Füzuli sakinləri illərdir çölün düzündə yaşayırlar
“Füzuli alınanda kəndimiz Pirəhmədlidən ən son biz çıxdıq. Hamı qaçmışdı, mən anamla 14 gün idi ki, kənddə yaşayırdım. 7 gün öncə dəfn etdiyimiz şəhid qardaşımı qoyub getmək istəmirdim”.
Füzulinin işğalda olan Pirəhmədli kəndinin sakini İran Hüseynov belə deyir. O, hazırda ailəsi ilə birgə Beyləqanın girişində, yolun kənarında özləri üçün tikdikləri daxmada yaşayır. İndiyə qədər dəfələrlə siyahıya alınsalar da? hələ onlara ev düşməyib, elə çölün düzündə yaşayırlar.
Keçmiş döyüşcü 1993-cü illəri xatırlayır. Vətəni üçün necə can qoyduğunu, vuruşduğunu, o zamankı çətin durumu…
Deyir, Füzuli uğurunda gedən döyüşlərdə itirdiyi qardaşı heç Azərbaycan vətəndaşı belə olmayıb. O, vətəni uğrunda evini, eşiyini, həyat yoldaşını, şəraitini Rusiyada qoyub, Azərbaycana qayıdıb:
“Könüllü getdi hərbiyə. Düz altı ay vuruşdu, sonra da şəhid oldu. Elə ona görə çıxmamışdım kənddən. Söz vermişdim özümə. Ermənilər gələndə çıxıb qardaşımın qisasını alacaqdım. Anam da deyirdi ki, ölsəm də, qalsam da, səninləyəm. Qonşuluqda qoca bir kişi yaşayırdı. Çıxmışdılar kənddən. Bir gün qayıtdı ki, oğlum oturub Əlibayramlıda, deyirəm, gəl, evimizi çıxaraq, gəlmir. Anam çox pis oldu. Dedi, mənimkilərin biri ölüb, torpağın altındadır, hələ soyumayıb. Biri də oturub kənddə ki, getmirəm. Mən övladlarımı qoyub gedə bilmirəm, sən dünyanın malından-mülkündənmi danışırsan?”
ran Hüseynov kənddən ən son çıxan sakinlərin anası ilə özü olduğunu söyləyir. Çıxmaq istəmirmiş, həmin yaşlı qonşusu onu yola gətirib:
“Kişi mənə dedi ki, oğlum, “bir namus çəkmək min binamusluğa gətirib çıxarır”. Onda 25 yaşım var idi. Dedi, qardaşın vətən namusu üstündə şəhid olub, sən də o namus üstə getmək istəyirsən. Bəs bacıların, şəhid qardaşının övladları, anan, ailən, onların namusunu kim çəkəcək? Ağlıma batdı, dedim, ana, hazırlaş, çıxaq. Dedi, bala, gedək sonuncu dəfə qardaşının qəbrini ziyarət edək. Qəbristanlığı vururdular həmin vaxt. Sürünə-sürünə getdik. Qəbrin yanına çatanda anam qalxıb oturdu. Oturmaqla, başladılar qəbrin ətrafını güllələməyə. Anama əsəbiləşdim. Dedi, bala, qınama, qoy vursunlar, məni basdır balamın ayağının altında. Əsgər yoldaşları qəbrinin üstünə boş gilizlər atmışdılar. Qız-gəlin də onları səliqə ilə şəhid qəbirlərinin ətrafına yığmışdı. Sürünə-sürünə hamısını təmizlədim ki, erməni gələndə şəhid qəbri olduğunu bilməsin. Birdən təhqir edərlər, dağıdarlar deyə. Hamısını daşıyıb tökdüm kənara. Mən bunları sürünə-sürünə etdim. Baxın, belə zülmlərdən çıxmışıq biz”.
Nisə Əsgərovanın 73 yaşı var. Burada oğlu, qızı, qohumları ilə birgə yaşayır. Deyir, çətindir, yaşı ötüb, şəraitsizliyə dözə bilmir daha:
“Biz çox şey istəmirik. O boyda igidlər, ev-eşik, vətən qoyub gəlmişik. Gözümüz yoxdu dünyanın var-dövlətində. Heç olmasa, ömrümün sonunu normal yaşamağım üçün bir dam versinlər. Həm də ürəyim arxayın gedim o dünyaya ki, nəvələrim məndən sonra babat şəraitdə yaşayacaqlar”.
Beyləqanın girişində, Pendir Zavodunun ətrafı adlanan bu yerdə 16-17 ailə yaşayır. Deyirlər, hər il yolu kəsib, ev tələb etməkdən yorulublar. Hər dəfə də söz veriblər ki, bu il köçürüləcəksiniz. Ancaq 25 ildir ki, buradadırlar, köçməyiblər:
“İndi yeni icra başçısı gəlib. Görək, bəlkə, o, nəsə edər. Hər gələn söz verir, yerinə yetirmir. Vallah, 1993-cü ildən, qaçhaqaç düşəndən didərginik. Bir az vağzalda yaşadıq, sonra bir neçə ay İmişlidə bir evdə qaldıq. Daha sonra Xaçmaza köçdük. Ondan sonra da bu xarabaya gəldik”, – Nisə Əsgərovanın sözləridir.
