Məcburi şəkildə əsəb dispanserinə yerləşdirildiyini iddia edən müəllim başına gələnlərə hüquqi qiymət verilməsini tələb edir
“Hər ay müəllimlərin maaşından 5-10-15 manat civarında yığılır. O pullar hara gedir, hansı məqsədə xərclənir, bilmirik. Əgər məktəbə xərclənirsə, dövlətin məktəbə ayırdığı pul vəsaitləri hanı? Əgər dərsliyə gedirsə, dərsliklər pulsuz verilir. Astarada bunların haqq-hesabını tələb edən müəllimin isə bir adı var – Dəli“.
Astaranın Pensər kəndindən olan, rayondakı 2 saylı orta məktəbdə ingilis dilini tədris edən Fuad Mehrəliyev deyir ki, direktorun pul yığımına qarşı çıxdığına görə bu il avqustun 14-də məcburi qaydada Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “qaçmaması” üçün üzərinə nəzarətçilər də qoyulub. 22 gün sonra dispanserdən buraxılanda ona verilmiş bülleten vərəqəsi ilə işlədiyi məktəbə gələndə direktor ona belə də deyib: “Bizim məktəbdə dəliyə yer yoxdur”.
Deyirdi, hamı pul verir, sən də verməlisən
Fuad Mehrəliyev danışır:
“Mən 6 il idi müəllim işləyirdim, işlədiyim müddətdə də həmişə rüşvətə qarşı çıxmışam. 2017-ci ildə diaqnostik qiymətləndirmədə hər iki mərhələdən yüksək göstəricilərlə keçib rayondakı 2 saylı tam orta məktəbə ingilis dili müəllimi təyin olunmuşam. Məktəbin direktoru Maya Həsənova ilə (hazırda məktəbdə işləmir) pul yığımı mövzusunda tez-tez mübahisələrimiz düşürdü. Deyirdi, bütün müəllimlər pul verir, sən də verməlisən. Deyirdim, vermirəm, heç vaxt da verməyəcəm. Maaş mənimdir, mənə məxsusdur, dövlət onu mənə zəhməthaqqı kimi ödəyir, mən də ailəmin, özümün problemlərimə xərcləyirəm, sənə niyə verməliyəm ki? Müəllimlərə də başa salmağa çalışırdım ki, məktəbin problemlərini həll etmək dövlətin vəzifə börcudur, sizin yox… Sizin vəzifə borcunuz şagirdə təhsil verməkdir. Direktor da buna görə qəzəblənirdi, 1-ci sinif şagirdlərini məktəbin həyətinə çıxarıb “Fuad müəllimi istəmirik” dedizdirir, şagirdləri mənə qarşı qoyurdu”.
Polisə çağırıldım, ordan zorla ruhi-əsəb dispanserinə aparıldım
Fuad Mehrəliyev deyir, bu ilin avqustunda direktorla növbəti mübahisəsindən sonra rayon polis şöbəsinə çağırılıb:
“Polisdən çağırdılar, dedim, rəsmi çağırış vərəqəsi göndərin, gəlim. Sonra anamı, qardaşımı narahat etməyə başladılar, məcbur olub getdim. Mənim “dəlilik” aktım hələ ora çatmamışdan hazır idi, elə şöbədən zorla maşına mindirib Lənkərandakı Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə apardılar, orda həkimlərə təhvil verdilər. Üzərimdə də nəzarətçi qoydular ki, qaçmayım. Saxta sənədlərlə 22 gün zorla dispanserdə saxladılar”.
Fuad Mehrəliyev dispanserdən buraxılandan sonra məktəbə gəlib. Dispanserin verdiyi bülleten vərəqəsini direktora təqdim edib. Direktorsa bildirib ki, bundan sonra onun məktəbdə dərs keçməsi mümkün deyil.
