”Talassemiyalı övladım betonun üstündə yatır”

İlk növbədə qan qohumluğunun və talassemiya daşıyıcısı olan tərəflərin nikahlarına son qoyulmalıdır.

Source: meydan.tv


Yevlaxda şəraitsiz evdə yaşayan, müalicə oluna bilməyən ailə şikayətçidir

Orxan Məmmədov Yevlax sakinidir. 35 yaşı var. Talassemiyadan əziyyət çəkir. Xəstəliyinə görə 1-ci qrup əlildir. Ailəsində eyni xəstəlikdən əziyyət çəkən daha bir nəfər var – böyük övladı – 5-ci sinifdə oxuyan Qaragöz…

Orxan Məmmədov Meydan TV-yə ailə durumundan danışır. Deyir, bu ailə təkcə ağır xəstəliklərdən yox, həm də aclıqdan, səfalətdən əziyyət çəkir.


“Verdikləri 30 manat heç dərmanların yarısına çatmadı”

“Hər 21 günün tamamında qızıma qan köçürülməlidir. İmkansızlıqdan Bakıya apara bilmirəm. Uzun müddət rayon icra hakimiyyətinə gedib-gəldim. Dedim, işığın, qazın borcunu ödəyə bilmirəm, heç olmasa ödənişlərə kömək eləsinlər, xəstə uşaq qaranlıqda, soyuqda qalmasın. 7 ay əvvəl adıma “Kapital bank”da kart açdırdılar, dedilər, ayda 30 manat keçirəcəyik, gedib götürərsən, işığa, qaza borcunu ödəyərsən, 7 ayda üst-üstə cəmi 90 manat pul köçdü o karta… O da belə köçdü ki, hər dəfə azı on dəfə gedib-gəlirdim, yadlarına salırdım. Axırıncı dəfə də iki gün əvvəl qonşu getdi, mənim əvəzimdən xahiş elədi ki, uşağa dərman alınmalıdı, 30 manat keçirtdilər. Apardım verdim aptekə, dərmanların heç yarısını ala bilmədim. İcra hakimiyyəti deyir, bizdə sənin üçün pul yoxdur. Biz ancaq yol çəkirik, bina tikirik…”

Məmmədovların mənzili də yaşamaq üçün yararsızdır. Ailə başçısı deyir, bütün qışı soyuq, beton döşəmənin üstündə yatıblar, evin tavanından su damır, yağış suları evin içinə dolur. Divarlar nəmişlikdən göyərib:

“Kiçik uşağım Muhammedin 4 yaşı var. Ailədə bir az sağlam olanımız odur. O da beton döşəmədə yata-yata bir gün daxili orqanları sıradan çıxacaq. Qaragöz də dediyim kimi, talassemiyadan əziyyət çəkir, bütün qışı uşağın əl-ayağı buz kimi olur, bütün bədəni ağrıyır. Qan da vaxtında vurulmayanda halı lap pisləşir”.


“Mehriban xanıma, Leyla xanıma yazırdım, şərləyib həbs etdilər”

Orxan Məmmədov deyir, talassemiyadan əziyyət çəkdiyi halda, 3 il əvvəl onu şərləyərək həbsə də atıblar:

“Mehriban xanıma, İlham müəllimə, Leyla xanıma yazırdım… Yazırdım ki, axı necə olur, o boyda Talassemiya Mərkəzi açırsınız, gecə-gündüz talassemiyalı xəstələrə diqqətdən, qayğıdan danışırsız, özünüzü reklam edirsiniz, ancaq bir ailədə iki talassemiyalı xəstə can verir, ölür, dərmanını da öz cibindən alır, sizə müraciətlərinə cavab vermirsiz… Axırda gətirib qapımın qarşısına oğurluq mal atdılar, 2016-cı ilin yanvarında şərləyib həbs elədilər. Bilə-bilə ki, şərdir, böhtandır, məhkəmə mənə 4 il, 10 ay, 5 gün cəza kəsdi. Dedi, əlimdən heç nə gəlmir, səni açıb buraxsam, talassemiyalı xəstəni heç nədən həbsdə saxladığı üçün gərək müstəntiqi tutub içəri atsınlar. Həbsdə olduğum müddətdə anamın döymədiyi qapı, yazmadığı qurum qalmadı, məni əfv etmək üçün anamdan pul istədilər. Sonra baxdım ki, heç bir məhbusu elə-belə əfv eləmirlər, əfvə bir-iki ay qalmış gəlib ərizlərin üstündə pulları da yığıb gedirlər. Pul verənlər çıxır, pul verməyənlər içəridə qalır. Anama dedim, daha heç yerə müraciət eləmə, boş yerə əziyyət çəkmə…”

Orxan Məmmədov 2 il 8 ay həbsdə qaldıqdan sonra məhkəməyə müraciət edib:

“Vəziyyətim tam ağırlaşanda, ölümcül halda olanda həbsxana rəisi dedi, ölüb üstümüzdə qalacaqsan, Xəzər Rayon Məhkəməsinə bir ərizə yaz… Hakim dəhşətə gəlmişdi, həbsxananın öz nümayəndəsinin yanında dedi: “Bunlar nə qədər qansızdır, bu maddəylə belə xəstəyə ən yüksək hədd cəza kəsiblər, indiyədək ağır vəziyyətdə həbsdə saxlayıblar. Beləcə, məni 2 il 8 ay həbsdə saxlayandan sonra, ötən ilin avqustunda məhkəmə qərarı ilə xəstəliyimə görə vaxtından əvvəl azadlığa buraxıldım. Deməyim odur ki, bunlarda insaf, ədalət deyilən şey yoxdur, yaşamaq haqqını tələb edən talassemiya xəstəsini də şərləyib tuta bilirlər”.