Zemfira Hüseynova da 25 ildən artıqdır ki, burada yaşayır. Deyir, çətindir, suyu, işığı, qazı yoxdur:
“Gözəl bağ-bağat salmışdıq, onu da sarı su gəldi, yudu, apardı. Əlimiz ondan da üzüldü. Elə iki inəyimiz, toyuq- cücəmiz var, onunla dolanırıq. İnanın, illərdir yaşlılarımız vətən həsrətindən xəstə düşüblər. Hamısı yataq xəstəsinə çevrilir, uzun illər yatır, sonra həyatdan köçürlər. Nəmişlikdən, yol qırağında, şəraitsiz vəziyyətdə yaşamaqdan isə elə özümüz də yaman gündəyik”.
Burada yaşayan 17 ailənin hamısı Füzulidən olan məcburi köçkünlərdir. Onlar Füzulinin Veysəlli, Dilağarda, Pirəhmədli, Musabəyli kəndlərinin sakinləridir. Buradakıların 90 faizinin heç yerdə işləmədiyini deyirlər. Həm kasıbçılıq, həm də şəraitsizlikdir dərdləri:
“Demək olar, heç birimiz işləmirik. Hərənin qapısında bir- iki inəyi var. Südünü sağır, bir-iki toyuq saxlayır, yumurtasını yığırlar. Heç otlaq sahəmiz də yoxdur. “Müvəqqətisiniz, çıxacaqsınız”, -deyə-deyə bizi illərdir şəraitsiz vəziyyətdə yaşamağa məhkum ediblər. Gözləməkdən gözümüzün kökü saralıb. Bilmirik nə vaxt gələcəklər insafa. Gələn başçı 5-6 il işləyir, oranı, buranı satır, yeyir, dağıdıb gedir. Sonra yerinə başqası gəlir. O da söz verir, yenə eyni. İndi yeni başçı təyin ediblər, görək necə olacaq. Bəlkə rayonun girişidir, pis görünür deyə bizi buradan çıxara. İndi yenə təzə şəhərcik salırlar. Görək necə olacaq”, – İran Hüseynov belə deyir.
Zemfira Hüseynova deyir ki, onların bu çətin vəziyyətindən prezident İlham Əliyevin xəbəri yoxdur, olsaydı, mütləq evlə təmin edilərdilər:
“Prezidentdən şikayətimiz yoxdu. O, bizi görmür. Belə şəraitdə yaşadığımızı haradan bilsin? Bir dəfə rayona gəldi. Onda da bizim evlərimizin önünə hasar çəkdilər ki, görməsin. Görmədi də. Xəbəri olsa, bizi bu vəziyyətdə qoymaz. Nolar, siz yazın, görsün, bizə də bir çarə düşünsünlər. Bağımız vardı, sarı su gəldi, ağaclarımı, dirliyimi qurutdu. 12 maşın daş tökdürdük, işə yaramadı, batıb gedib. Bir tərəfimiz hündür yol, suyu axır həyətə, bir tərəfimiz də kanal. Qaz yox, su yox, bir şərait yox. Bilmirik nə edək”.
1997-ci ildən burdada yaşayan Xanlar Əsgərov da şəraitsizlikdən, rütubətdən bezib. Daha öncə Biləsuvarda yaşayan Əsgərovlar ailəsi artıq 21 ildir ki, bu ərazidə məskunlaşıb:
“Evi də özümüz tikmişik birtəhər, çətinliklə. Görürsünüz, şəraitsizlikdir. İmkan da yoxdur ki, əl gəzdirəm. İşsizəm. Yenə əvvəllər fəhləlik edirdim, birtəhər dolanırdıq. İndi səhhətim ona da imkan vermir. Qızları birtəhər köçürmüşük. Oğlum 10-cu sinifdə oxuyur. Kaş oxuda biləm, imkanım ola. Çətin. Qorxuram ki, onun da gələcəyi mənimki kimi olar. Mal-heyvan da saxlaya bilmirəm. Almağa imkan yoxdur. Toyuq cücəninin də hamısını xəstəlik qırdı. Qalmışıq quru yurdda. Bizə kömək etsinlər, dolana bilmirik, ağır şəraitdə yaşayırıq”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, qaçqın və məcburi köçkünlərin evlə təmin edilməsi işinə onlar baxmırlar:
“Biz sadəcə siyahıya alırıq və yuxarı qurumlara göndəririk. Ev verilməsi işinə onlar baxırlar. Həmin köçkünləri də siyahıya alınb göndərmişik. Yəqin yaxın günlərdə evlə təmin edilərlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildiriblər ki, məcburi köçkünlərin yerləşdirilməsi mərhələli şəkildə həyata keçirilir:
“Siyahı göndərilibsə, baxılacaq. Araşdıracağıq bir də. Daha ağır şəraitdə yaşayanlar da olur. Bir neçə ilə hamısı evlə təmin ediləcəklər”.