Özünəməşğulluq Proqramından kənarda qalan ailə

Ağstafa sakininin hökumətdən heyvan tələbi…

Source:
Ağstafa rayonunun Xətai kənd sakini Cavad Mustafayev
Ağstafa rayonunun Xətai kənd sakini Cavad Mustafayev

“Oğlum, qızım vardı, dünyalarını dəyişiblər. Bir yoldaşımdır, bir də özüm… Biz də dövlətin yardımından yararlanmaq istəyirik. Dolanışığımız çətindir”.

Ağstafa rayonunun Xətai kənd sakini Cavad Mustafayevin 56 yaşı var. Övladları vəfat etdikdən sonra elə həmyaşıdı olan həyat yoldaşıyla tək qalıb. Rəsmi iş yeri yoxdur, ər-arvad kənd təsərrüfatı ilə məşğul olur. Mustafayevlər özünəməşğulluq proqramından yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət edib. Ancaq onlara qeyri-rəsmi şəkildə imtina cavabı verilib. Mustafayevlər də nazirlikdən incik düşüb.

Özünəməşğulluq Proqramı ötən il yaradılıb. Hökumət “İşsizlikdən sığorta haqqında”qanunun qəbulundan sonra toplanan sığorta fondunun 40 faizi özünəməşğulluq proqramlarına yönəldib. Proqrama 7 min ailənin cəlb olunması nəzərdə tutulub. Proqrama Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olanlar cəlb edilir.

Heyvanlardan versinlər, güzəranımızı quraq

Cavad Mustafayev danışır:

“Nə mənim, nə də həyat yoldaşımın yaşı pensiyaya çatmır. 56 yaşımız var. Dövlətdən ünvanlı sosial yardım almırıq, özümüz icarəyə torpaq götürüb əkirik, kənd təsərrüfatıyla məşğul oluruq. İstəyirik ki, hökumət bizə də o qoyundan, heyvandan versin, saxlayaq, təsərrüfatımızı artıraq, genişləndirək… Ancaq qapıdan geri qaytarmaq üçün  o qədər bəhanə sayırlar ki, adam qapılarına getməyə peşman olur”.

Cavad Mustafayev düşünür ki, hökumətin belə bir dəstəyi ona da şamil olunsa, dolanışığını qaydasına sala bilər:

“Başqasından icarəyə 5 hektar torpaq götürmüşəm, əkirəm, qaytararam özünə, aylıq icarəhaqqı ödəməkdən azad olaram. Bilərəm ki, necə deyərlər, öz əlim, öz başımdır. Əlimiz, ayağımız, sağlamlığımız, ağlımız yerində, versinlər heyvanlardan, güzəranımızı quraq. Bəs bu yardım kiminçündür? Nə pensiya, nə maaş, nə ünvanlı sosial yardım alırıq, torpaqda eşələnirik, qazandığımızı da icarəhaqqıya, borca, xərcə veririk. 5 ildir ki, rayonun Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. O proqramdan yararlanmaq üçün bütün kriteriyalarım uyğun gəlir, ancaq bəhanələr uydururlar”.

Deyir, ailədə şəhid, əlil yoxdursa, qoyun da yoxdur

Kəndlinin sözlərinə görə, ona bildirilib ki, ailəyə ünvanlı sosial yardım, təqaüd və başqa gəlir daxil olmursa, ailədə şəhid, müharibə əlili yoxdursa, Özünəməşğulluq Proqramına uyğun gəlmir:

“Biz də bu dövlətin vətəndaşlarıyıq. Üzü qocalığa gedirik. Bizi də nəzərə alsınlar, mal-heyvan versinlər, çoxaldaq, qocalığımızda dolanışığımız olsun, övladlarımız da həyatda yoxdur ki, gələcəkdə bizə baxsınlar.  Deyir, ailədə, şəhid, əlil yoxdursa, qoyun da yoxdur”.

Cavad Mustafayev idda edir ki, proqrama qoşulanlar kəndin imkanlılarıdır:

“Öz aralarında alırlar, bölüşdürürlər, bir-birlərinə görüm-baxım eləyirlər, kasıb qalır kənarda… Hansı ki, o adamların heç bir kriteriyası da üst-üstə düşmür. Malı da, qoyunu da var… Kimin varı-dövləti varsa, bir az da üstünə gəlir, kimin əli mənim kimi hər yerdən üzülübsə, əl-ayağını uzadıb ölməlidir”.

Kənd sakini Vidadi İsayev də  Özünəməşğulluq Proqramından yararlanmaq üçün müraciət edib. Ancaq müsbət cavab almayıb:

“Heyvandarlıqla məşğul olmağa yerim də var. Demişəm, gəlin yerə baxış keçirin, özüm də işləmirəm, işsiz kimi qeydiyyatdayam. Deyirlər, əvvəl “biznesplan” hazırla, təqdim elə. Mən kəndli adamam, günüm heyvan saxlamaqla keçib, heç adımı yaza bilmirəm, “biznes plan” nədir, onu da bilmirəm. Versinlər 5-10 qoyunu, inəyi, saxlayım, çoxaldım, dolanım”.

Biznes planı təqdim edə bilmirlər

Ağstafa rayon Məşğulluq Mərkəzindən isə bildirilib ki, Proqrama qoşulmaq üçün ailələrdən biznes planları istənilir. Ancaq təqdim edə bilmirlər: “Bu, birdəfəlik yardım proqramıdır, qoşulmaq istəyən ailələrə təklif olunur ki, ona ayrılacaq pulla, veriləcək mal-heyvanla işini necə quracağı ilə bağlı planını təklif eləsin, baxılsın, qiymətləndirilsin. Məşğulluq Mərkəzinə girib qoyun tələb etməklə iş həll olunmur”.

Mərkəzdən bildirilib ki, birdəfəlik yardım proqramına qoşulımaq üçün şəhid, əlil ailəsi olmaq kimi kriteriyalar nəzərdə tutulmayıb. Müraciət edən ailənin kənd təsərrüfatı məşğuliyyəti öyrənilir, planı istənilir və yardım ayrılır.

Rəsmi statistikaya görə, 2017-ci il ərzində 1300-ə yaxın ailə proqrama qoşulub. Ancaq qoşulanların əksəriyyəti narazı qalıb. Hətta proqramda iştirakdan imtina edənlər də olub.

Ana səhifəBölgəÖzünəməşğulluq Proqramından kənarda qalan ailə