İsmayıllıda: Qışda acından qırılıb-batırıq

”Övladlarımın geyiminin yarısını zorla ala bilirik”

Source:


”Övladlarımın geyiminin yarısını zorla ala bilirik”

“Hansı əsrdə yaşayırıq, bilmirəm. Odun sobasında xörək bişirib, çaydan qaynadırıq. Burada nə qaz, nə də ki, işıq xətti yoxdur”.

Bunu Meydan TV-yə İsmayıllı rayonundakı “Qarabağ” qəsəbəsi yeni yaşayış massivinin sakini, 39 yaşlı Rahim İsgəndərov deyir. Onun sözlərinə görə, yaşadıqları ərazidə transformator və elektrik sayğacı yoxdur:

“Qaz xətti də “Qarabağ” qəsəbəsinin məcburi köçkünlər yaşayan hissəsindədir. Uzaq məsafədən də qazı çəkib, gətirməyə imkanımız çatmır. Qaz yox, işıq yox, bircə yıxılıb, ölmək qalıb. Qonşumuz başqa kəndin transformatorundan işıq xətti çəkdirib. Hərəryə bir qol verib, biz də ona qoşulmuşuq. Onun sayəsində yaşayırıq. Qarşıdan qarlı-şaxtalı qış gəlir. İndidən canımı dərd alıb ki, evi necə qızdıracağıq? Gedirik, meşənin qırağından çır-çırpı yığıb, gətirib yandırırıq. Çox pis vəziyyətdə yaşayırıq. Qışda da, yayda da zülm çəkirik”.

Rahim İsgəndərovun problemləri yalnız elektrik və mavi qazla bitmir. İkinci qrup əlil olan şikayətçi, aldığı 140 manat pulla ailəsini dolandıra bilmədiyini deyir:

“1997-ci ildə əsgərliyə getdim. İki aydan sonra xəstəxanalıq oldum. Böyrəklərimdən qan gedirdi. Altı ay “Papanin” adlanan ərazidəki hərbi hospitalda yatdım. Bir az müalicə etdirdim. Düzü, bir o qədər də xeyri olmadı. İndiyə kimi də xəstəxanalardayam. Müalicə almayanda, sidik kanalımda qanaxma olur. Dövlətdən əlilliyə görə aldığım pulla müalicəmi edim, yoxsa ailəmi dolandırım?”

2003-cü ildə evlənən Rahim İsgəndərovun üç övladı var. Uşaqlarla birlikdə problemləri də böyüyür:

“Övladlarımın geyiminin yarısını zorla ala bilirik. Torpaq almışıq, yalnız pulunun bir hissəsini ödəmişik. Evi də tikməyə pulumuz yoxdur, yarımçıq qalıb. Qarşıdan qış gəlir, evin damı açıqdır. Dam örtüyü olmayan evdə insan yaşaya bilər? Həyat yoldaşım da xəstədir, ödündən əməliyyat olunub. Çox çətinliklə dolanırıq. İsmayıllıda iş yerləri yoxdur. Olan işlər də çox ağırdır, fiziki gücüm yoxdur, səhhətim buna imkan vermir. Məcburiyyətdən kərpic zavodunda günəmuzd fəhlə işləyirəm. Orada da hər gün iş olmur. Günaşırı, 3-4 gündən bir olur, onda da günümə 10 manat yazılır”.

Şikayətçi deyir ki, yayda mövsümi işlər olur, amma qış fəslində vəziyyət daha da çətinləşir:

“Qışda acından qırılıb-batırıq. Fəhlə işləyən adamın evinə nə gəlir gələcək? 100-150, ən yaxşı halda isə 200 manat. Bu pul yay mövsümündə olur. Qışda heç nə, yıxıl, öl. Nə mal-qara var, nə təssərrüfatla məşğul ola bilirik. Dolanışıq yoxdur. Xəstəlik bir yana qalsın, heç nə edə bilmirik”.

İsmayıllı Rayon İH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov Meydan TV-yə bildirib ki, işlə bağlı müraciət edən vətəndaşlar mütləq şəkildə işlə təmin olunur:

“Kommunal müəssisələrdə, yaxud tikinti şirkətində vakansiyalar olanda, özümüz vətəndaşları işlə təmin edirik. Belə imkanımız olmayanda, müraciət edənləri İsmayıllı rayon Məşğulluq Mərkəzinə yönləndiririk. Həmin qurumda insanlar dövlət proqramına uyğun olaraq, istiqamətləndirilərək işlə təmin edilir.

Qəsəbənin işıq və qaz probleminə gəlincə, bununla bağlı vətəndaşları qəbul edib, problemlərini dinləmişik. İki ildir ki, aidiyyatı qurumlara müraciət edirik, nəticə almağa çalışırıq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ərazi sakinlərinin yazılı şəkildə quruma müraciət etmələrini tövsiyə edib:

“Sakinlər ərizə ilə müraciət ünvanlasınlar, elektrik enerjisi ilə təmin olunmaqlarına yardımçı olaq”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Meydan TV müxbiri ilə söhbətində bildirib ki, bölgələrin qazlaşdırılması Dövlət Proqramına uyğun olaraq, ardıcıllıqla həyata keçirilir:

“Bu il 42 inzibati rayon üzrə 83 yaşayış məntəqəsində qazlaşma işləri həyata keçirilib. Bu işlər növbəti illərdə ayrılmış dövlət vəsaitinə uyğun olaraq həyata keçirilməkdə davam etdiriləcək. Dövlət vəsaiti ayrılarsa, proqrama daxil edilərsə, İsmayıllı rayonu, “Qarabağ” qəsəbəsi yeni yaşayış massivində qazlaşması işi həyata keçirilə bilər. Amma bu növbəti illərdə nəzərdə tutulub”.

Ana səhifəBölgəİsmayıllıda: Qışda acından qırılıb-batırıq