O, 2022 Dünya Kubokununun Qatara verilməsi ilə bağlı mübahisəli səsverməyə görə saxlanılıb
Keçmiş UEFA prezidenti Mişel Platini (Michel Platini) 2022 Dünya Kubokununun Qatara verilməsi ilə bağlı mübahisəli səsverməyə görə həbs edilib, – “Telegraph” xəbər verir.
Platini fransız polislər tərəfindən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (OCLCIFF) başlatdığı istintaq çərçivəsində nəzarətə alınıb.
63 yaşlı Platinin həbsi onun keçmiş Asiya futbolu rəsmisi Məhəmməd Bin Hammamla səsvermədən öncə görüşməsiylə bağlı “Daily Telegraph”-ın xəbərindən 5 il sonra baş tutub.
Platini 2007-ci ilin yanvarından etibarən Avropa futbolunun başında dayanıb. O, mərhum Lenart Yohansonu (Lennart Johansson) əvəz edib. Lakin 2015-ci ildə ona futbolla məşğul olmaq üçün altı il müddətinə qadağa qoyulduqdan sonra vəzifəsindən ayrılıb.
Platini Parisin Qərb bölgəsi olan Nanterdə (Nanterre) çərşənbə günü, səhər saatlarında həbs edilib. Onun FİFA-nın Etik Heyəti tərəfindən tətbiq edilmiş qadağası bu ilin mart ayında başa çatıb, lakin korrupsiyaya qarşı mübarizə aparan müstəntiqlər Qatarın növbəti Dünya Kubokuna ev sahibliyi haqqını necə qazandığını araşdırır.
2022 Dünya Kubokuna ev sahibliyi etmək üçün bir neçə millət, o cümlədən Cənubi Koreya, Amerika, Avstraliya və Yaponiya 2010-cu ildə rəqabət aparıblar və bu haqqı mübahisəli şəkildə Qatar qazanıb. Rusiya da 2018-ci ildə keçirilmiş Dünya Kubokunun ev sahibi olaraq elan edilmişdi.
Platiniyə yaxın olan qaynaq deyib ki, o, İsveçrədəki bir oteldə səhər yeməyi üçün Qatar futbol rəsmisi ilə görüşüb. İkili FİFA üçün qərar vermə komitəsində söz sahibləri olaraq əvvəllər də 30-50 dəfə görüşüblər. Bununla belə, mənbə qeyd edib ki, 2018 və ya 2022 Dünya Kuboklarına ev sahibliyi edən ölkələrin təyinatı zamanı Platini bu ölkələrin dövlət başçıları ilə görüşməyib. Rusiya Prezidenti Vladimir Putin Platini görüşə dəvət etmişdi, amma Platini görüşü qəbul etməmişdi.
“Telegraph”-a yazdığı məktubda Platini deyib ki, o, bu xəbəri təəccüblə qarşılayıb və əlavə edib: "FİFA İcraiyyə Komitəsinin bir üzvü ilə söhbət axı niyə birdən dövlətin mühüm məsələsi halına çevrilib?
2002-ci ildən bəri ikimiz də FİFA İcraiyyə Komitəsinin üzvü olmuşuq və təbii olaraq 2010-cu ildə Məhəmməd Bin Hammamla bir neçə dəfə görüşmüşəm. Bu görüşlər zamanı müzakirə mövzusu mənim FİFA prezidentliyinə potensial namizəd olmağım olub. Bin Hammam həqiqətən məni 2011 FİFA prezident seçkilərində namizəd olmağa razı salmağa çalışıb," – Platini məktubunda deyib.
Səsvermədən bir il sonra Qatar dövlətinə məxsus “Qatar Sports Investments Paris Saint-Germain”-i satın alıb. Platininin oğlu Lorent (Laurent) Qatarın sahiblik etdiyi idman şirkəti “Burrda”nın başçısı olub. Platini həmişə oğlunun vəzifəsinin onun səsi ilə bağlı olmadığını deyib.