Sumqayıt yarmarkasından şikayət var

Bu yarmarkaların təşkil edilməsində məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımını əngəlləməkdir

Source: meydan tv


''Necə olur ki, şərait, tıxac, gigiyena adı ilə yarmarka bağlanır, amma ondan da betər pis gündə yarmarka açılır?''

“Sumqayıtda açılan yeni yarmarka əvvəlkindən də betər gündədir. Əvvəla, yarmarka deyil, adi bazardır. Sadəcə adını elə qoyublar. İkincisi də, yüksək məbləğdə yerpulu toplanır, bezmişik, təngə gəlmişik, ödəyə bilmirik”.

Sumqayıt yarmarkasında çalışanlar Meydan TV-yə belə deyiblər. Bildiriblər ki, illərdir Azərbaycanda yarmarkalar ənənə halını alıb. Bakıda da bir çox yerdə təşkil edilir:

“Bu yarmarkaların təşkil edilməsində məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımını əngəlləməkdir. Ən əsası da aztəminatlı insanların ucuz məhsul almasına imkan yaratmaqdır. Təəssüflər olsun ki, Azərbaycan yaxşı məqsəd üçün keçirilməyə başlayan bu yarmarkalar çoxlu sayda neqativ hallarla müşayiət olunur. Bunun ən eybəcəri də Sumqayıtda keçirilən yarmarkada özünü göstərir”.

img_20190331_094711.jpg
yarmarka

Şikayətçilər bildirirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin satış yarmarkası Sumqayıtda 2015-ci ildən açılıb. Qanunla kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər:

“Başlayaq ondan ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə icra haimiyyəti tərəfindən Sumqayıtda keçirilən yarmarka geniş mənada yarmarka anlamına heç cür uyğun gəlmir. Burada yarmakadan əsər -əlamət yoxdur. Daha çox orta əsrlərin köçəri bazarına bənzəyir. Əvvəl Sumqayıtda yarmarka keçmiş trolleybus parkının yerində, 40-cı məhəllədə fəaliyyət göstərib. Sonra yarmarkada antisanitariya mühitinin hökm sürməsi əsas gətirilərək 12-ci mikrorayon ərazisinə köçürüldü. Amma qeyri-rəsmi səbəb kimi yarmarkanın ona nəzarət edən məmurun əlindən alınıb, o zaman – 2015-ci lin sentyabrında təyin olunan icra başçısı Zakir Fərəcovun nəzarətinə keçməsi göstərilir”.

Şikayətçilər deyirlər ki, 12-ci mikrorayon ərazisinə keçən yarmarkanın durumu heç də yaxşı olmadı. Keçən ilin noyabrında, dəmiryol vağzalı yaxınlığında, 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verildi. Buna rəsmi səbəb kimi yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərildi:

img_20190427_081128.jpg
yarmarka

“Rəsmi məlumatda bildirilirdi ki, ərazidə yaşayan sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış poblemin aradan qaldırılması üçün bu addımı atıb. Halbuki ölkə mətbuatında Sumqayıt yarmarkası haqda dəfələrlə tənqidlər, bu yarmarkada- antisanitariya şəraitinin, xaosun hökm sürməsi haqda fikirlər səslənib ki, bunların əksəriyyəti öz təsdiqini tapıb, amma nə yerli icra hakimiyyəti, nə də müvafiq dövlət orqanları bu yarmarka ilə bağlı uzun müddət heç bir tədbir görməyib. Dövlətin qoyduğu qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmamalıdır. Yarmarkalarda satıcılardan heç bir yerpulu yığılmamalıdır. Amma bu yarmarkada haqq vermədən mal satmaq mümkün deyil”.

Satıcılar deyirlər ki, orta hesabla böyüklüyündən asılı olaraq hər piştaxtadan şənbə-bazar 50-100, ətraf yerlərdən isə 20-50 manat arası qeyri-qanuni pul yığılır. Orada 500–dən çox insanın ticarətlə məşğul olması nəzərə alınsa, burada 2 günə 10 min manatdan çox pul toplanır:

img_20190331_095048.jpg
yarmarka

“Halbuki, Nazirlər Kabinetinin Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalarının 20-1.11 bəndində göstərilir ki, yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir. Yarmarkanın həmin ərazidə yerləşməsi isə Nazirlər Kabinetinin qaydalarını kobud pozurdu. Belə ki, yarmarka düz avtomobil yolunun ortasında və dəmiryolu vağzalının yanında fəaliyyət göstərirdi. Düşünmək olardi ki, yarmarka təzə yerə köçürüləndən sonra qanunların tələbləri icra olunacaq, yarmarka daha münasib olacaq. Ancaq məlum oldu ki, 42-ci məhəllədə şərait əvvəlkindən də pisdir. İnsafən 12-ci mikrorayonda olan yarmarka qanunsuz olsa da, orda şərait daha abırlı idi və sanitar qaydalar daha ürəkaçan idi. Necə olur ki, şərait, tıxac, gigiyena adı ilə yarmarka bağlanır, amma ondan da betər pis gündə yarmarka açılır? Üstəlik, təzə yarmarkanın yerləşdiyi yer adi açıq ərazidir. Əvvəlki yerdə heç olmasa talvar konstruksiyası var idi, satıçılar orda pis hava şəaraitində daldana bilirdi. İndikində isə satıcılar yağışın, küləyin altında qalırlar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən məsələni araşdıracaqlarını söyləyiblər. Kənd Təsərrüfatı Nazirliyinə də problemlə bağlı məlumat verilib. Onlar da araşdıracaqlarını söyləyiblər.

img_20190427_074828.jpg
yarmarka
Ana səhifəBölgəSumqayıt yarmarkasından şikayət var