Qarabağ əlili: Müharibə əlilləri valideyn qoltuğunda yaşayır

Nəvaidə yaşayan Nüsrət Qasımov qayğı göstərilməməsindən gileylənir

Source:
Nüsrət Yusifov
Nüsrət Yusifov


Nəvaidə yaşayan Nüsrət Qasımov qayğı göstərilməməsindən gileylənir

“Ağdamda döyüşlərdə yaralanmışam. 24 ildir ki, müharibə əliliyəm. İndiyə kimi dövlətin cüzi pensiyasından və prezident təqaüdündən başqa heç bir qayğı görməmişəm. Pensiya, prezident təqaüdü – müharibə əlilinə qayğı bunlarla məhdudlaşmamalıdır. İllərdir ki, mənzil, avtomobil üçün süründürülürəm”.

Hacıqabulun Nəvai kəndində yaşayan Nüsrət Yusifov ikinci qrup Qarabağ əlilidir. Meydan TV-yə danışır ki, uzun illər müalicə üçün dərmanlarını əlillik pensiyası hesabına alıb. Dövlətə mənzil və avtomobil üçün müraciət etsə də, müsbət cavab almayıb. İndiyədək ailəsi ilə şəraitsiz ata evində yaşayır:

Məni mənzil növbəsindən kənarlaşdırıblar

“Ata evində məndən başqa ailəsindən boşanıb gəlmiş iki bacım da yaşayır. Evdə sıxlıqdır, çətindir. Müharibə əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün hər il büdcədən müharibə əlillərinə, şəhid ailələrinə evlərin tikilib verilməsi üçün pul ayrılır. Ancaq nə qədər əlil hələ də qapılarda, qohum evlərində, valideyn qoltuğunda yaşamaqdadır”.

Nüsrət Yusifov 2011-ci ildə Hacıqabul Rayon İcra Hakimiyyətində mənzil növbəsi üçün qeydiyyata götürülüb. Bir müddət sonra maraqlananda xəbər tutub ki, onu əlillərin mənzil qeydiyyatından kənarlaşdırıblar.

Məndən xəbərsiz qeydiyyatım ləğv olunub

“Səbəb də o göstərildi ki, valideynlərimin evi var. Həmin ev 30-cu illərdə çiy kərpicdən tikilmiş ev idi. Təxminən 10 il əvvəl sel nəticəsində dağılmışdı. Fövqəladə Hallar Nazirliyi yeni ev tikib verdi. Ancaq bu ev mənə yox, atama verildi, çünki dağılan ev onun idi. Məni növbəyə yazmamışdılar, eləcə qeydiyyata götürmüşdülər. Bir dəfə maraqlananda ki, mənim mənzil məsələm nə yerdə qaldı, icra hakimiyyətindən bildirdilər ki, sənin qeydiyyatın ləğv olunub. Səbəb də onu göstərdilər ki, Fövqəladə Hallar Nazirliyi sizə ev tikib. Halbuki, həmin ev atamın dağılmış evinin yerinə tikilib verilmişdi, mənə yox, yenə deyirəm, atama. Mən orda ailəmlə bir küncdə yaşayıram. Bacılarım da həmin evə iddialıdılar”.

Həkim komissiyası deyir, kateqoriyan uyğun gəlmir

Nüsrət Yusifov illərdir ki, avtomobil növbəsinə də dayana bilmir. Səbəbindən danışır:

“Rayondakı həkim komissiyası deyir ki, avtomobil növbəsinə götürülmək üçün sənin kateqoriyan düz gəlmir. Deyirəm, düz gəlməsi üçün nnə etməliydim, erməniyə deməlydim məni elə yerimdən yarala ki, gələcəkdə avtomobil üçün növbəyə götürüləndə kateqoriyam düz gəlsin? Mən də bu torpağa görə vuruşmuşam, sağlamlığımı itirmişəm. Tank komandiri olmuşam, döyüşdə erməni hərbçiləri tankımı vurublar, yanan tankdan çıxanda erməni snayperi ilə vurulmuşam. Sağ çiynimdən güllə yarası almışam, 7 qabırğam sınıb, havalar dəyişəndə qabırğalarımda ölümcül ağrılar baş verir, başımdan aldığım zədədən ömürlük kontuziya yaranıb, bununla belə, mənə birinci yox, ikinci qrup əlillik təyin olunub. İndi də həkim komissiyası deyir, bu kateqoriya ilə sənə maşın düşmür”.

Müharibə əlili azirliyə müraciət etməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, müharibə əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə birbaşa nazirlik məşğul olur:

“Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında da nazirlik tərəfindən məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin inşa etdirilməsi konkret şəkildə öz əksini tapıb. Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinə ümumi səbəbdən əlilliyi olan vətəndaşlar müraciət edir. Müharibə əlilinin avtomobillə bağlı müraciəti də düzgün olmayıb”. Qurumdan bildirilib ki, həkim komissiyasının vəzifəsi müayinələrə dair müvafiq arayışları hazırlayıb verməkdən ibarətdir. Müharibə əlili avtomobllə bağlı müvafiq sənədlərini nazirliyə təqdim etməli, sonrakı qərarlar da qurum tərəfindən verilməlidir.

Ana səhifəBölgəQarabağ əlili: Müharibə əlilləri valideyn qoltuğunda yaşayır