image_from_ios (6).jpg
Orxan Məmmədov övladlarıyla


“Qanköçürmə İnstitutu açıq bazardı…”

Orxan Məmmədov deyir, Qanköçürmə İnstitutunda xidmət rəsmən pulsuz, faktiki isə pulludur:

“Mənim aldığım 191 manat pensiya heç yeməyimizə çatmır. Dərmanlarımı apteklərdən nisyə alıram. Biz qanı kənardan vurulan adamlarıq. İmmunitetimiz aşağı olur, bir az ac qalanda bədənimiz sanki tökülür, bizə kalorili qidalar lazımdır, ancaq aylarla ət, meyvə yeyə bilmirik. Anam qızımı 21 gündənbir Bakıya – Qanköçürmə İnstitutuna qan vurdurmağa aparıb-gətirir. Mən özüm də tez-tez həmin xəstəxanada yatıram. Bizim yol xərcimiz anamın pensiyası ilə ödənilir. Mən o xəstəxanada hər dəfə azı 23-25 gün qalıram. Qanköçürmə İnstitutu açıq bazardır. O xəstəxanada az qala aldığımız nəfəs də pulludur. Açılıb-bağlanan çarpayınn gününə 2 manat alırlar. Sistemlər vurulanda dərmanlarına, şlanqına kimi cibimizdən alırıq. Elə ki, deyirsən, Mehriban Əliyevaya şikayət edəcəm, qlükoza, natrium-xlorid filan verirlər, qan vurulması üçün şlanqı da özümüzə aldırırlar. Əvvəllər “Esonsial” dərman preparatı verərdilər, ciyəri qaydasında saxlamaq üçündür. İndi onu da özümüzə aldırırlar. Laboratoriyaya pul, tibb bacısına pul… Adam bilmir hansını desin…”


“İcra hakimiyyətlərində maddi yardım büdcəsi olmur”

Yevlax Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumda vətəndaşlara maddi dəstək göstərmək üçün büdcə yoxdur. Orxan Məmmədov sosial durumu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, müalicəylə bağlı isə Səhiyyə Nazirliyinə müraciət etməlidir:

“Ən pisi odur ki, vətəndaşlar rayon icra hakimiyyətinin vəzifəsinə daxil olanları bilmirlər və dinləmək də istəmirlər. Vətəndaşlara hansı məsələdən ötrü hansı quruma müraciət etmək lazımdır deyə, başa salırsan, iki ayağını bir başmağa dirəyir ki, gəl işıqpulumu ödə, qazpulumu ödə, dərmanlarımı al, çörəyimi ver, iş ver… İş, müalicə, sosial yardım üçün müraciət etməyə ayrıca qurumlar var, vətəndaşlar icra hakimiyyətindən başqa qapı tanımırlar. O vətəndaşa imkan daxilində yardım olunub, hərçənd ki, bu, bizim qurumun vəzifəsi deyildi. Sadəcə, qış mövsümü bitincə işıq, qaz pulunu ödəmək üçün ona bank hesabı açdıq, əvvəldən də dedik ki, bu, müvəqqəti köməkdir, mart ayında bitəcək və bitdi. Bundan sonra əlaqadar qurumlara müraciət etsin”.

Hemotologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutundan bildirilib ki, tibbi xidmət müqabilində pasiyentlərdən pul alınması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil:

“Bütün dərman preparatları və qan köçürülməsi üçün ləvazimatlar dövlət tərəfindən qarşılanır, hansısa tibb bacısı həmin xəstədən buna görə pul tələb edirsə, həmin xəstə baş həkimə müraciət eləsin”.

Dövlət Proqramının icra müddəti bitir, xəstələrin sayı azalmır

Talassemiya irsi qan xəstəliyidir. Azərbaycanda hər il ortalama 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə talassemiyalı xəstələrin sayı 2000-dən çoxdur.

image_from_ios (7).jpg
ev

Azərbaycanda xəstəliyin qarşısının alınması məqsədilə 4 il əvvəl 2015-2020-ci illər üçün qəbul olunmuş üçüncü Dövlət Proqramı qəbul edilib. Bu Proqram talassemiyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatına yönəldilib. Səhiyyə Nazirliyinin saytında deyilir ki, belə xəstələrin normal həyat fəaliyyəti təmin olunub, əlillik və ölüm halları azalıb. Gerçəklik isə nazirliyin saytında yazılanlarla uyğun gəlmir. Bu xəstəliklə qeydiyyata düşənlərin sayı ilbəil artır. 4 il əvvəl qəbul olunmuş və başa çatmasına ikicə il qalmış Proqram əsasən, tibbi yardımın daha da təkmilləşdirilməsi və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəldilsə də, gözlənilən nəticə əldə olunmayıb. Talassemiyalı uşaqlar əsasən qohum nikahlara üstünlük verilən Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında rast gəlinir. Mütəxəssislər hesab edir ki, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların talassemiya xəstəsi olması ehtimalı daha çoxdur. Azərbaycanda qohum nikahlara qadağa qoyulmasa da, 4 il əvvəl Ailə Məcəlləsinə edilən dəyişikliklərə görə, bu nikahlar rəsmiləşməmişdən tərəflər məcburi şəkildə talassemiya və digər ağır xəstəliklər barədə tibbi arayış təqdim etməlidir. Mütəxəssislər hesab edirlər ki, bu xəstəliyin qarşısını nə ən müasir tibbi aparatlarla təchiz olunmuş Talassemiya Mərkəzi tikməklə, nə də başqa vasitələrlə almaq mümkündür. İlk növbədə qan qohumluğunun və talassemiya daşıyıcısı olan tərəflərin nikahlarına son qoyulmalıdır.

Ana səhifəBölgə”Talassemiyalı övladım betonun üstündə yatır”