Ömrün uzunluğu, yoxsa uzunömürlülük

İlham Əliyev: “Azərbaycanda insanların ömrünün uzunluğu artır…”

Source:


İlham Əliyev: “Azərbaycanda insanların ömrünün uzunluğu artır…”

Oktyabrın 11-də Qubada rayon Mərkəzi Xəstəxanasının açılışında prezident İlham Əliyev Azərbaycanda ölüm hallarının azaldığını, uzunömürlülüyün artdığını bildirib: “Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır”.

Elə həmin gün “Turan” agentliyi rəsmi qurumlara istinadla statistik rəqəmlərlə zəngin xəbər

yaymışdı

. Bu xəbərdə Azərbaycanda ölüm hallarının artdığı bildirilirdi: “2018-ci ilin 8 ayında ölkədə 39496 ölüm halı qeydə alınıb. Bu göstərici üzrə əhalinin hər 1000 nəfərinə 6,0 ölüm düşür. Ölənlərin sayında artım var. Ötən ilin eyni dövründə ölkədə 39004 ölüm halı qeydə alınmışdı”.

Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölənlərin sayı 492 nəfər çoxdur. İl də hələ başa çatmayıb…

Prezident bütün sahələrə cavabdeh olsa da, hər sahədən başı çıxsa da (istənilən obyektin qırmızı lentini kəsəndən sonra orada görülən və görüləcək işlə bağlı “tövsiyə və tapşırıqlarını” verdiyindən bu qənaət yaranır), çıxışlarını ona verilən statistik rəqəmlər əsasında qurur. Rəsmi qurumların isə prezidentə ötürdüyü və ictimaiyyətə açıqladığı rəqəmlər arasında, göründüyü kimi, konkret bu situasiyada fərq var. Rəsmi qurumlar düşünür ki, prezidentin çıxışları həmişə uğurlu siyasət üzərində qurulmalıdır, bu səbəbdən saxta rəqəmlər o mətnlərə salınır.

Həmin çıxışında prezidentin səsləndirdiyi daha bir rəqəm şübhə doğurur. Belə ki, prezident bir neçə ildir ölkədə aparılan “müayinədən keçmə – diaqnostika” ilə bağlı vətəndaşlara göstərilən xidmətdən danışıb: “Bir neçə ildir ölkəmizdə müayinədən keçmə – diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib”.

Pulsuz tibbi müayinə kampaniyası prezidentin tapşırığıyla səhiyyə nazirinin müavininin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəmcam əsasında 2014-cü ildən aparılır. Bu il kampaniya 12 fevral-12 may tarixlərində keçirilib. Belə çıxır ki, 5 milyondan çox adam bu müddətdə diaqnostikadan keçib. Burada mübahisəli məqamlardan biri ölkədə, ümumiyyətlə, 5 milyon adamın yaşayıb-yaşamamasıdır. Çünki uzun illərdir bununla bağlı dartışma gedir. Bir çoxu iddia edir ki, ölkədə əhalinin sayı 5 milyona çatmır. Rəsmilərin 10 milyon dediyi əhalinin qalan hissəsi dolanışıq ucbatından, ölkədəki ayrı-seçkilik, hakimiyyətə tənqidi münasibət, təzyiqlər, həbslər, təqiblər üzündən keçmiş sovet respublikalarına və dünyanın müxtəlif ölkələrinə səpələnib. Rəsmi rəqəmlər təkcə Rusiyada 2 milyondan çox azərbaycanlının yaşadığını deyir. Ancaq qeyri-rəsmi rəqəmlərdə bu say 3 milyondan çoxdur. Son illər Orta Asiyaya (əsasən Qazaxıstan, Qırğızıstan, Özbəkistan) yaşamağa, işləməyə gedənlərin də sayının artdığı deyilir. Türkiyə isə artıq ikinci vətəndir. 700 minə yaxın əhalisi olan Naxçıvanın sakinlərinin az qala yarısı Türkiyəyə köç edib…

5 milyonla razılaşsaq belə, 3 ayda 5 milyon adamın müayinələrdən, hansısa aparatlardan keçməsi real deyil, sadəcə buna vaxt çatmaz. Şənbə, bazar və bayram günlərini çıxsaq (onların sayı Azərbaycanda yetərincədir), gün sayı azalır, üstəlik, diaqnostika briqadaları rayonlara heç də ardıcıl getmir. Başqa bir məsələ saxta, yəni şişirdilmiş rəqəmlərdir.

