“Noyabrın 7-si günorta saat 1 radələrində “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən qohumlarımı ziyarət etmək məqsədilə Azərbaycana keçdim. Sərhədçi pasportuma möhür vurduqdan sonra məni arxa otağa dəvət etdi. Onunla getdim. Otaqda 2 nəfər var idi. Biri polis serjantı idi, digəri isə növbə rəisi. Ad və soyadımı qeyd etdikdən sonra məni polisə təhvil verdilər”, – Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) sədri Mirtağı Əsədov Azərbaycanda həbs olunmasını belə xatırlayır. O, noyabrın 7-də polis tərəfindən saxlanılıb.
Hüquqlarım sadalanmadı
Dediyinə görə, əvvəlcə Qazax Rayon Polis Şöbəsinə aparılıb və müvəqqəti təcridxanaya salınıb. Bir saat orada gözlədikdən sonra isə Bakıya aparılıb. M.Əsədovun sözlərinə görə, bu zaman ona hüquqları sadalanmayıb və həbsinin səbəbi barədə məlumat verilməyib. Onu daha çox narahat edən isə həmin vaxt ailəsinə məlumat verilməsinə də əngəl törədilməsidir.
“Yalnız bir nəfər, məni maşınında aparan şəxs bu haqda məlumatlı idi. Onun da yalnız Qazax Rayon Polis Şöbəsinə aparılmağımdan xəbəri oldu. Digər heç kimə xəbər edə bilmədim”, – deyə Əsədov şikayətlənir.
O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, təzyiq altında saxta ittihama qol çəkməyə məcbur edildiyini deyir:
“Gecə saat 23 radələrində “Bandotdel”ə çatdıq. Səhər saat 8-də məni otağa çağırdılar və dindirmə başladı. Gürcüstandakı dini fəaliyyətim barədə sorğu-sual etdilər, oradakı dini qurumlar barədə maraqlandılar. Belə başa düşdüm ki, bu suallar formal idi. Hər şeyi bilirdilər. Sadəcə məni qorxutmağa çalışırdılar. Mən onlardan nəyə görə bütün bunlarla maraqlandıqlarını soruşdum. Çünki mənim Gürcüstandakı fəaliyyətim həmin ölkənin qanunvericiliyi çərçivəsindədir. Sizin ölkəyə qarşı da bir qanunsuzluq etməmişəm. Dedilər ki, xalqımızın birliyini istəyirik. Bildirdim ki, bu, sizin istəyinizdirsə, mənim də buna qarşı bir fəaliyyətim yoxdur. Mənim fəaliyyət yönüm xalqımın müəyyən haqlarını qorumaqdan, onların müdafiəsindən ibarətdir. Nə etmişiksə, Gürcüstan üçün etmişik. Bunun sizə heç bir dəxli yoxdur. Yazıb qeydlər götürdülər. Saat 4 radələrinə qədər sorğu davam etdi. Sonda isə bildirdilər ki, gedə bilmərəm. Daha sonra anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan söhbətlər etməyə, orada qalmağımı guya vacib edən gülünc səbəblər deməyə başladılar. Dedilər, səni ya narkotik alveri, ya da polisə müqavimət ittihamı ilə qeydiyyata alacağıq və burada saxlayacağıq. Daha sonra qərara gəldilər ki, polisə müqavimət maddəsi ilə qeydiyyata alsınlar. Bundan sonra məhkəməyə çıxardılar. Noyabrın 8-də məhkəmə 30 sutkalıq həbsimə qərar verdi. Həbs vaxtım da həmin gündən hesablandı. Halbuki, noyabrın 7-si saxlanılmışdım. 15 günə yaxın “Bandotdel”də qaldım. Ailəmin mənimlə əlaqə saxlamaq şansı olmadı. Bizə belə bir hüquq tanımadılar. Apelyasiya Məhkəməsinə çıxana qədər vəkilsiz qaldım. “Bandotdel” isə həmin günə qədər inkar edirdi ki, bizdə belə bir adam yoxdur. Yalnız Apelyasiya Məhkəməsindən sonra Binqədidəki təcridxanaya yolladılar”.
