Birinci devalvasiyadan sonra əmlakımı satıb borcumu ödəmək istədim, bank razı olmadı
Şəki şəhəri, D.Bünyadzadə küçəsi, ev 88-də yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Abduləli Əhmədəli oğlu Rəsulov ökə başçısına və Birinci vitse-prezidentə müraciət edib.
Müharibə əlili “Bank of Baku” ASC-dan şikayətçidir.
O deyir ki, devalvasiyadan sonra “Bank of Baku”nun Şəki filialına müraciət edərək, kredit borcunu əvvəlki qaydada ödəmək istəyib, ancaq bank razılaşmayıb.
Əlimdə olan bütün əmlakımı satıb borcu ödəmək istədim, bank razılaşmadı
“Cənab prezident, 1-ci Qarabağ Müharibəsi iştirakçısıyam. Müharibə zamanı bir sıra orden və medallarla təltif edilmişəm. Döyüşlərin birində ağır yaralanmış və bir böyrəyimi, ağ ciyərimin bir hissəsini itirmişəm. Ona görə də ağır fiziki işlə məşğul ola bilmədiyimə görə yaxın dost-tanışlarım mənə sahibkarlıqla məşğul olmaq üçün bir dükan açıb işlətməyimə köməklik etdilər. Birtəhər dolandırdım. Hərdən “Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb işimi davam etdirirdim. Nümunəvi kreditor olduğum üçün bank yenə məni dəvət edib 2014-cü ilin sentyabrın 18-də 10 000 ABŞ dollar kredit verməyi təklif etdi. Məbləğin çoxluğuna etiraz etsəm də, bank işçiləri məni narahat olmamağa, az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər. Hansı ki bankın qanunvericiliyə görə xarici valyuta ilə kredit verməyə səlahiyyəti çatmır. Hər ay 700 dollar əvəzinə ardıcıl olaraq 800 dollar pulu banka ödəməkdə davam edirdim. 2015-ci ilin fevralında baş vermiş ilk devalvasiya zamanı qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan-qalan borcumu dərhal ödəyim. “Bank of Baku” ASC-nin Şəki filialının mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursa banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Cavab olaraq banka 03 mart 2015-ci il tarixli məktubla yazdım ki, yeni kursla borcu ödəyə bilməyəcəyəm. Onda hələ Konstitusiya Məhkəməsinin də qərarı yox idi, amma bank razılaşmadı”.
Bir böyrəyimi Qarabağda itirmişəm, məcburam ki, o birini də satıb bankın borcunu ödəyim
A.Rəsulov bildirib ki, bundan sonra bank onu məhkəməyə verib: “Bank “borcun ödənilməsi” barədə yerli məhkəməyə müraciət edib. Şəki Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinə görə mənim banka olan 7287 ABŞ dollar əsas borcumun və 1425 dollar müştərək qaydada ödənilməsi qət edilib”.
Qarabağ əlili deyir ki, bir böyrəyini döyüşdə itirib, bankın borcunu ödəmək üçün digər böyrəyini satışa çıxarmaq məcburiyyətində qalıb:
“Cənab prezident, sizdən xahiş edirəm ki, Qarabağ müharibəsində itirdiyim sağlamlığımı və hazırda müalicəyə sərf etdiyim xərci nəzərə alaraq banka borcumun əvvəlki qaydada tam ödəyib yekunlaşdırmağım üçün köməklik göstərəsiniz. Hazırda mənim maliyyə vəziyyətim ağır olduğuna görə bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən itirdiyim böyrəyimdən sağ qalan digər böyrəyimi satışa çıxarıb “Bank of Baku”ASC-yə ödəyim”.
Samir Əliyev: “Banklar sui-istifadə hallarına yol verirlər”
İqtisadçı Samir Əliyev Meydan TV-yə deyib ki, adətən, banklar məhkəməyə müraciət etməkdə maraqlı olmurlar, çünki belə halda kreditin ödənilməsində fasilələr yaranır:
“Bu, daha çox hüquqi problemdir. Əgər vətəndaş krediti ödəyə bilmirsə, bu, gecikmə hesab olunur və 90 günə qədər çəkə bilir, yalnız 90 gündən sonra bank məhkəməyə müraciət edir, girov varsa, satışa çıxarır. Adətən, banklar məhkəməyə müraciət etməkdə maraqlı olmurlar, əlacsız qalanda məhkəməyə verirlər. Ona görə maraqlı deyillər ki, bu, uzun bir prosesdir və problem aylarla çəkə bilər. Yəni müştərinin vəkili varsa, əks iddia qaldırır, məsələ uzanır. Burada isə adam deyir ki, əlimdə olan əmlakı satıb borcu ödəyim, amma bank razı olmayıb. Düzdür, orada qayda var. Qaydaya görə, bank anında məhkəməyə verə, əmlakı satışa çıxara bilməz. Görünür ki, bank borcun üstünə faizin gəlməsində maraqlı olub. İstəyib ki, vətəndaşdan pul, gəlir əldə etsin. Həmin şəxs mütləq vəkillə təmin olunmalıdır ki, bank onun hüququnu pozmasın. Azərbaycanda banklar təbii ki, bəzən əhalinin bu sahədə savadsızlığından istifadə edib sui-istifadə hallarına yol verir və öz istədiklərini edirlər”.
2018-ci ilin iyul ayında Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib.
Qərarda Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına istinad edilir. Belə ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Həmin ərəfədə Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş etmişdi. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı idi.
Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoymuşdu. Bunlardan biri milli valyutanın devalvasiyasının kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunub-olunmaması ilə bağlı idi. Həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsi və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğu sorğulanırdı.
2015-ci ilin ortalarında isə Konstitusiya Məhkəməsi qərara almışdı ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılmasıyla bağlı borcluların ümidlərinin üzərindən xətt çəkdi. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğradı. Belə ki, 1dollar birinci devalvasiyada 78 qəpikdən 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Hazırda isə 1 ABŞ dolları 1 manat 70 qəpikdir.
Deputat: “Prezidentdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”
2018-ci ilin sentyabr ayında Milli Məclisin iclasında Vahid Əhmədov yenidən bu məsələyə münasibət bildirib.
Deputat deyib ki, dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməsindən sonra vətəndaşlara güzəştlərin edilməsi mümkünsüz olur.
Onun sözlərinə görə, parlament tətildə olan zaman Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı qərar verib və həmin qərara əsasən, əhali xarici valyutada götürdüyü kreditləri həmin valyutan ilə ödəməlidir.
“Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən güzəştlər olunurdu. Bu qərarın qəbul edilməsi isə faktiki olaraq bu kimi halların qarşısını alır. Faktiki, insanların xarici valyutada olan kreditləri ödəmək imkanları yoxdur. Ona görə bu məsələ bank sistemində çox ciddi nəticələr yaradacaq”, – deputat deyib.
O, xarici valyutada olan kreditlərlə bağlı ölkə başçısına da müraciət ünvanlayıb: “Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin və Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar müəyyən qərarlar qəbul etsin”.