Kəndli: 5 hektar sahədə əkdiyim qarpız tullantıya çevrildi

Poyluda kimlərin sahələri suvarılır, kimlərin sahələri “od tutub yanır”

Source:


Poyluda kimlərin sahələri suvarılır, kimlərin sahələri “od tutub yanır”

“Suyu yalnız öz sahələrinə buraxırlar. Bir bostan qarpızım xarab olub. Kasıbın canı da yansın, malı da xarab olsun, nə veclərinə…”

Adil İsmayılov Ağstafanın Poylu kəndində yaşayır. Elə həmin kənddə öz pay torpağında – 5 hektar sahədə qarpız əkib. Ancaq susuzluqdan vaxtında suvarılmayan qarpız sahəsi məhv olub. Əvəzində kəndliyə xeyli zərər dəyib.

Gecə-güncüz öz günəbaxanlarını suvarırlar

“Mənim sahəmin yaxınlığında iki məmur birləşib 50 hektar yerdə günəbaxan əkib. Su da o sahəyə verilir. Mənsə 5 hektarlıq sahədə əkdiyim qarpızları çıxarıb tullamalıyam. Çünki vaxtında suvarılmadı, məhv oldu”, Adil İsmayılov deyir.

Kəndli deyir, sahələrin susuz qalmasının səbəbkarları Ağstafa Rayon Su İdarəsi və kənd icra nümayəndəliyidir. Kənd icra nümayəndliyi idarəyə siyahı verir, həmin siyahıdakı sahələrə su verilir, siyahıya düşməyən əkin sahələri isə susuzluqdan məhv olur.

Vətəndaş necə dolansın?..

“Kim öz adamlarıdır, kim qohumdur, kim pulludur, varlıdır, siyahıda onların sahələridir. Əkin sahələrin vaxtında suvarılır, sabah yığım vaxtı gələndə texnikanın ən yaxşısı da həmin sahələrə göndərilir, qəşəngcə məhsullarını yığıb bir neçə ay əvvəldən qapıda gözləyən müştərilərinə təhvil verirlər. Var-dövlət üstünə var-dövlət gəlir. Mənim kimi arxasız, kasıb isə zərərə düşür. O adamlara sual verən yoxdur ki, bu qədər kəndlinin əkin sahəsi sizin üzünüzdən məhv olur, vətəndaş necə dolansın”, – Adil İsmayılov vurğulayır.

“Kasıba çatanda artezian da çatdırmır”

Kəndlinin deməsinə görə, hər dəfə su idarəsinə üz tutanda ona bildirilir ki, kənddəki artezianın bütün əkin sahələrini suvarmağa gücü çatmır:

“Deyir, artezian çatdırmır. Bu, necə olur, artezian da elə kasıbın qarpızına çatanda su vura bilmir? Bəs bu artezianlar gecə-gündüz icra nümayəndəsinin, bələdiyyə sədrinin, su idarəsi rəisinin sahələrini suvarmağı çatdırır, mənim bostanıma çatanda, çatdırmır? Suya görə pul da ödəyirəm, deyir, əlavə yenə ödə…”

Böyük bir ailənin yükü Adil İsmayılovun çiynindədir. Deyir, gərək qarpız olsun ki, qışda da dolanışıq olsun:

“Balalarımın canına and olsun, bu boyda sahəni ordan-burdan borca girib əkmişəm. Hesablamışam ki, 5 hektarlıq qarpızı satıb ailəmi təmin edəcəyəm, qışı çulumuzu sudan çıxaracam. Acından ölürük. Qapılara düşüb dilənəsi deyilik ki… Allah ağıl verib, əlimiz-qolumuz yerində, zəhmət çəkirik, əkirik, biçirik ki, bəhrəsini görək. Kəndlinin başqa gəliri yoxdur… Heç olmasa, buna əngəl olmasınlar. Prezidentdən də, kənd təsərrüfatı nazirindən də xahiş edirəm, mənə yazıqları gəlsin, kömək eləsinlər”.

Quraqlıqdır, su azalıb

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Poylu kənd sakinlərindən daxil olan şikayətləri yerli Sukanal İdarəsinə ünvanlayırlar. İdarə kəndlərdəki əkin sahələrinin vaxtında suvarılması ilə bağlı lazımi tədbirləri görür. Lakin havaların quraqlıq keçməsi ilə əlaqədar mənbələrdə su qıtlığı yaranıb. Bu səbəbdən də bəzən kəndlilər arasında narazılıq yaranır:

“Ancaq bununla belə, müvafiq qurumlar çalışır ki, əkin sahələri olan kəndlilər zərərə düşməsin. Sahələr növbəli şəkildə suvarılır”.

Hər gün 5 hektar sahədəki bostanlıqdan ürək ağrısı ilə geri qayıdan Adil İsmayılova isə, özü demişkən, olan artıq olub. İndi o, zərərə düşdüyü 2 min manatdan çox borcu necə qaytaracağını düşünür.

Ana səhifəBölgəKəndli: 5 hektar sahədə əkdiyim qarpız tullantıya çevrildi