Sonra M.Əsədovun daha bir apelyasiya şikayətinə baxılıb və cəza müddəti 21 günə qədər azaldılaraq sərbəst buraxılıb: “Gürcüstandakı prezident seçkisindən bir gün sonra mənə dedilər ki, ikinci apelyasiya məhkəməsinə çıxacaqsan. Ayın 29-da məhkəmədə azadlığa buraxıldım. Bu müddət ərzində Gürcüstan səfirliyinin mənimlə maraqlandığını görmədim. Səfirliyin haqqı var idi ki, öz həbs olunmuş vətəndaşı ilə görüşə bilsin. Amma bir dəfə də olsun mənimlə maraqlanmadılar. Fikrimcə, bu həbs Gürcüstan hökumətinin siyasi sifarişi idi”.
Hüquqşünas Ruslan Əliyev deyir ki, saxlanılan şəxslərin hüquqlarının pozulması halı adiləşib:
“Polisə müqavimət göstərməkdə ittiham olunan şəxsin 15 gün “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) saxlanılmasına heç bir əsas yoxdur. Məhkəmə qərarından sonra, o, saxlanılma yerinə köçürülməlidir. Amma bu qanunsuz praktika “Bandotdel”də çoxdan var. Mətbuatda bu haqda mütəmadi informasiyalar gedir. Hazırda Avropa Məhkəməsində baxılan bir çox işdə bu qurumun adı dəfələrlə çəkilir. Saxlanılan şəxsin şəxsiyyəti müəyyən edildikdən və barəsində hansı icraat, ittiham olacağı müəyyən edildikdən sonra heç bir halda şəxs “Bandotdel”də saxlanılmamalı, qanuni saxlanma yerinə köçürülməlidir. Lakin biz bunun dəfələrlə qanunazidd şəkildə tətbiq edildiyini görmüşük. Verilən məlumatlardan bu nəticəyə gəlmək olar ki, adətən, bu praktika həmin şəxslərin psixoloji müqavimətini qırmağa, həmin quruma lazım olan ifadələri o şəxsdən almağa, şəxsi öz nəzarətində saxlamağa xidmət edir. “Bandotdel”in adının vahiməli olmasınından yararlanmaq üçün belə edirlər, bu barədə vahiməni də özləri yaradıblar və bunda maraqlıdırlar. Çünki bu vahimə onlara saxlanılan şəxslərlə istədikləri kimi davranmağa kömək edir”.
R.Əliyev bildirir ki, həbsin qeydiyyata alınma məsələsi çox prinsipial hüquqi məsələdir:
“Ümumiyyətlə, bir şəsin tutulduğu anda çevik qeydiyyata alınmaması çox kobud pozuntudur. Avropa Məhkəməsinin praktikasında belə bir məsələ var ki, qeydiyyata salınmanın, tutulmanın rəsmiləşdirilməməsinin və izah edilməməsinin, məlumatsız saxlanmanın bir neçə saat gecikməsini belə qanun pozuntusu kimi tanıyıb”.
Bu həbs siyasi sifarişlidir
Mirtağı Əsədovun dostu, dini fəal Oqtay Kazımov da məhkəmədəki iddialara inanmadığını və həbsin siyasi olduğunu düşünür. O, bunu Gürcüstandakı azərbaycanlı etnik azlıqlarla bağlı ümumi siyasi prosesin davamı kimi görür:
“Söhbətlər gəzir ki, Mirtağının işi iki ölkənin sövdələşməsi ilə bağlıdır. Fakt budur ki, qonşu ölkələr Gürcüstanın demokratik ölkə olmasını istəmirlər. Çünki burada yaranan president onlara da şamil oluna bilər. Biz bunu hələ 2016-cı ildə parlament seçkilərinə namizədliyini vermiş Əhməd İmamquliyevin məsələsində gördük. Seçkilərdə onunla bağlı baş verən hadisə olduqca simtomatikdir. Burda gürcü hökumətinin bizə olan fikri bu oldu ki, siz hər zaman susmalısız. Müxalifət namizədi qalib gəlməməlidir. İkincisi, Azərbaycan da buna dəstək verir. Demək istəyir ki, mənim idarəmdəsiz. Mən kimi deyəcəm, onu da seçəcəksiz. Düşünürəm ki, bu, Gürcüstan hökuməti tərəfindən Gürcüstana qarşı atılan ən zərərli addımdır”.
