Təqsirləndirilən şəxslərin bəzi hüquqları məhdudlaşdırılıb
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi həbsdə olan üç nəfər AXCP fəalı (Babək Həsənov, Aqil Məhərrəmov, Ruslan Nəsirli) və onlarla birlikdə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov ilə qardaşı oğlunun həbsdə də bəzi hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edib. 16 avqust 2018-ci il tarixli qərara əsasən, 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan bu şəxslərin ailə üzvləri ilə görüşmək, telefonla danışmaq hüququ məhdudlaşdırılıb.
B.Həsənovun vəkili prokurorluğun qərarının qanunsuz hesab edilməsi və ləğv olunması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmədə şikayətə nə vaxt baxılacağı hələlik məlum deyil.
B.Həsənov bundan əvvəl də məhdudiyyətlə əlaqədar prokurorluğu məhkəməyə verib. Şikayətə baxılarkən müstəntiq məhdudlaşdırma barədə qərarı da məhkəməyə təqdim edib. Qərarın üzərindəki tarix elə məhkəmə iclası keçirildiyi gün olub – 16 avqust 2018-ci il.
Həbsdə olan cəbhəçilərin ailə üzvləri və vəkilləri bir neçə aydır ki, onların telefonla danışmaq, yaxınları ilə görüşmək hüququnun pozulduğunu bildirir, bununla əlaqədar müxtəlif dövlət orqanlarına şikayət edirdilər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata bildirilmişdi ki, təcridxana rəhbərliyi tərəfindən heç bir məhdudlaşdırma qərarı yoxdur. Prokurorluq isə heç bir açıqlama vermirdi.
Sentyabrın 3-də Nəsimi Rayon Məhkəməsində Saleh Rüstəmovun barəsində həbs-qətimkan tədbirinin daha üç ay artırılması barədə vəsatətə baxılıb. Vəsatət təmin edilib və sabiq icra başçısının həbs müddəti dekabrın 18-nə qədər artırılıb.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş S.Rüstəmov mayın əvvəlində qardaşı oğlu Vidadi Rüstəmovla həbs olunub. Mayın 25-də axşam saatlarında isə AXCP funksionerləri – Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli həbs olunub. Onlar Saleh Rüstəmov ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar. Prokurorluğun rəsmi açıqlamasında 412 min dollardan söhbət gedir.
AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib. Həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib. Deyib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. S.Rüstəmov ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.
Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.