdə doqquz nəfərdən ibarət böyük bir ailəyik. Fondun rayon şöbəsində mənə deyirlər ki, sənə sosial yardım düşmür. Deyir ki, gərək oğlunun ayrı evi ola. Əgər mən oğluma ev tikə, yaxud kirayəyə çıxara bilmirəmsə, onu necə ayrı evə sala bilərəm? Oğlum ayda iki yüz manat maaş alır. Bu pulla nəfərlik ailəni saxlamaq olar? 57 yaşım var, hara iş axtarmağa gedirəm, mənə deyirlər ki, sənin müddətin keçib, işləyə bilməzsən. Yaxşı, mən işləyə bilmirəm. Oğlum da mənim evimdə yaşayır. Biz neyləməliyik? Torpaq ala bilmirik, ev tikə bilmirik. Bəs mən yazıq neyləyim? Gəlib, özləri baxsınlar ki, doqquz nəfər adam bir evdə hansı şəraitdə yaşayır. Bunlar camaata düşmən kəsiliblər, acından öldürürlər”.

Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsindən Meydan TV-yə bildirilib ki, Telman Camalov ünvanlı sosial yardım almaq üçün müraciət edən zaman ailə üzvlərinin sayını düzgün qeyd etməyib:

“Ünvanlı sosial yardım haqqında qaydalara əsasən, vətəndaşa bildirilib ki, iki ailə bir yerdə yaşayırsa, yardım almaq üçün ayrı-ayrılıqda deyil, birlikdə müraciət etmək lazımdır. Telman Camalovun ailəsində övlad valideynləri ilə birgə yaşasa da, ünvanlı sosial yardım üçün ayrı-ayrı müraciət etmək istəyirlər. Qayda budur, iki ailə bir yerdə yaşayırsa, birgə müraciət etməlidir ki, ümumi təyinat verilsin”.

Şamaxı Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsindən Meydan TV-yə bildirilib ki, təmirə yazılan evlərə ikinci dəfə baxış keçirilib, təkrar qiymətləndirilmə aparılacaq:

“Hazırda Fövqəladə Hallar Nazirliyinin Komissiyası, onlarla birgə işləyən tikinti şirkətləri, həmçinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşları buradadır. Onlar qəzalı olan bütün evlərə bir-bir baxış keçirirlər. Hazırda 170-dən yuxarı müəmmalı problemi olan evlər var. Yəni həmin evlərə təmir yazılıb. Təkrar baxış keçirildikdən sonra dəqiqləşdiriləcək. Məsələn, ev təmirə yaramır, çünki daha çox maliyyə vəsaiti ayrılmalıdır. Təmir bərpa ilə əvəz olunacaq. Həmçinin bərpa yazılan evlər var ki, yüksək maliyyəyə başa gəldiyinə görə onu dəyişdirib, qəzalı ev kimi qeydiyyata alacaqlar. Bunlar hamısı qeyri-şərtsiz həyata keçiriləcək. Əzizə Eyyubovaya tövsiyə edirik ki, İH-nə yaxınlaşıb, siyahısının nə yerdə olmağı ilə maraqlansın”.

Ana səhifəBölgə”Hökumətdən bir manat gəlirimiz yoxdur”