Kazımov son illərdə baş verən siyasi prosesləri də bir-biri ilə əlaqələndirir və azərbaycanlı etnik azlıqlara qarşı təziqləri hər iki ölkənin siyasi maraqlarına bağlayır:
“Bu yaxınlarda Rövnəq Abdullayevin Gürcüstana gəlişi müxalifət tərəfindən etiraz aksiyası ilə qarşılandı. Onu gürcü hökuməti dəvət etmişdi. Sabiq Baş nazir Georgi Kvirikaşvili bizə Novruz bayramı ərəfəsində təşəkkür etmişdi ki, Gürcüstan azərbaycanlıları öz vətəni Azərbaycanı unutmurlar. Bu, o deməkdir ki, siz ordan gəlibsiz və bilin ki, oralısız, buralı deyilsiz. Sizin tarixi vətəniniz Azərbaycandır. Sabah bir şey olsa, deyəcəklər ki, get öz tarixi vətəninə. Bir tərəfdən bunlar inteqrasiyadan, vətəndaş hüququndan danışırlar, digər tərəfdən bizə sətiraltı işarə edirlər ki, sən gəlməsən, elə gəldiyin yerə də gedəcəksən. Gürcülərin bizə etibarsız yanaşmasının kökündə də bu durur. Gürcü bizi öz vətəndaşı kimi qəbul etmək istəmir. Bəli, rəsmi şəkildə hər şey var. Amma real həyatda bu lazımi qədər tətbiq olunmur və bunu dərinləşdirən Azərbaycanın siyasətidir. Azərbaycan dövlətinin Diaspora Komitəsinin sədri gəlir və gürcülərə mənim haqlarımdan danışır. Mənim adımdan yalnız seçdiyim hökumət nümayəndəsi danışa bilər. Sən kimsən ki, diaspora komitəsindən gəlib məndən danışırsan? Deyirlər ki, Gürcüstan azərbaycanlıları diasporadır. Halbuki, bu kəlməni işlətdiyinə görə Saakaşvili dönəmində inteqrasiya nazirini istefaya göndərdilər. Çünki o demişdi ki, azərbaycanlılar Gürcüstanda diasporadır. Axı burda diplomtik bir cəfəngiyyat var. Yanaşmalar heç bir şəkildə düzgün deyil. Problem budur ki, bu millətin üzərindən böyük siyasi alverlər gedir. Təsəvvür edin ki, Əhməd İmamquliyev müxalifətdən deputatlığı qazanmış olsaydı, nə olardı. Bu presidentdir. Bu, Azərbaycanın qorxulu röyası məsələsidir. Bunun üçün də çalışırdılar ki, məsələni boğsunlar. Çünki 9 milyonluq Azərbaycan qalxıb deyə bilər ki, 300 minlik azərbaycanlı orada özünə müstəqil şəkildə deputat seçirsə, biz niyə seçməyək? Mirtağının da xalqın haqqı üçün mübarizəsi belə şeylərə görə xoşlarına gəlmir”.
Mirtağı Əsədovun cəza müddətinin bitməsinə bir həftə qalmış, Gürcüstandakı prezident seçkilərindən dərhal sonra buraxılması da məsələnin siyasi olduğuna dair şübhələr yaradıb.
