Köçkün ailələri Yevlaxda çadır qurub yaşayır

25 il əvvəl yerləşdikləri ferma bu ilin mayında dağıdılıb, özləri ərazidən qovulub

Source:


25 il əvvəl yerləşdikləri ferma bu ilin mayında dağıdılıb, özləri ərazidən qovulub


“25 il idi ki, burda məskunlaşmışdıq. Qara damlar tikib içərisinə yığışmışdıq, işığı, suyu çəkib gətirmişdik, istilik düzəltmişdik. Burda uşaqlar dünyaya gəlirdi, burda şəhid tabutları qarşılanırdı…”

Yevlaxda – Aran qəsəbəsindəki keçmiş fermada məskunlaşmış köçkün ailələri ötən il zorla buradan uzaqlaşdırılır. Ancaq getməyə yeri olmayan köçkünlərin bir hissəsi qısa müddətdən sonra yenə bu yerlərə qayıdası olur. 1 aya yaxındır ki, torpaqda çadır qurub yaşayırlar. Gəl ki, yerli hakimiyyət orqanlarının nümayəndələri tez-tez əraziyə gələrək bu çadırı da sökməyə çalışırlar.

Qalmağa yer versələr, çöldə niyə yaşayaq ki?!

Köçkün Mürvət Əliyev deyir, çölün düzündə yaşamaq onun da ürəyincə deyil, hökumət ev versə, ailəsini də yığıb sevinə-sevinə gedər:

“Gəlirlər ki, sökün bu çadırları… Sökək, hara gedək? Dövlət sahib çıxsa, yaşamağa yer versə, iş versə, çöllükdə niyə yaşayaq ki?! Zülmlə tikdiyimiz evləri od vurub yandırdılar. Təndirlərimiz vardı, çörək bişirirdik, dağıtdılar. Əşyalarımızı çölün düzüylə bir elədilər”.

Bu ilin mayında yerli icra hakimiyyəti və yerli polis əraziyə gələrək burada yaşayan və kənd təsərrüfatı ilə məşğul olan köçkün ailələrinə bildirir ki, İslam İnkişaf Bankı bu ərazilərə yatırım edib, buraları təcili boşaltmalısız.

Fermaya yığışdıq, böyrünü-başını tikdik


Köçkün Hüseyn Şirinov:

“Sovet vaxtı buralar “28 aprel sovxozu” adlanırdı. Burda ferma yerləşib. 1993-cü ildə Kəlbəcərdən köçkün düşəndə bura pənah gətirdik. Fermaya yerləşdik, sonra böyrünü-başını tikdik, düzəltdik, su, işıq çəkdik, təndirlər düzəltdik, mal-heyvan aldıq, çoxaltdıq, bir sözlə, buranı əməlli-başlı yaşayış yerinə çevirdik. 25 ildə burda doğulub böyüyüb, burdan əsgərliyə gedib, şəhid kimi qayıdanımız da oldu, burda doğulub, böyüyüb, gəlin köçənlərimiz də… Biz bura möhkəm bağlandıq, buralar həyatımızın bri hissəsinə çevrildi, ancaq bu ilin mayında həmin hissəsini bizdən zorla qopartdılar”.

Əşyalarımızı məhv elədilər, fermanı yandırdılar

Nicaməddin adlı köçkün danışır:

“Bəzi bir divan tutdular ki… Fermanı yandırdılar, heyvanları çölün düzünə buraxdılar, əşyalarımızı məhv elədilər, daş evləri buldozerlə dağıtdılar. Qaldıq küçələrdə, onun-bunun qapısında. Bizə nə ev verdilər, nə şərait qurdular. Məcbur olub ötən ay yenə bura qayıtdıq. Burda ailə var, uşaqlarını Goranboy xəstəxanasından çıxarıb, birbaşa bura gətirib. Çöllüyün soyuğunda uşaqlar yüksək hərarətdə, halsız vəziyyətdədilər”.

Bu ilin oktyabrında çöllüyə qayıdan köçkünlər burada çadır qurublar. Onlar bir neçə ay əvvəl yerlə-yeksan olmuş şəraitlərini sıfırdan yaratmağı planlaşdırıblar. Ancaq çox keçməyib ki, yerli hökumət qurumlarının nümayəndələri çadırı dövrəyə alıblar. Hər gün köçkünlərə “baş çəkən” icra hakimiyyətinin əməkdaşları və polislər onlardan çadırı söküb, ərazidən uzaqlaşmalarını tələb edirlər. Demələrinə görə, hakimiyyət nümayəndələri tərəfindən həbslə hədələnirlər. Onlar ölkə başçısından kömək istəyirlər.

Gecəylə piyada Mingəçevirə getmişik, ona səs vermişik


“Burdan üzümüzü cənab prezidentə tutub deyirik, biz yağışda, palçıqda, gecəylə ayağımıza “sapoq” geyinib, bu çöllükdən payi-piyada Mingəçevirə getmişik, ona səs vermişik ki, bizə sahib çıxsın. 5 ay əvvəl Gəncənin, Yevlaxın polisini üstümüzə töküb bizi döyə-döyə qara damlarımızdan çıxartdılar, damları yandırdılar. Uşaqlarımız məktəbə getmir, qocalı-uşaqlı – hamı soyuqdan donur, istilik, şərait yaratmağa imkan verilmir. Malımız-heyvanımız da qalmayıb, təsərrüfatlarımızı sıfırdan qurmaq məcburiyyətindəyik. Bir sözlə, dağıtdıqları həyatımızı zülmlə yenidən qurmalıyıq. Bizi həbslə hədələyirlər. Burda məmurların hektarlarla sahələri, əkin, örüş yerləri, fermaları var, keflərini çəkib, həyatlarını sürürlər. Belə çıxır ki, onlar yaşamalıdır, biz qırılmalıyıq”,- köçkünlər deyir.


Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, köçkünlərin yaşayış yeri və sosial durumlarının yaxşılaşdırılması ilə onlar yox, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Hazırda Aran bələdiyyəsi ərazisində 6 min hektar sahədə aqropark yaradılır və köçkünlərin yenidən çadır qurduqları yer də yaradılacaq aqroparkın ərazinə düşür.

İslam İnkişaf Bankının (IDB) “Kənd yerlərinin kompleks inkişafı Layihəsi” çərçivəsində Azərbaycanın Yevlax və Ağdaş rayonlarında suvarma sistemlərinin təkmilləşdirilməsi işləri də aparılır. Bunun üçün bank hələ iki il əvvəl 66,4 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəKöçkün ailələri Yevlaxda çadır qurub yaşayır