Xərçəngə tutulan qadın: ”Övladıma bir şərait yaradın, ona sahib çıxın”
“Mən valideynlərimin belə istəməyib atdığı bir insanam. Analığımın, atalığımın, hətta həyat yoldaşımın məni sevməməsini anlayıram. İndi ölürəm, ancaq övladımın mənim taleyimi yaşamasını istəmirəm”.
39 yaşlı Nazilə Musayeva belə deyir. O, həm onkoloji xəstəlikdən, həm də “Hepatit C” virusundan əziyyət çəkir. Gözünün biri isə görmür. Deyir, üç ən ağır problemi olmasına baxmayaraq, dövlətdən bunlara görə bir qəpik də almır.
Analığım məndən utanırdı
Nazilə Musayevanın valideynləri uşaq vaxtı onu internat evinə qoyublar. Nazilə nə anasını, nə atasını xatırlayır. Deyir, körpə olanda onu İmişlinin Nurulu kəndindən olan bir ailə övladlığa götürüb. Ailənin uşağı olmurmuş. Naziləni götürəndən sonra onun sol gözünün anadangəlmə görmədiyini biliblər. Buna görə onu övlad kimi qəbullana bilməyiblər:
“Analığım məndən utanırdı. Deyirdi, neyləyirəm kor qızı. Həmişə “səni dünyaya gətirən belə sevməyib, istəməyib, mən niyə bağrıma basmalıyam?” – deyirdi. Heç nələrinin onlardan sonra mənə qalmasını istəmirdilər”.
Mənə paltar almırdılar, məktəbə göndərmirdilər
N.Musayeva deyir ki, heç vaxt ev-eşikdə, varda-dövlətdə gözü olmayıb. Tək ehtiyacı sevgi olub, onu da heç kimdən görməyib:
“Məni heç vaxt övlad kimi görə bilmədilər. Nökər kimi istifadə edildim. Tövlə təmizlətdirir, iş gördürürdülər, həyət süpürüb, mal-heyvanı otarırdım. Bir sözlə, ən ağır işləri mən görürdüm. Vaxtım qalanda isə gedib qonşuların işlərinə kömək edirdim. Ancaq yenə döyülürdüm, yarına bilmirdim, söyülürdüm, təhqir olunurdum. Elə olurdu ki, günlərlə yemək vermir, tövləyə həbs edirdilər. Mənə paltar almır, məktəbə göndərmirdilər. Beləcə yarıac-yarıtox böyüdüm”.
Hamiləlikdə də, övladım körpə olanda da yeməkxanalarda qab yudum, süpürgəçilik etdim
N.Musayeva deyir ki, ögey valideynləri ona baxanda yaşlı olublar. Nə də olsa, illərlə övladları olmayıb. Elə buna görə də heç nələrinin ona qalmasını istəməyiblər:
“Ömürlərinin sonuna az qalmış məni tələm-tələsik ailəli bir kişiyə 300 manat pul qarşılığında satdılar. Özümdən çox böyük idi. Əslən ucarlıydı, amma Bərdədən olan bir qadınla ailə həyatı qurmuşdu. Pulu ödədi, məni götürdü, getdik Bakıya. Bundan sonrakı həyatım da çox ağır oldu. Hamiləlikdə də, övladım körpə olanda da yeməkxanalarda qab yudum, süpürgəçilik etdim. Bununla belə, qazandığım pulu da tutub əlimdən alırdılar. Evə tanımadığım kişilərlə gəlirdi. Səsimi çıxaranda da məni tutub döyürdü. Üz-gözümdə yeri qalırdı. İşə gedəndə utandığımdan üzümü gizlədirdim”.
İşləyir, pulumu həyat yoldaşıma verirdim
Bütün bunlardan bezən Nazilə bir gün səhər tezdən uşağını da götürüb İmişliyə, ögey valideynlərinin yanına qaçıb. Onlara yalvarıb-yaxarıb ki, geri göndərməsinlər, yanlarında yaşasın. Bunun qarşılığında hər işlərini görməyə hazır olduğunu söyləyib. Ancaq faydası olmayıb, ona qulaq asmayıblar. Həyat yoldaşına zəng edib “gəl, ailəni apar”, – deyiblər.
Nazilə deyir ki, bu hadisədən sonra ögey valideynləri bir-birinin ardınca ölüblər. Ev-eşik, nələri var, hamısını atalığı qardaşı oğluna bağışlayıb:
“Mən isə yenidən Bakıda idim. Kirayə qalırdıq, yenə işləyir, pulumu həyat yoldaşıma verirdim. Bir gün mənə dedi ki, sənə Bərdədən yaxşı həkim tapmışam, aparacağam yanına. Məni də, uşağı da maşına mindirib gətirdi Bərdəyə. Küçədə dedi ki, siz burada gözləyin, siqaret alıb gəlirəm. O gedən getdi, daha onu görmədim. Qaldım tanımadığım bir rayonun küçələrində tək. Günlərlə oğlumla bərabər parklarda, skamyalarda gecələdim. Sonra yaxşı insanlar mənə kömək etdi. Sağ olsun, Xəyyam adlı şəxs mənə iş də tapdı”.