Əsədov məsələnin siyasi olduğunu bildirsə də, heç zaman siyasi məsələlərdə aktivlik etmədiyini vurğulayır:
“Mən indiyə qədər Azərbaycana aid heç bir işə qarışmamışam. Çünki fəaliyyətim dinidir və tələblərimin də hamısı Gürcüstan hökumətindəndir. İndiyə qədər Gürcüstan hökuməti ilə aramızda bir çox məhkəmə çəkişməsi olub. Məndən narazı ola biləcək bir tərəf varsa, o da ancaq Gürcüstan hökuməti ola bilər. Başqa ölkələrlə bağlı heç bir fəaliyyətim olmayıb. Sadəcə Gürcüstan hökuməti həbsimi ölkə daxilində edə bilməzdi. Çünki Gürcüstanda azdan-çoxdan qanun-qayda var. Bu, daha çox səs-küy yaradacaqdı. Bunu elə bir yerdə elədilər ki, orda qanun-qayda yoxdur, özləri öz bildiyi kimi hərəkət edə bilirlər. Məhkəmə də, polis də öz əllərindədir. O da məlumdur ki, bu iki ölkə arasında dərin əlaqələr var. Bilirdilər ki, ailəm Azərbaycanda yaşayır və buna görə də tez-tez Azərbaycana gəlib-gedirəm. Buna görə də Azərbaycan tərəfinə deyibilər ki, məni bir az saxlayıb qorxuzsunlar. Bəlli dövrdən sonra isə azad etsinlər. Mən dindar adamam. Dinin və siyasətin bir yerdə olmasının da əleyhinəyəm. Dindar öz işi ilə məşğul olmalıdır, siyasətçi də öz işi ilə. Din məsələsinə də insan haqları prizmasından yanaşıram. Ona görə də ilk gündən açıq bildirmişəm ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hamısına uğur arzu edirəm və heç vaxt da çağırış etməmişəm ki, kiməsə, yaxud hansısa partiyaya səs verilsin. Amma görünən budur ki, Gürcüstan hakimiyyəti məsələyə daha geniş prizmadan baxır və bu mövzuda öz düşüncələri var”.
Gürcüstan müsəlmanları kimlərdir?
Rəsmi statistikaya görə, Gürcüstanda əhalinin 11 faizini müsəlmanlar təşkil edir. Onlar xristianlardan sonra sayca ikinci ən böyük dini kəsim sayılırlar. Gürcüstan müsəlmanlarının əksəriyyəti etnik azərbaycanlılardan (əsasən şiə məzhəbi) və acarlardan (əsasən sünni məzhəbi) təşkil olunur. Gürcüstanda çox kiçik etnik azlıqlar olan avarlar, çeçenlər, kazan tatarlarının da əksəriyyəti müsəlmanlardır. Gürcüstandakı azərbaycanlı etnik azlığı tarixən Azərbaycanla sıx əlaqələrə sahib olduğu kimi, Türkiyə sərhədində yaşayan acarlara da türklərin təsiri aydın hiss olunur.
Gürcüstan müsəlmanları 2011-ci ilə qədər Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) tabeliyində olublar. Ekspertlər düşünür ki, QMİ-nin təsiri yalnız Gürcüstan azərbaycanlıları üzərində olub. Digər müsəlman etniklər isə QMİ-yə tabe olmayıb. 2005-ci ildə Gürcüstanda müsəlmanları öz müstəqillikləri üçün hərəkata başlayıb. 2011-ci ildə Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BGM) adlı qurum yaranıb və Gürcüstan müsəlmanları QMİ-dən rəsmən ayrılıb. Bu, Azərbaycan tərəfindən xoş qarşılanmayıb. 2011-ci ildə isə QMİ və BGM arasında kəskin fikir ayrılıqları olub. Şeyx Allahşükür Paşazadə 2011-ci ilin mayında Gürcüstan müsəlmanlarının QMİ-dən ayrılmasını kəskin pisləyib. “Gürcüstanda bu təşkilatın yaradılması həmin ölkədə yaşayan müsəlmanların Azərbaycandan qoparılması məqsədi daşıyır”, – deyə Qafqaz şeyxi
bildirib
.
