***
17.20. Rafael Hüseynzadə hazırda Nəsimi Rayon Məhkəməsinə aparılır.
Bu barədə onun atası Füzuli Hüseynov məlumat verib.
***
17.05.Rafael Hüseynzadənin atası Füzuli Hüseynov Meydan TV-yə deyib ki, oğlu haqda hələki məlumat ala bilməyib:
“Rafaelin harada saxlanıldığını bilmirəm. Güman ki, Nəsimi Rayon Polis İdarəsində və ya 22-ci polis bölməsindədir”.
***
Bakıda gənc təkbaşına aksiya keçirdi
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında yanvarın 25-də təkbaşına aksiya keçirən Rafael Füzuli oğlu Hüseynzadə həbs edilib.
Əlində “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun, İlham Əliyev” şüarları olan plakat olub.
Aksiya zamanı Rafael Hüseynzadə deyib ki, həbs edilməsə, 8 saat ərzində burada, bu plakatla oturub, aclıq aksiyası etmək niyyətindədir.
“Müxalifətin aksiya istəyinə yox dedilər. Mən də bir gənc kimi mitinqə gedib etiraz etmək hüququmdan məhrum oldum. Odur ki, burada öz sözümü deyirəm. Mən həm siyasi məhbuslara azadlıq tələb edirəm, həm də özümə qarşı edilən haqsızlıqlara etiraz edirəm”.
Aksiyasının digər bir səbəbi kimi o, əsgərlikdə üzləşdiyi problemləri göstərib:
“Bu ölkədə çox haqsızlıqlar var. Sual edirəm, İlham Əliyevin oğlu Heydər də Bakı qeydiyyatındadır, mən də. Niyə o, Bakıda xidmət edir, mən isə ön cəbhədə? Bu, haqsızlıq, ədalətsizlikdir. Üstəlik, əsgərlikdə çox incidilmişəm, döyülmüşəm, təhqir edilmişəm. Bunlarla bağlı Müdafiə Nazirliyinə dəfələrlə zəng də etmişəm. Ancaq səsimi eşidən olmayıb”.
R.Hüseynzadə həm də ölkədə insanların günahsız yerə həbs edildiyini, bunun doğru olmadığını söyləyir:
“Hamının azad edilməsini tələb edirəm. İnsanlara bu qədər işgəncə edildiyi, ədalətsizlik olduğu bəsdir daha”.
Aksiya Rafael Hüseynzadənin planlaşdırdığı kimi 8 saat yox, 8 dəqiqə çəkib. Polis əməkdaşları avtomobili yolun kənarında saxlayıb, Rafael Hüseynzadəni zorla ona mindirib, aparıblar.
Hazırda onun hansı polis idarəsinə aparıldığı məlum deyil. Daxili İşlər Nazirliyindən hələlik, bu barədə məlumat almaq mümkün olmayıb.