Cəlilabad sakini: ”Uşaqlar acdır, lütdür, məktəbə göndərə bilmirəm”
“Nə qazım, nə suyum, nə işığım, nə dolanışığım var… Şəraitsiz, rütubətli evdə həm yoldaşımın, həm özümün, həm də övladlarımın canı çıxıb. Hökumətin qapısına o qədər gedib gəldik ki, açıq dedilər, ya rüşvət ver, sənə hardasa sığınacaq verək, yığ ailəni, ya da get, başına çarə tap. Mən də çarəsiz qalıb ailəmi təzədən palçıq evə qaytardım ki, çöllərdə qalmasın. Dedim, başımıza uçsa da, altında qalsaq da, başqa əlacımız yoxdur, burda yaşamalıyıq”.
Bunları Meydan TV-yə Cəlilabad sakini Çingiz Təhməzov deyir. Keçmiş Qarabağ döyüşçüsünün gileyi dolanışığındandır. Şəraitli ev, ünvanlı sosial yardım, əmək fəaliyyəti ilə məşğul olmaq üçün normal iş yeri, rüşvətsiz əlillik təyinatı – bunlar Cəlilabad sakini Çingiz Təhməzovun əlçatmaz arzularına çevrilirib. Onun sözlərinə görə, sosial problemlərinin həlli üçün hazırda Bakıdadır. Hər gün Milli Məclisə, Prezident Administrasiyasına, başqa dövlət qurumlarına ayaq döyür ki, kəndə – ailəsinin yanına bu problemlərin heç olmasa, bir qisminin həlli xəbəriylə qayıtsın.
Problemlər miras kimi bizdən sonra balalarımıza qalır
Bu, Çingiz Təhməzovun eyni məqsədlə Bakıya ilk gəlişi deyil:
“Ayın yarısını düşüb qalıram paytaxtda… Ölkədə elə qurum qalmayıb ki, ora rəsmi və qeyri-rəsmi müraciət etməyim. Yüzlərlə məktub və teleqeramlar vurmuşam, məmur qəbullarında olmuşam. Məktub və teleqramların sayı 800-ü ötüb. Dünən yenə Milli Məclisə getmişəm, Baş nazirin müavini Əli Əhmədovun qəbulunda olmuşam. Prezident Administrasiyasında başqa bir məmurun qəbulunda oldum. Zaman keçdikcə anlayırsan ki, məktublaşmalar, məmur qapılarında qəbul üçün növbələrdə dayanmalar – bunlar hamısı vaxt itkisidir. Bu proses illərdir davam edir, qocalırıq, ölürük, problemlərimiz miras kimi bizdən sonra balalarımıza qalır. Uşaqlarım yekəlib, mən onlara hələ də gün ağlaya bilməmişəm”.
Uşağın fikri üşüyən ayağında, ac qarnındadırsa…
Çingiz Təhməzov imkansızlıqdan övladlarını məktəbə göndərə bilmir:
“Ayaqqabıları, geyimləri yox, qarınları ac… Bu uşağın fikri üşüyən ayağında, ac qarnındadırsa, oxuduğu dərs beyninə necə girsin? Cəlilabadın icra hakimiyyətinə müraciət eləmişdim ki, heç olmasa məktəb geyimlərini, ləvazimatlarını dövlət versin, uşaqlar məktəbdən qalmasın. Bu hökumətdən bir qələm, pozan da qopara bilməzsən. Yaşadığımız yeri görsəniz, deyərsiniz, ilahi, burda da insan oğlu yaşayar?”
Qul kimi işlədib, dilənçi kimi arxalarınca salırlar
Keçmiş döyüşçünün Sovet vaxtı tikdiyi daxmada özündən başqa üç ailə üzvü yaşayır. Həyat yoldaşı və övladları xəstədir:
“Yoldaşım dörd dəfə əməliyyat olunub, indi də səhhəti ağırdır. Özüm ürək, böyrək xəstəsiyəm. O vaxt döyüşlərdə sutkalarla qarın üstündə qalıb sağlamlığımı itirmişəm. Ayaqlarım tutulur, şişir, bəzən günlərlə gəzə bilmirəm. Hansı işə gedirəm, heç yerdə stabil maaş yoxdur. Basıb qul kimi işlədirlər, sonra da alacağımız qəpik-quruşa görə dilənçi kimi arxalarınca salırlar adamı…”
Ötən ilədək ailənin aldığı 159 manat məbləğində ünvanlı sosial yardım da səbəb bildirilmədən kəsilib.
Çingiz Təhməzov və həyat yoldaşı əziyyət çəkdikləri xəstəliklərə görə əlilliyin təyin edilməsi üçün Cəlilabad Rayon Xəstəxanasına və rayonun Tibbi Sosial Ekspert Komissiyasına müraciət ediblər. Çingiz Təhməzovun deməsinə görə, rüşvət tələb olunduğundan bu iş də baş tutmayıb.
Rəsmi qurumlar nə deyir…
Cəlilabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Çingiz Təhməzovun müraciətlərinə dəfələrlə rəsmi və qeyri-rəsmi cavab verilib. Ona bildirilib ki, qurum mülki vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə məşğul olmur:
“Son illərdə rayonda yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə şəhid ailələri və müharibə əlillləri üçün evlər tikilib paylanır. Mülki vətəndaşların mənzil təminatı ilə məşğul olmağa nə mənzil fondu var, nə də büdcədən buna görə pul ayrılır. Sosial vəziyyətinin yaxşılaşdırılması üçün isə o vətəndaşa dəfələrlə bildirilib ki, bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Ancaq o, yenə bizə yazır”.
Rayon Sosial Müdafiə Mərkəzindən bildirilib ki, ünvanlı sosial yardım üçün müraciət forması dəyişdikdən sonra Çingiz Təhməzova sənədləri elektron qaydada göndərməsi tövsiyə olunsa da, göndərməyib:
“Göndərsin, araşdırılsın, ünvanlı sosial yardım düşürsə, təyin olunsun. Əlilliyə görə isə müvafiq komissiya var, ora müraciət etsin, rüşvət istənilibsə, bunun üçün də hüquq-mühafizə orqanları var, ora müraciət etsin”.
Rayonun Tibbi Sosial Ekspert Komissiyasından bildirilib ki, Çingiz Təhməzov əlilliyin təyin olunması üçün tələb olunan sənədləri təqdim etməyib. Bunun üçün, o, yerli xəstəxanada həkim yoxlamasından keçməli, müvafiq sənədlər Komissiyaya göndərikdikdən sonra əlilliyin təyinatı məsələsinə baxılmalıdır.