İdarənin hazırkı sədri Ramin İgidov həm də QMİ-nin keçmiş işçisidir. O, təşkilatın yaradılmasını QMİ-nin fəaliyyətsizliyi ilə izah edir:
“2005-ci ildə müsəlmanlar bir dini qurumun olmasını vacib hesab etdilər. Biz həmin vaxtı Azərbaycan Respublikasının prezindenti İlham Əliyevə məktub ünvanladıq. Bildirdik ki, dindarların dini sahədə maddi ehtiyacları var və bunu qarşılamaq lazımdır. Bizim axundlar məcburiyyətdən başqa işlərlə məşğul olmağa başlamışdılar. Bölgədə qeyri-ənənəvi məzhəblərin təbliğatı gedirdi. QMİ-yə müraciət edəndə isə deyirdilər ki, bizim bu sahədə imkanımız yoxdur. Dövlət vəsait ayırmayıb, bir şey edə bilmərik. Yalnız adda nümayəndəlik idik. Həqiqətdə isə heç bir proses getmirdi. Problem tək maddi məsələ də deyildi. Misal üçün, həmin vaxtı azərbaycanlılar üçün Azərbaycan dilində “Quran” belə ala bilmirdik. Bu, bizim ehtiyacımız idi. Burda olan müsəlmanlar da başladılar işlərini Türkiyə ilə qurmağa və yardımlar almağa. Bu tip adamlara da “Türkiyə agenti” adı yapışdırmağa başladılar. QMİ-də hətta Gürcüstandakı məscidlərin sayını da bilmirdilər. Bu, onu göstərirdi ki, onlarda məlumat qıtlığı var. Sünnilər və digər məzhəblər, ümumiyyətlə, QMİ-ni qəbul etmirdi. Verilməyən dəstək və diqqətsizliyə görə, vəziyyət elə gətirdi ki, biz yeni təşkilat yaratdıq”.
Oqtay Kazımov isə bu təşkilatın yaranmasına ehtiyac olduğunu desə də, problemləri həll edə bilmədiyini vurğulayır:
“Biz səhər oyandıq və gördük ki, təşkilat qurulub. Bu mövzuda mediada və ictimaiyyətdə heç bir müzakirə olmadı. 5-6 azərbaycanlının adından danışan kəs gedib hökumətin dediyi şərtlərə heç bir sorğulama aparmadan imza atdı. Bununla da deməyə çalışdılar ki, guya bu, azərbaycanlıların iradəsidir”.
Təşkilat yarandıqdan sonra ona Vaqif Əkbərov sədirlik etməyə başlayıb. Vaqif Əkbərovun sədirliyinin əsas dövrü Saakaşvili hökuməti zamanında olub. Yeni hökumət gəldikdən sonra isə Dini Məsələlər Üzrə Dövlət Agentliyi yaranıb. Bundan sonra Vaqif Əkbərov idarədəki sədrliyindən imtina edib. O, istefasının səbəbini BGM-in Gürcüstanın Təhlükəsizlik orqanlarının nəzarətində olması ilə əlaqələndirir:
“Mən bu idarənin yaranmasında iştirak etmişəm. İstəyirdik ki, müstəqil idarə yaradaq və QMİ-yə tabe olmayaq. Bu, bir paradoks idi ki, Gürcüstanın dini kəsmi başqa bir ölkənin dini qurumu tərəfindən idarə olunurdu. İstəyirdik ki, öz problemimizi özümüz həll edək. Həmin vaxtı bizim heç həccə getmək üçün kvotamız da yox idi. İlk başlanğıcda heç bir problemimiz olmadı. Amma 2012-ci ildən sonra problemlər yarandı. İvanaşvili (Gürcüstanın sabiq Baş naziri) artıq işlərimizə müdaxilə etməyə başladı. Məni xüsusi xidmət orqanları nəzarətdə saxlamağa çalışır və qadağalar qoymağa, göstərişlər verməyə başlayırdı. Deyirdilər ki, “bizim dediklərimizə uyğun hərəkət et”. Onların dediklərini etməyəndə isə məni ləkəməyə başladılar. İstəsəydim, orada qala bilərdim. Necə ki, indi orada bu şərtlər altında qalıb işləyənlər var. Amma mən belə şərtləri qəbul edə bilmədim”.
Vaqif Əkbərovun gedişindən sonra isə Ramin İgidov təşkilatın sədri olur. Lakin Ramin İgidov Vaqif Əkbərovun dediklərini doğru saymır:
“Müxtəlif qruplar şəklində təbliğatlar gedirdi. Bunların da bəzən mənbəyi bəlli idi, bəzən bəlli deyildi. Buna görə də dövlətin nəzarəti güclənməyə başladı. Milli Təhlükəsizlik bunu çox ciddi nəzarət altına aldı. Amma biz desək ki, təhlükəsizlik orqanları bizi idarə edir, bu yanlışdır. Ola bilsin, Saakaşvili zamanında çox yalnışlıqlar olub. Bunu qəbul edirəm. Hətta Türkiyədə, İranda oxuyan bir din xadiminin idarədə işləməyinə pis baxırdılar. Amma İvanaşvili hökuməti dövründə belə bir şey baş vermədi”.
