”Əfqan Muxtarlı saxlanılarkən başına torba keçirilib, üzündə çapıqlar var”

Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz pozma və qaçaqmalçılıqda təqsirləndirilir

Source:


Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz pozma və qaçaqmalçılıqda təqsirləndirilir

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz pozma) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir. Meydan TV-yə bu barədə vəkil Elçin Sadıqov bildirib.

”İfadəsində bildirdi ki, dünən saat 18:00 radələrində yaşadığı Tbilisi şəhərində evinin yaxınlığından ”Opel” markalı avtomobilə zorla mindirilib. Əlləri xamutla arxadan bağlanıb. Onu döyüblər. Hazırda burnunda çapıq, sağ gözündə, alnının ortasında və sol gicgah nahiyyəsində qançır izləri var. O, qabIrğasının qırıldığını düşünür. Sol tərəfdən ürəyinin altında qabırğasının ağrıdığını deyir. Tbilisidən bir az çıxandan sonra başını torba ilə bağlayıblar. O nəfəs ala bilmədiyini, ürəyinin ağrıdığını deyib. Bundan sonra onun başına mayka dolayıb, skoçka bağlayıblar”.

Əfqan Muxtarlı ifadəsində bildirib ki, avtomobili 2 saat idarə edib, çöllüyün ortasına gətiriləndən sonra onu başqa maşına mindiriblər. Bir müddət yenə sürüb, sonra yenə avtomobili dəyişiblər:

”Axırıncı avtomobildə Azərbaycan dilində danışırmışlar. Sonra onu avtomobildən düşürüblər. Gözünü açanda özünü sərhəd xidmətində görüb. Cibinə 10 min avro pul qoyulub. Jurnalist həmin pulu daha öncə görmədiyini bildirib. Biz həm tibbi ekspertiza, həm də sərhəd məntəqəsinin ətrafını çəkən kameraların görüntüsünü tələb etdik. Hazırda şübhəli şəxs qismində saxlanılır. Sabah həbs-qətimkanla bağlı məhkəməyə aparılacaq”.

Əfqan Muxtarlı bildirib ki, onu Tbilisidə saxlayan şəxslər dövlət orqanlarının işçilərinə bənzəyirdi:

”Özlərini təqdim etməsələr də, Gürcüstan təhlükəsizlik xidmətinin işçilərinə oxşayırdılar. Jurnalistin ölkəyə bu şəkildə gətirilməsi hər iki sərhədin pozuntusudur. Bu gecə 37-ci Polis Bölməsinin müvəqqəti saxlanma yerində tutulacaq. Dərmanları hələ ona verilməyib, ancaq su verilib. O həbsinə səbəb kimi ”Facebook”dakı tənqidi statusları və araşdırma yazıları olduğunu dedi”.

Vəkil Əfqan Muxtarlının üzərindən 2 lari 25 qəpik gürcü pulu çıxdığını söyləyir. Üzərindən çıxan 10 min avroya gəlincə, vəkil onun əlavə məsuliyyətə cəlb etmək üçün olduğunu söyləyib: ”Bu kampaniya gələcəkdə əlavə şəxslərin də işə cəlb olunması ilə nəticələnə bilər.

Mayın 30-da Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirilib. O, mayın 29-da, axşam saatlarında “yoxa” çıxıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat vermişdi. Onun sözlərinə görə, həmin gün axşam saat 7 radələrindən etibarən Əfqanın telefonuna zəng çatmayıb.

Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü “haqqın.az” saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi.

Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər – professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar.

Artıq Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Ana səhifəXəbərlər”Əfqan Muxtarlı saxlanılarkən başına torba keçirilib, üzündə çapıqlar var”