”Paşinyan hazırda kütlələrin dəstəyinə malikdir”
1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş
Robert Köçəryan
ın növbədənkənar parlament seçkilərinə qatılmaq haqda bəyanatı gündəmin daha çox müzakirə olunan məsələləri sırasındadır.
İyulun 28-də
həbs olunan, amma 15 gün sonra şərti azadlığa buraxılan sabiq prezident bildirib ki, siyasətə qayıtdığını elan edibsə, buna uyğun olaraq, seçkilərə də gedəcək:
“Ancaq hələ vaxta çox var, durum da sürətlə dəyişir. Hələlik, format məsələsini açıq saxlamaq, təşkilati məsələləri həll etmək, hədəf qoymaq, siyasi dayaq saydığım şəxslərin səfərbərliyi üzərində işləmək lazımdır”.
R.Köçəryan partiyaların onu dəstəkləmək sualına konkret cavab verməyib:
“Partiyalara gəlincə, bunu onlardan soruşmaq lazımdır. Mənə elə gəlir, durum zamanla elə dinamik inkişaf edəcək ki, heç nəyi istisna etmək olmaz. Amma təkrar edirəm, indi onların yerinə qərar verə bilmərəm. Hər şeydən əvvəl özümə, öz qüvvəmə, eləcə də ətrafımda birləşən vətəndaşlara bel bağlayıram”.
Ermənistandakə mövcud vəziyyəti Meydan TV-yə şərh edən Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov düşünür ki, Rusiyanın əsas siyasəti baş nazir Nikol Paşinyanı öz təsiri altında saxlamaqdır:
“Kremlin əsas məqsədi Nikol Paşinyanı devirmək deyil, yeni hakimiyyət dəyişikliyindən sonra növbəti hakimiyyət dəyişikliyi barədə düşünmək bir qədər kobud və çətin olardı. Çünki Paşinyan hazırda ən azı kütlələrin dəstəyinə malikdir”
O hesab edir ki, prinsipcə, Ermənistan cəmiyyəti baş nazirin 1998-ci ildən bu ilin aprelinə qədər hakimiyyətdə olan siyasi və iqtisadi-hərbi elitaya qarşı addımlarını dəstəkləyir.
“Bu elita Ermənistanın problemlərini həll edə bilmədiyindən ağır sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıyır. Eyni zamanda, bu elita korrupsiyaya uğrayıb, Köçəryan və Sarkisyan Ermənistanın ən varlı insanlarındandır və bu imkanları hakimiyyət vasitəsilə əldə ediblər. Ona görə bu cür vəziyyətdə birbaşa hakimiyyət dəyişikliyini stimullaşdırmaq çətin olar”.
R.Mirqədirov qeyd edib ki, bununla yanaşı hər iki şəxsin maliyyə, informasiya, siyasi və inzibati resursları var.
“Ən azı parlamentdə ən böyük fraksiya Respublika Partiyasıdır. Həm də baş nazir Paşinyanla daşnaklar və “Çiçəklənən Ermənistan” arasında saziş maraqlardan irəli gəldiyi üçün müvəqqətidir. Yəni kütlənin dəstəyi olsa da, Paşinyanın resursları ölkəni tam nəzarətə götürməyə imkan vermir. Nəhayət, baş nazirin Ermənistanın xarici siyasəti ilə bağlı fikirləri bir qədər fərqlidir, bu amil də Rusiyanın ona münasibətinə təsir edir”.
Rauf Mirqədirov deyir ki, Serj Sarkisyandan fərqli olaraq Robert Köçəryana Moskvada inam böyükdür.
“Putin hakimiyyətə gələndən sonra Köçəryanla heç vaxt ciddi fikir ayrılığı olmayıb. Təsadüfü deyil ki, Köçəryan hakimiyyətdən gedəndən sonra qısa müddətdə Rusiyada AFK “Sistema” kimi aparıcı bir korporosiyanın Direktorlar Şurasının üzvü oldu. Məsələ ondadır ki, Köçəryan birbaşa və düşünülmüş şəkildə Rusiya ilə əməkdaşlıq edirdisə, Sarkisyan həmişə ayağı sürüşkən olub, hansısa vasitələrlə Qərblə yaxınlaşmaq istəyib, Assotiativ Sazişi imzalamağa hazırlaşırdı, amma Moskvaya dəvət olunduğundan geri çəkildi. O, həm də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addlmlar atmaq niyyəti güdüb. Məsələn, Ankara ilə Sürix protokollarını imzaladı, yaxud bir dəfə demişdi ki, Ağdamın Ermənistan ərazisi olduğunu heç vaxt söyləməyib”.