Vaqif Əkbərov idarənin hazırda da müstəqil olmadığını iddia edir və hökumətin bu sahədə siyasətini sərt tənqid edir:
“Maddi cəhətdən xarici ölkələr bu mövzuda Gürcüstana çox ciddi təsir edir. Hər dövlət istəyir ki, Gürcüstanda öz dini xəttini qursun. Gürcüstanda ölkənin dini maraqlarını qoruyan dini qurum yoxdur. Hər birinin öz marağı var. Xarici dövlətlərdən yardım alırlar. Dövlət pulu yanlış istiqamətdə ayırır. Buna görə də din adamlarının çoxu pula görə bu işlə məşğul olur. Onlar dindar deyil, biznesmendirlərr. Məsələyə biznes təfəkküründən baxırlar. Vəziyyət o yerə çatıb ki, mollaların üçmərtəbəli evləri, həyətlərində bir neçə maşınları var. Dini təhsil, din haqqında isə düşünmürlər. Elə dindarlar var ki, eyni anda Azərbaycan, Türkiyə, İran və Gürcüstan hökumətlərindən pul alır. Bunun günahkarı hazırkı hökumətdir. Dinə biznes kimi baxanları yuxarı başa gətirdi, indi isə onların pul hərisliyinə nəzarət edə bilmir. Belə insanlara irad bildirəndə deyirlər ki, “Əşşi, nə istəyirsən? İşləyirik də”. Yəni heç bir dini təfəkkür qalmayıb. Ramin İgidovun özü də heç nəyi həll etmir. Ona təhlükəsizlik orqanlarından nə tapşırıq gəlirsə, onu da edir. Olmasın İgidov, olsun başqası. Heç kim orda təhlükəsizlik orqanlarının nəzarəti olmadan müstəqil şəkildə hərəkət edə bilməz”.
Yenicə azadlığa çıxmış Mirtağı Əsədov da Vaqif Əkbərovla həmrəy fikir nümayiş etdirir:
“BGM-ni keçmiş və indiki hakimiyyət yaradıb və açıq-aşkar dəstəkliyir. O təşkilata dini rəhbərlər seçilmir, təhlükəsizlik orqanları tərəfindən təyin edilir. Seçim isə formal olur. QMİ-yə qarşı yaradılmış bir qurumdur”.
Ramin İgidov isə Gürcüstan hökumətindən maliyyələşdiklərini, həmçinin Türkiyənin Diyanət İşlər İdarəsindən də rəsmi şəkildə yardım aldıqlarını təsdiq edir.
“Lakin bu yardımların necə xərclənəcəyinə idarənin özü müstəqil şəkildə qərar verir və nəzarət edir”, – deyə İgidov yardım aldıqları qurumlardan asılı olmadıqlarını vurğulayır.
Problemlər nədədir?
2014-cü ildə Baş nazir İrakli Qaribaşvili 117 nömrəli qərar verib. Bu qərar Dini Agentliyin yaranmasından sonraya təsadüf edirdi. “Sovet totalitar rejmi dövründə dinlərə vurulan zərərin qismən ödənilməsi” adlı qərara əsasən sovet dövründə zərər çəkmiş dinlərə təzminat ödənməli idi. Bu haqq qeydiyyatdan din statusunda keçən üç xristian məzhəbinə (Gürcü Pavoslav, Erməni Qriqoryan və Katolik), yəhudilik və islama tanındı. Bütün mübahisəli proseslər də bu qərarın tətbiqi prosesindən sonra yaranıb.