Saxta protokol tərtib etdilər
“Sentyabrın 21-də həmkarların iclasını topladı. 7-8 müəllim iştirak edirdi. Elə bu, iclasın qanunsuz olmasından xəbər verirdi. Beləcə, saxta protokol tərtib etdilər, həmin saxta protokolda işdən çıxarılmağım üçün səbəb də göstərilməyib. Bu saxta sənəd əsasında da direktor məni məktəbdən kənarlaşdırdı. Həmin vaxt direktor Maya Həsənova olsa da, işdən çıxarılma əmrimi hazırkı direktor əvəzi Yaqut Ağayeva imzalayıb ki, bu da qanunsuzdur. Halbuki, hamı yaxşı bilirdi ki, məndə ruhi xəstəlik yoxdur. Ruhi xəstə 6 il dağ kəndlərinin məktəblərində dərs deyə bilərdi? Mən məktəbə işə qəbul olunanda sağlamlıq haqqında arayış təqdim etmişəm. Ruhi xəstəydimsə, arayışda qeyd olunmalıydı. Məndə nevroz var, buna görə əvvəllər müalicələr də almışam, ancaq şükür allaha, dəli deyiləm. Sağlamlığım da, ağlım da əmək fəaliyyəti ilə məşğul olmağa imkan verir”, – müəllim deyir.
Fuad Mehrəliyevi məyus edən həm də budur ki, rayon təhsil şöbəsi də ona dəstək olmayıb. Əksinə, təzyiqlər artıb. Fuad müəllim də sosial şəbəkələrdə videomüraciətlər etməyə başlayıb. Bu, rayon təhsil şöbəsinin rəhbərliyini və məktəb direktorunu daha da qəzəbləndirib.
Başıma gələnlər başqa müəllimlərə görk olmaq üçün idi
Fuad Mehrəliyevi narahat edən həm də odur ki, rüşvətə qarşı çıxmış bir müəllimin ruhi xəstəxanaya salınması təhlükəli tendensiyadır. Bu, həm də gələcəkdə rüşvətə qarşı çıxmaq fikrinə düşəcək başqa müəllimlərə görk kimi bir şeydir:
“Ən pisi odur ki, bir insanın başına istədikləri oyunu açmaq üçün onun ailəsini də məsələyə qatırlar. Polis anamı narahat edirdi, deyirdi, yazılı razılıq verməsən, onsuz da oğlunu zorla dəlixanaya basacağıq. Çox o tərəf-bu tərəf eləsən, həbsə də göndərə bilərik. Anam da həbs olunmağımdan qorxub, mənim xəstəxanaya aparılmağım üçün razılıq verib. Halbuki, dediyim kimi, mən polisə gedəndə, ruhi xəstəxanaya aparılmağım üçün sənədlər orda çoxdan hazır idi, bircə maşına mindirilib aparılmağım qalmışdı”.
Baş verənlər bir pedaqoq və bir vətəndaş kimi Fuad Mehrəliyevə pis təsir edib. Ona təsir edən həm də müəllim həmkarlarından dəstək ala bilməməsi olub. Buna baxmayaraq, o, öz hüquqlarının müdafiəsində qəti qərarlıdır.
“Kəskin paranoid” diaqnozu ilə müalicə olunub
Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Fuad Mehrəliyev xəstəxanaya anasının rəsmi müraciəti əsasında polis vasitəsilə gətirilib. Xəstəxanada müayinələrdən keçib və ona “kəskin paranoid” diaqnozu (psixi və şizofreniyaya aiddir) qoyulub və müalicə olunub. Fuad Mehrəliyevsə deyir, ona verilən arayışda diaqnozu “kəskin paraonid” yox, “Paranoid şəxsiyyət pozuntusu”dur.
Astara şəhər 2 saylı tam orta məktəbdən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Rayon təhsil şöbəsindən isə bildirilib ki, məktəbdə yoxlamalar aparılıb və pul yığımı ilə bağlı iddialar təsdiqini tapmayıb. Fuad Mehrəliyev məktəbdən rayon xəstəxanasının və Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının sənədləri əsasında çıxarılıb. Həmkarlar toplaşaraq belə rəy veriblər ki, daim müalicələr qəbul edən və bir neçə adda sakitləşdirici dərman preparatları qəbul edən bir adam şagirdlərlə işləyə bilməz.
Fuad Mehrəliyev işə bərpası və ona qarşı olanlara görə bütün hüquqi addımları atacağını deyir. O, məhkəməyə müraciət etmək üçün sənədlərini hazırlayıb, hüquqi nümayəndəsi isə növbəti həftə həmin sənədləri və iddia ərizəsini məhkəməyə təqdim edəcək.