Fransa məhkəməsi Azərbaycanın xarici jurnalistlərə senzura qoya bilməyəcəyi qərarını
çıxarıb
Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxıb. Jurnalistlər Elise Lucet və Laurent Richardın məhkəməsi Parisin Nanter bölgəsində olub.
2015-ci ilin sentyabrında “France 2” televiziyası ilə yayımlanan araşdırma proqramında E.Lucet Azərbaycanın “dünyanın ən qəddar diktaturaları”ndan biri olduğunu söyləyib.
Richard isə “France Info” radiosuna müsahibəsində Azərbaycana “diktatura” deyib.
Hadisə Fransanın o zamankı prezidenti François Hollande-ın Azərbaycana səfəri zamanı baş verib.
Azərbaycan hökuməti jurnalistləri məhkəməyə verib.
Noyabrın 7-də məhkəmə Azərbaycan hökumətinin Fransada jurnalistlərə senzura qoya bilməyəcəyi ilə bağlı qərar verib.
Bu barədə jurnalist Laurent Richard “Facebook” səhifəsində də yazıb. O bildirib ki, artıq məhkəmənin də rəsmi qərarı var:
“Azərbaycan diktatura adlandırıla bilər və Azərbaycan xaricə senzura ixrac edə bilməz”.
Jurnalistlər diffamasiyada ittiham olunurdular. Beynəlxalq media qurumları bu iddianı Bakının “Fransaya senzuranın ixracı” cəhdi adlandırırdılar.
Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanılmış və avadanlıqları əllərindən alınmışdı.
“Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr məhkəmədə fransalı jurnalistlərin müdafiəsi istiqamətində ifadə verib. Digər şahidlər azərbaycanlı jurnalist Aqil Xəlil və insan haqları fəalları Leyla və Arif Yunuslar olub.
RSF fransalı jurnalistlərə qarşı iddianı “Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi” adlandırıb.
“Ölkədə plüralizmin kökünü kəsməklə gözü doymayan rejim indi də xaricdəki tənqidçilərini hədəfə alır”, – Parisdə mənzillənən media qurumu sentyabrın 4-də bildirib.
“Sadəcə söz azadlığı hüququndan yararlandığına görə iki fransalı jurnalisti məhkəməyə verməklə Azərbaycan hökuməti tənqidə tamamilə dözümsüzlüyünü sərgiləmiş oldu. Bakının Fransaya senzura ixrac etməsinə yol verməməliyik”, –RSF-in baş katibi Christophe Deloire deyib.
Qurumun bildirməsinə görə, ilk dəfədir ki, xarici hökumət Fransa məhkəməsində jurnalistlərə qarşı defamasiya iddiası qaldırıb.
RSF-in 2017-ci il Ümumdünya Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.
Azərbaycan prezidenti İlham Əliyevsə RSF-in “mətbuat azadlığının düşmənləri” siyahısına salınıb.