Məsələn, xəbərlərin birində yazılır ki, Suraxanı rayonunda əhalinin 87,4 faizi bu il mayın 12-dək pulsuz tibbi müayinədən keçib: “Tibbi müayinə dövründə Suraxanı rayon üzrə 157 min 409 nəfər və 136 müəssisənin kollektivi tibbi müayinədən keçib”. Bu, rayon İcra Hakimiyyətinin

saytında

 yazılıb. Heç səhiyyə naziri Oqtay Şirəliyevi də buna inandıra bilməzsiz. Baxmayaraq ki, elə Səhiyyə Nazirliyi bu il əhalinin 3 ay ərzində pulsuz tibbi müayinədən keçiriləcəyini açıqlamışdı. Görünür, bu 3 ay ərzində xəstəxanalara, poliklinikalara üz tutan hər kəs – diş çəkdirən, başı, qarnı ağrıyan, əməliyyat olunan, uşaq doğan, qripə yoluxan… “pulsuz tibbi müayinə” kampaniyası siyahısına salınıb. Ölkə sərhədini keçən hər vətəndaşımız turist kimi qeydə alındığı sayaq…

Səhiyyəmizin hansı durumda, maddi-texniki bazasınını hansı səviyyədə olmasına örnək bir faktı deyim. Sinif yoldaşım sentyabrın başlanğıcında Bakıda xəstəxanada əməliyyat olundu. Ayağının pəncəsində qaralma vardı. Şəkər xəstəsiydi. O səbəbdən ayağını əvvəlcə dizdən aşağı, bir neçə gün sonra dizdən yuxarı kəsdilər. Əməliyyat üçün 2 min manata yaxın pul almışdılar. Ona baş çəkəndə çarpayısının yanında kiçik bir aparat gördüm. O aparata qoşulu şlanqın bir ucu sinif yoldaşımın kəsilmiş ayağına bağlıydı. Səbəbini soruşdum. “Bu, yaradan çirki çəkmək üçündür” dedi, – “xəstəxanada yox idi, başqa bir həkimdən müvəqqəti icarəyə götürmüşük, 350 manata”. Sinif yoldaşım pul verib icarəyə götürdüyü o aparatdan sona qədər yararlana bilmədi. Çünki əməliyyatdan 20 gün sonra elə xəstəxanadaca öldü. 59 yaşı vardı. Bu bir misal İlham Əliyevin Qubada xəstəxananın açılışında səhiyyənin uğuruyla bağlı dediklərini təkzib edir: “…Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik… prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”. Rayon nədir, paytaxt xəstəxanalarının hansı durumda olmasına bir örnək yuxarıdakı faktdır.

Sinif yoldaşımın dəfni günü kənddə başqa biri də ürək tutmasından ölmüşdü. Onun 57 yaşı vardı. Bir kənddə eyni gündə iki nəfər pensiya yaşına çatmadan ölmüşdü. Prezidentsə ölkədə “insanların ömrünün uzunluğunun artmasından” danışır. Bu “ömür uzunluğunu” əsas gətirib pensiya yaşını da artırırlar.

Rəsmilərin çıxışlarına, “pulsuz tibbi müayinə” təbliğatına inanıb xəstəxanalarda vaxt itirməklə özünüzü aldatmayın. “Havayı pendir ancaq siçan tələsində olur” məsəlini də unutmayın.

Ən başlıcası, çalışın xəstələnməyin!

Ana səhifəAnalitikaÖmrün uzunluğu, yoxsa uzunömürlülük