Məlum oldu ki, uşaqlığımda xərçəng yaranıb
N.Musayeva deyir ki, hardasa 1 ildən çox ayda 123 manatlıq maaş qarşılığında Bərdə küçələrini süpürüb. Amma bu pul ona və oğluna yaşamaq üçün ev tutmağa yetməyib. Odur ki, 1 ilə yaxın küçələrdə gecələyiblər:
Nə olsun rayondu, ən pis şəraitdə olan kirayə evin aylığı 150-200 manatdır. Mənim maaşım isə 123 manat idi. Mən bu pulu yeməyimizə güclə çatdırırdım. İnanın, heç normal geyimimiz də yoxdur. Elə gördüyünüz kimi, nə var əynimizdədir. Nə isə süpürgəçi işlədiyim vaxtlar küçələrdə qalmaqdan, soyuqdan məndə qadın xəstəliyi yarandı, qanaxmalarım olurdu. Ancaq mən buna məhəl qoymurdum, küçə süpürürdüm. Zamanla qanaxmalar intensivləşdi. Mənim isə həkimə getməyə pulum olmurdu. İş yerimdən 100 manat istədim. Günlərlə getdim-gəldim. Çox yalvar-yaxardan sonra verdilər. Həkimə getdim. Məlum oldu ki, uşaqlığımda xərçəng yaranıb. Həkim dedi ki, problem əvvəl belə ciddi olmayıb. Sadəcə mən üstünə düşməmişəm, aylarla xəstə vəziyyətdə işləyib, şəraitsiz yerlərdə yatmışam. Nəticədə xərçəngə çevirib. Eyni zamanda, qanımda da “Hepatit C” tapıldı”.
Həkimlər deyirlər ki, bu ildən çıxmayacağam
Bütün bunlara baxmayaraq, o, pensiya, dövlətdən hər hansı yardım almır. Daha işləyə də bilmir. Deyir, xəstəliklər o qədər üstələyib ki, ayaq üstə zorla dayanır:
“Sağ olsun, bir xeyirxah adam bizə ev tutub, kirayə haqqını özü verir, 2 aydır orada yaşayırıq. Ancaq indi də yeməyə çörək tapmırıq, axı işləmirəm. Yaxşı insanlar arada gətirib yavan çörək, nə bilim nələrsə verməsələr, bu evin içində acından ölərik. Övladım da görürsünüz, kiçikdir. Gələn il məktəbə getməlidir. Ölməsəm, sağ qalsam, məktəbə göndərəcəm. Ancaq çətin ki, sağ qalam. Həkimlər deyirlər ki, bu ildən çıxmayacağam. Yazıq balam, hiss edir. O gün deyirdi ki, ana, Allah eləməsin, sənə nəsə olsun, olsa tək qalaram, məni də sənin kimi internata verərlər, kimsəsiz olaram. Ürəyim dağlanır. Nolar, dövlət mənə kömək etsin, məni müalicə etdirsinlər. Heç nəyə görə yox, elə övladımın xatirinə bizə sahib çıxsınlar”.
Nolar, bizə sahib çıxın
Nazilə Musayeva vəziyyəti ilə bağlı dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya məktublar yazıb. Hələlik, ona kömək edən olmayıb:
“Qalmışam kimsəsiz, tək. Deyirlər e, alnına tək olmaq yazılıbsa, sənin taleyini heç nə dəyişə bilməz. Valideynlərinin istəmədiyi adamam mən. Atıblar. İndi mən durub analığımdan, atalığımdan necə inciyim ki, niyə məni sevmədiniz. Yaxud həyat yoldaşımdan nə gözləyim? Heç kimdən incimirəm. Tək istəyim var, ya mənə kömək edin, müalicə olunum, ölməyim, uşağıma sahib çıxım. Ya da övladıma bir şərait yaradın, ona sahib çıxın”.
O xanımdan xəbərsizik, ancaq kömək edərik
Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, Nazilə Musayeva adlı şəxsin vəziyyətindən xəbərsizdirlər:
“Nəsə inandırıcı deyil belə bir insanın olması. O xanıma deyin ki, sənədlərini toplayıb Bərdə Rayon Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim etsin. Biz icra hakimiyyəti olaraq onun ad və soyadını DSMF-yə deyər, onunla məşğul olmalarını tapşırarıq. Həqiqətən ağır şəraitdə yaşayırsa, öhdəsində azyaşlı varsa, işsiz və xəstədirsə, bəlkə də ona ünvanlı sosial yardım da düşər. Hər halda əlimizdən gələni edərik”.