Kənddəki 300-dən çox məktəblinin təhsilsiz qaldığı deyilir
“Kənddə 300-dən çox məktəbli var, bunların 15-20-si o dağılmış binanın keçmiş kömürxanasında dərs oxuyur, onlar da elə məktəbin müəllimlərinin övladlarıdır. Bir azca imkanlı ailələrdən olanlar kənddəki müəllimlərin evinə gedir, pul verib təhsil alır, böyük qismi isə evdə oturub, təhsildən yerli-dibli kənarda qalıb. Ancaq bu uşaqların hamısı məktəbli kimi o məktəbdə qeydiyyatadır”.
İmişlinin Muradxanlı kənd sakinləri Meydan TV-yə danışırlar ki, kənddəki məktəbin binası bərbad vəziyyətdə olduğundan məktəblilər təhsildən kənarda qalıb.
Uşaqlara bit-birə darışır, həşəratlar toxunur
Təqribən 3 min 500 nəfər civarında heyəti olduğu deyilən Muradxanlıdakı birmərtəbəli məktəb binası 1961-62-ci illərdə inşa edilib. Bugünədək bircə dəfə də əsaslı təmir olunmayıb. Bina istismar müddətini çoxdan başa vursa da, yenisi tikilməyib. Zaman-zaman daşları qopub düşən, pəncərələri, qapıları, tavanı, döşəməsi çürüyən, içərisi zibilliyə çevrilən məktəb binasına daxil olmaq mümkün deyil. Sakinlər deyir, nəmişlik qoxuyan binada uşaqlara bit-birə darışır, zəhərli həşəratlar toxunur.
Kənd sakini Babək Nəcəfovun sözlərinə görə, dövlət qurumlarına uzun-uzadı müraciətlərdən sonra bir neçə gündür ki, məktəbin dam örtüyü təmir olunur. Təmir işlərinin yalnız dam örtüyü ilə kifayətlənəcəyini bilən sakinlər razılaşmırlar:
“Məktəbin özülü dağılıb, özülü olmayan məktəbin damını düzəldirlər. Təkcə dam örtüyüylə iş bitmir axı. Ay hökumət, əvvəl bunun özülünü bərkit, sabah dağılacaq, uşaqlar qalacaq dağıntı altında… İçərisini abad elə, qurd-quşdan təmizlə. Döşəməsini, tavanını, qapısını, pəncərəsini, istilik sistemini qur…”
50 min manat ayrılıb, 10 minlik iş görülür
Sakinlər iddia edirlər ki, bu yaxınlarda məktəbin təmir-bərpası üçün 50 min manat ayrılıb, bu məbləğin qarşılığında təkcə dam örtüyünü təmir etmək yeyintidən xəbər verir. Babək Nəcəfov sözünə davan edir:
“Dam örtüyü tutsun 10 min manat. Keyfiyyətsiz, ucuz materiallarla başa gələn örtükdür, fəhlələrin zəhməthaqqısı ilə birlikdə məbləğ 10 min manatı aşmaz. Bəs pulun qalanı? Özü də bu işi Fövqəladə Hallar Nazirliyi görür. Niyə? Bu nazirlik təbii fəlakətdən qəzalı vəziyyətə düşən tikililəri bərpa edir, dağılan tikililərin yerində yenisini tikir. Bizim məktəb təbii fəlakətdən bu vəziyyətə düşməyib axı, onun istifadə müddəti ötüb, ona görə dağılır. Fövqəladə Hallar Nazirliyinin bu işə nə aidiyyəti var? Bir saxta sənəd düzəldiblər ki, guya bina zəlzələdən, küləkdən, yağışdan bu günə düşüb. Yalandır, binanın istismar müddəti bitib, dağılır. Təzəsini tikmək lazımdır. Kor-kor, gör-gör, hamısı pul silmək üçün oyunlardır. Ortada uşaqlarımıza yazıq olur”.
Üstəlik, dam örtüyünün təmirinə də tətil aylarında yox, ilk bilik günü – sentyabrın 17-də başlanılıb. Məktəbə gələn 15-20 şagird də geri qayıtmalı olub.
Uşaqlar ağızlarını tənziflə bağlayır
Kənd sakini Vaqif Nəsirov:
“Ora məktəb deyil, xarabalıqdır, zibilxanadır. Uşaq gedib o məktəb binasından bit-birə, xəstəlik yığıb gətirir. Orda dərs keçməyə şərait yoxdur. 10-15 məktəbli gedir, onlar da ayaq üstə dərs keçib gəlirlər. Oturmağa normal yer də yoxdur”.
Məktəb binasına daxil olanda uşaqlar ağızlarını tənziflə bağlayırlar ki, infeksiyaya yoluxmasınlar.
Kənd sakini Heydər Ağayev deyir, təqribən ayyarım əvvəl kəndə deputat Çingiz Qəniyev gəlib. Onlar da məktəb problemini deputata bildiriblər və məsələni aidiyyəti qurumların qarşısında qaldırması üçün ona ərizə veriblər:
“Dedi, çalışaram, ancaq söz vermirəm, mənim gücümdə olan bir iş deyil, ancaq ərizənizi aidiyyəti yerlərə çatdıraram. Çardırdı, çatdırmadı, bilmədik”.
Rəsmi qurum: O kənddə modul məktəb binası quraşdırılacaq
Ətraf kəndlərdə yeni məktəblərin tikilməsi, ancaq Muradxanlının hələ də xarabazara çevrilən tikilinin ümidinə qalması valideynləri ümidsizləşdirib. Onlar faktiki məktəbsiz qalan kənddə gələcəyi təhsilli, savadlı, parlaq uşaq görmürlər.
İmişli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Muradxanlı kəndində köhnə məktəb əsaslı təmir olunacaq, əlavə yeni məktəb binası tikiləcək. Dam örtüyü müvəqqəti dəyişdirilir ki, yağış mövsümü olduğu üçün binanın içərisinə su düşməsin: “Yaxın vaxtlarda 132 şagird yerlik Aqranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması nəzərdə tutulub. Son illərdə rayonun kəndlərində xeyli yeni tipli məktəb tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub. Elə Muradxanlının ətrafındakı Əliqulular, Ağaməmmədli, Oruclu, Cəfərli, Ağamalılar kəndlərində məktəblilər yeni məktəb binasında təhsil alırlar”.