Oqtay Kazımov bu düşüncədədir ki, qərardakı şərtlərə tam əməl olunmayıb: “Burada bəzi şərtlər var. Biri belədir: Agentlik yaranana qədər qeydiyyatdan keçən dini icmalar bu təzminatı ala bilər. O dövr üçün 4 təşkilat var – Bütün Gürcüstan Müsəlmanlar İdarəsi (BGM), Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ), Ümumgürcüstan Müsəlmanları Birliyi (GMB), digəri isə vəhhabilərlə bağlı təşkilatdır. Hökumət onları, ümumiyyətlə, özünə yaxın buraxmır. Bu pulu almaq üçün iki yol var. Ya gərək bütün təşkilatlar bir ictimai hüquqlu şəxsin çətiri altına toplana, ya da ki, təmsilçilik şurası yaradalar. Bu qərar veriləndən sonra agentlik bütün təşkilatları topladı və müzakirə etdi. Əsas istəkləri də o idi ki, hamını bir təşkilat altında toplasın. BGM-i çıxmaq şərti ilə heç kim buna razı olmadı”.
Mirtağı Əsədov isə ikinci hüquqdan istifadənin tərəfdarı olub: “Qanuna görə 4 yüksək statuslu idarə var. Bunların biri də sədri olduğum ÜGMADİ-dir. Hökumətin 2014-cü ilin 27 yanvar tarixli 117 nömrəli qərarı var. Bu qərarda bildirilir ki, Sovet rejimi zamanı dinlərə dəyən zərəri hökumət qismən tanıyır. Həmin qanunda həmçinin bildirilir ki, qanun qəbul edilənə qədər hansı təşkilatlar qeydiyyatdan keçibsə, yardımı həmin təşkilatlar ala bilər. Həmin yardımı da onların bölgüsünə görə təyin edilmiş 5 dinə məxsus qurumlar ala bilər. Bundan sonra hakimiyyət bizi danışıqlara çağırıb diqtə etməyə çalışdı ki, gəlin BGM-ə tabe olun, həmin idarəyə biət edin. Mən də onlara sual verdim ki, burda tabelik necə ola bilər ki, qanun bizə iki seçim təklif edib. Birinci yol budur, əgər idarələrin sayı 3-dən yuxarıdırsa, qanun təklif edir ki, bir idarənin ətrafında birləşək. Əgər bu razılşama baş tutmursa, parlamentar şəkildə Təmsilçilik Şurası yaradılır. İkinci seçim hər kəsə bərabər hüquq tanıyır və mən də bu seçimi daha məqbul saydım. Daha sonra isə qanunsuz olaraq bizi danışıqlardan uzaqlaşdırdılar. Bu, artıq siyasi qərar idi. Dini Agentlik bir sənəd imzaladı və Ramin bəy də imza atdı ki, guya mən imtina etmişəm. Yəni mənim yerimə qərar vermişdilər. Bu, necə ola bilərdi? Bundan sonra işi məhkəməyə verdim. İlkin məhkəmə əleyhimizə qərar verdi. Apeliyasiya Məhkəmsində isə udduq. Amma qərarda deyildi ki, biz büdəcədən pul ala bilərik, amma Şurada olmaq haqqımız yoxdur. İrəlidə ola bilsin ki, daha bir məhkəməmiz olsun”.
Əsədov həmçinin eyni dinə aid məzhəblərin fərqli din kimi qeydə alındığı halda müsəlmanların yalnız İslam kimi qeyd edilməsini də düzgün saymır və buna görə də məhkəmə prosesi başladıb: “Çünki biz də məzhəb olaraq ayrı yazılmalıyıq. Şiə və sünni məzhəblərinin idarə mexanizmi ayrıdır və bir yerdə olmaları düzgün deyil. Bundan əlavə, sünni və şiəlikdən fərqli radikal olan dini cərəyanlar da var. Onlar gedib Suriyada, İraqda adam öldürür. Sonra onların məsuliyyətini niyə bütün islam məzhəbləri daşımalıdır? Niyə gəlib bizim adımıza yaxmalıdırlar belə məsələləri? Ona görə də məzhəbləri ayrı yazmaq lazımdır ki, hər kəs özünə görə cavab versin”.
