”Oğlumun gözü tutulub, özüm də şəkər xəstəsiyəm”
“Oğlumun gözü tutulub, qızım hepatitdən əziyyət çəkir, özüm isə ağır şəkər xəstəsiyəm. Demək olar bütün orqanlarım sıradan çıxıb, yaman gündəyəm”.
Ağstafanın Yenigün kəndinin sakini 54 yaşlı Ceyran Bəxtiyarova belə deyir.
Bildirir ki, onların hər birinə ciddi müalicə lazımdır. Hətta oğlu Abbasın gözü əməliyyat olunmalıdır, ancaq gəlirləri olmadığından etdirə bilmirlər:
“İmkanım yoxdur, tək qadınam. Oğlum əsgərlikdən gələndən sonra evi dolandıra bilmək üçün orda-burda fəhləlik etməyə başladı. Broyler sexində yem daşıyanda gözünə infeksiya düşdü. Dedik, yəqin elə-belə şeydir. Bir müddət aptektən aldığımız dərmanla, türkəçarə ilə problemi həll etməyə çalışdıq. Vəziyyət daha da pisləşdi. Şişdi, sulandı, qapandı. Sonra həkimlərə apardıq, hərə bir söz dedi. Bugünədək müalicədədir. Ancaq gözünün suyu qurumur ki, qurumur”.
Şəkərim birdən o qədər yüksək olur ki, əlim-ayağım əsir
C.Bəxtiyarova deyir ki, qızını birtəhər qohum-qonşunun köməyi ilə ər evinə köçürüb. Oğlu ilə birlikdə yaşayır. Hər ikisi xəstə olduğundan əmək qabiliyyətləri yoxdur:
“Yenə uşaq işləyib evə baxırdı. İndi o da işləyə bilmir. Mənimsə şəkərim birdən o qədər yüksək olur ki, əlim-ayağım əsir. Hər şeyi salıb qırıram. Demək olar, bütün orqanlarım sıradan çıxıb. İnfeksiya isə balamın gözünü tamamilə kor edib. Yenə həkimə apara bilmirəm, yüngülvari müalicə alır, o da işə yaramır. Artıq sulanma və ağrı ikinci gözünə də keçib. Yazıq gözünün ağrısından gecələr də yata bilmir. Təsəvvür edin, adamın gözünə kipriyi düşür, ya nəsə xırda nəsə girir dayana bilmirsən. Yazıq bala, aylardır bu vəziyyətdədir. Deyir, elə bilirəm gözümün içinə nəsə düşüb”.
Heç birimiz işləmirik, pensiya almalıyıq, onu da vermirlər
Abbas Bəxtiyarov deyir ki, dolana bilmirlər:
“Heç birimiz işləmirik. Pensiya almalıyıq, vermirlər. Ağstafa poliklinikasına müraciət etdim. Dedilər pensiya üçün xəstəxanada yatmalısan. Bir xeyli qaldım. Sonra dedilər ki, sənə pensiya düşmür. Qayıtdım gəldim evə”.
Sosial yardıma müraciət edirik, deyirlər, sizə düşmür
C. Bəxtiyarova imkansızlıqdan heç bir övladına təhsil verə bilməyib:
“Ağız açmaqdığım qohum-əqrəba qalmayıb. Hamısına yalvarmışam ki, nolar kömək edin, oğlumun dərmanlarını alım. Bir müddət Bakıda Respublika Klinik Xəstəxanasında yatdı. Ondan sonra gözü birtəhər açılır. Ancaq yenə də işləyə bilməz. Sosial yardıma müraciət edirik, deyirlər, sizə düşmür. O xəstə, mən xəstə, bəs nə edək? Necə dolanaq? Pensiya yox, bir yerdən gəlir yox, yardım da düşmür. İşləyib, qazana da bilmirik, belə çıxır ki, ölməliyik”.
“5- 6 min dolları biz ömrümüzün axırınadək toplaya bilmərik”
A. Bəxtiyarov deyir ki, hər ay gözünə bir xeyli dərman almalı olur. Həmin damcıların, dərmanların köməyilə digər gözünü birtəhər saxlayır ki, tutulmasın:
“Yoxsa, mən nə edərəm. Tbilisiyə də getdik. Əməliyyat dedilər, xərci çoxdur, bizim üçün fantastik rəqəmdir. 5- 6 min dolları biz ömrümüzün axırınadək toplaya bilmərik. Heç hamısı birlikdə 100 dollarımız yoxdur. Bəzən dayım dərmanpulu verir. Ona da artıq utanıram”.
Evin uçsaydı, yansaydı, səni dinləyərdik
Bəxtiyarovlar ailəsi problemləri ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə də müraciət edib:
“Məni qəbul etmədilər ki, evin uçsaydı, yansaydı, səni dinləyərdik. Sənin problemin səhiyyə ilə bağlıdır, imkansızlıqdır. Get xəstəxanaya, sosial yardıma müraciət et. Onlar da üzümüzə baxmır. Fatma doktorun yanına getdim. O da dedi ki, sənə ancaq o köməyi edə bilərəm ki, göndəriş verərəm, gedərsən Zərifə Əliyeva adına Oftomologiya Mərkəzinə. Get-gələ saldı, onu da vermədi”.
Bir də görürsən balam oturub ağlayır ki…
C.Bəxtiyarova deyir ki, dolanmaq üçün bağı, baxçası, heyvanı, əkini yoxdur:
“Qohum-əqrəba da çörəyimə, çayıma kömək edir. Hamısı imkansız adamlardır. Bir verəndə beş verə bilmirlər. Bir də görürsən balam oturub ağlayır ki, mən niyə belə oldum, nə zamanadək belə olacağam. Oturduğum yerdə balalarımın canı ilə sınandım. Yoxsa mən bu vəziyyətə düşməzdim bəlkə də. Kasıbıq, heç nəyimiz yoxdur. Barı sağlamlığımız olaydı, o da yoxdur. İnanın, dolanışığı fikirləşmirəm, uşağın gözü açılsın, bəsimdir. Ayda damcı dərmanları 30-40 manat tutur. Hər ay gedir, qardaşlarım yığıb verirlər, alır. Artıq qalanına da baxırsan çörək, qənd alıb gətirib. Nə deyim, çox pis vəziyyətdəyik”.
Biz əlimizdən gələni etmişik
Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Baş həkim Fatma Vəliyeva deyib ki, onlar xəstəxanaya pensiyaya görə yox, oğlanın gözü ilə bağlı göndəriş almaq üçün müraciət ediblər:
“Göndərişi də vermişik, gedib müalicə olunub. Biz əlimizdən gələni etmişik. Pensiya kəsilməsini istəyirsə, bunun üçün də buyursun, müraciət etsin, onun qarşısını heç kim almayıb”.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağstafa rayon şöbəsindən isə deyiblər ki, ailə onlara müraciət etsin:
“Kim deyib, “sizə yardım düşmür”? Əvvəla müraciət etsinlər, araşdırılsın, lazım olan sənədləri toplasınlar. Yardımın düşüb-düşməməsinə biz qərar vermirik. Həmin sənədlər Bakıya, nazirliyə göndərilir, onlar qərar verirlər”.