Oqtay Kazimov Dini Agentliyin hər iki təriqəti eyni mərkəzdən idarə etməyə çalışmasını məqsədli sayır: “Bir halda ki, ermənilər və gürcülər eyni din və məzhəbə mənsub olduğu halda hökumət onları müstəqil şəkildə göstərir, bəs bizi niyə sünni və şiə olaraq ayrı göstərmir? Hökumətin istəyi budur ki, hər iki məzhəbi bir yerdə saxlamaqla bir mərkəzdən idarə etsin. Halbuki, onları öz daxilində Şərqi və Qərbi hissələrə bölüb. Hətta etnik zəmində də bölünüb. Bu məsələ Konstitusiya Məhkəməsində qərar vermə mərhələsindədir. Hökumət çox narahatdır. Çünki bu zaman şiələrin öz, sünnilərin öz təmsilçilik şurası olacaq. BGM-də qeyri-rəsmi söhbətlərdə də deyiblər ki, bəzi məsələlər ki, şiələr qəbulunu istəyir, sünnilər qarşı olduğu üçün qəbul etmirik. Onda sünnilərə də belə etməliyik. Yəni, şiələrə qarşı sünnilərin səsindən istifadə olunur, sünnilərə qarşı isə əksinə. Bununla da, hər iki tərəfin effektivliyi azaldılır. Çünki sünnilər və şiələr arasında min ildən çoxdur ki, fikir ayrılığı var”.
Ramin İgidov isə iddia edir ki, məzhəb ayrılığına səbəb xaricdən təşkilatlanmadır: “Gürcüstanda şiə və sünnilər bir dini idarədə iştirak edir. Dövlət tərəfindən İslam kimi tanınıb. Mirtağı Əsədov Konstitusiya Məhkəməsinə müraciət edib ki, katolik və pravaslavları bir-birindən ayırıblarsa, şiə və sünnilər də ayrılmalıdırlar, ayrı icma olaraq tanınmalıdırlar. Onu səmimi hesab etmirəm. Çünki biz bir arada olduğumuz zaman başqa şeylər danışırdı. Daha sonra tamam başqa şeylər danışdı. Düşündüyüm də budur ki, idarə olunur. Məncə, bu, onun öz fikri deyil. Onu da dəstəkləyən təşkilatların öz maraqları var. Hansı ki, ona vəkillər təyin edirlər və bu vəkillərlə prosesi aparırlar ki, məsələ həyata keçsin, Gürcüstanda məzhəblər ayrılsın. Bu məsələ İran tərəfdən deyil. Çünki İran tərəfi hər zaman vəhdətə çağırır. Bu məsələdə onlar da narahat idilər. Onu dəstəkləyən təşkilatlar xaricdən maliyyələşir. Bu, bizim üçün şübhəlidir. Bu, xüsusi bir proqramdır və Gürcüstanda icra etmək istəyirlər. EMC, SAYO, TDİ adlı təşkilatlar var. Bilmirəm həmin təşkilatlar Avropadan maliyyələşir, ya yox, amma bu məsələdə çox canfəşanlıq edirlər. Bizim idarə ilə isə heç bir dəfə də görüşməyiblər. Bizim fikirləri nəzərə almayıblar”.
EMC təşkilatı isə insan azadlıqlarını müdafiə edən təşkilat olduğunu bəyan edib və dini azadlıqların qorunmasını pioritetlərindən biri kimi göstərib. Həmçinin təşkilat rəsmi saytında donorlarını da açıq şəkildə göstərib. Onların donorlarından ikisi – Avropa Birliyi və Gürcüstan Üçün Avropa Birliyi (The European Union For Georgia) təşkilatları Gürcüstan hökümətinin strateji tərəfdaşları sayılır.
Tolerantlıq və Rəngarənglik İnstitutu (Tolerance and Diversity Institute) da Gürcüstanda dini azadlıqların qorunmasını əsas pioritetlərindən biri kimi göstərir və bu tip işlərə dəstək verdiyini bəyan edir.
Mirtağı Əsədov isə mübarizəsinin öz xalqının hüquqları və gələcəyi uğrunda olduğunu bildirir: “Bir çox məhkəmə prosedurlarımız var. Onlardan bəzilərinə çoxdan başlamışıq, bəzilərinə isə yeni. İnanıram ki, haqq-ədalət yerini tapacaq və istəklərimizə nail olacağıq”.