Müharibə dövründə Azərbaycan öz əhalisinin hər dörd nəfərindən birini itirib

“Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar” kitabının müharibə dövrünə aid olan hissəsi

Source:
Azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya
Azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya

“Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar” kitabının müharibə dövrünə aid olan hissəsi (qısaldılmış şəkildə):

1941-1945-ci illər. Bu dövr Azərbaycanın demoqrafik tarixində ən faciəli bir dövr kimi təsbit etdiyimiz bir dövrdür. Belə ki, bu dövrdə ölkələr üzrə əhalinin sayca dəyişməsini xarakterizə edən demoqrafik statistika göstərir ki, Azərbaycan nəinki Sovet respublikaları ilə, hətta dünya ölkələri ilə nisbi müqayisədə ən çox əhali itkisinə məruz qalan ölkə olub. Sovet statistik mənbələrindən götürülmüş rəqəmlər və onların əsasında əldə etdiyimiz nəticələr üzrə ən bəsit araşdırmalar bu fikrin doğru olduğunu aydın şəkildə sübut etməkdədir. Daha doğrusu, əhalinin ölkələrarası mexaniki hərəkətini hesaba almaqla müharibənin başladığı anda mövcud olan əhalinin sayı ilə müharibənin bitdiyi anda həmin əhalinin sayı arasındaki fərqi müəyyən etməklə əldə etdiyimiz nəticələrin müqayisəsi bu fikrin danılmaz olduğunu göstərir. Ancaq rəqəmlərin təhlilinə keçməzdən öncə xatırladaq ki, müharibə SSRİ-də əhali statistikasının aparılmasına mane olub və bu işin bərpası 1950-ci ilə qədər davam edib.

Ona görə də biz müharibə dövründə müttəfiq respublikalar üzrə əhalinin sayının dəyişməsini müəyyən etmək ücün başlanğıc nöqtəsi kimi 1940-cı və 1950-ci illərin məlumatlarından istifadə etməli olmuşuq.

1940-1950-ci illərdə nisbi olaraq əhalisi ən çox azalan respublika Belarusiya olub. Bu ölkədə 1950-ci ildə 1940-cı ilə nisbətən əhalinin sayı 14,8% az idi. Bu göstəriciyə görə 2-ci ölkə Azərbaycan – 12,7%, 3-cü Litva – 12%, 4-cü Ukraynadır – 11,5%. SSRİ üzrə bu dövrdə əhalinin sayı 8% azalıb. Ancaq bu rəqəmlər müharibə dövründə respublikalar üzrə əhali itkisi haqqında müəyyən təsəvvür yaratsa da, əsl gerçəyi üzə çıxartmır.

1. Rusiya demoqraflarına görə SSRİ-nin əhalisi 1941-ci ilin iyununda (müharibədən sonraki sərhədlərdə) 197,5 milyon nəfər, 1945-ci ilin sonunda isə 170,5 milyon nəfər olub. Yəni SSRİ-nin əhalisi 1941-1945-ci illərdə 27 milyon nəfər və ya 13,7% azalıb.

2. Müharibədən qalib çıxan Sovet İttifaqının zəbt etdiyi və öz tərkibinə qatdığı bölgələrdən milyonlarla əhali müharibədən sonra etnik mənsubiyyətinə görə qonşu ölkələrə deportasiya edilib. O cümlədən, 1939-cu ilin sentyabrın 17-sinə qədər Polşa ərazisinin yarısını təşkil edən Qərbi Ukrayna, Qərbi Belarusiya və Vilno (Vilnüs) rayonu (indiki Litva ərazisinə aiddir) adlanan keçmiş Polşa torpaqlarından 2,5 milyon nəfər polyak və az sayda yəhudi indiki Polşa ərazisinə deportasiya edilib.

3.Alman qoşunları Sovet ərazilərindən geri çəkildikcə, onlarla birlikdə həmin ərazilərin yerli alman əhalisi də Almaniyaya doğru köçməli olurdular. Qeyd edək ki, 1939-cu ildə indiki sərhədləri daxilində Ukraynada 627 min nəfər alman yaşayırdı.

Bütövlükdə Almaniyanın işğalı altında olmuş SSRİ ərazilərində 2,7 milyon nəfər yerli alman əhalisi yaşayırdı. Bundan başqa 1941-1944-cü illərdə Baltik ölkələrində 230 min nəfər yerli əhali Avropa və Amerikaya emiqrasiya ediblər (əsasən litvalılar).

4. Almanlara əsir düşmüş Sovet adamlarının 270 min nəfəri müharibədən sonra geri dönməkdən imtina edərək Amerikaya emiqrasiya ediblər. Onların 141 min nəfərini litvalılar, latışlar və estonlar, 128 min nəfərini isə ukraynalılar və ruslar təşkil edirdi.

5. 1941-1942-ci illərdə alman işğalına uğramış Sovet ərazilərindən milyonlarla əhali SSRİ-nin şərq rayonlarına evakuasiya edilmişdilər ki, onların da xeyli hissəsi yeni yaşayış yerlərindən geri dönməyiblər. Məsələn, təkcə Belarusdan 1,5 milyon nəfər əhali Volqaboyu, Ural və Sibir bölgələrinə evakuasiya ediliblər.

6. Müharibə illərindən başlayaraq 1950-ci ilə qədər, xüsüsilə də 1944-1945-ci illərdə Stalinin “milli siyasəti” nəticəsində SSRİ-nin qərbində yaşayan bir sıra etnoslar bütünlüklə, bəziləri də qismən öz doğma torpaqlarından Qazaxıstana, Orta Asiyaya və Sibirə sürgün edildilər. Bütünlüklə sürgün edilənlər almanlar, Krım tatarları, çeçenlər, inquşlar, qaraçaylılar, balkarlar, kalmıklar və Axıska türkləri idi. Polyaklar, yəhudilər, yunanlar, bolqarlar, Baltik xalqları qismən sürgün edildilər. Bütövlükdə üç milyon nəfərdən artıq əhali milli mənsubiyyətinə görə SSRİ-nin şərqinə sürgün edildilər. Beləliklə, yuxarıda göstərilən faktlardan məlum olur ki, 1940-1950-ci illər arasındaki dövrdə SSRİ-də əhalinin azalması xeyli dərəcədə əhalinin deportasiyası və ya miqrasiyası ilə bağlı olub. Müharibə dövründə və müharibədən sonraki 5 ildə təxminən 5,5 milyon nəfər əhali zorla və ya könüllü SSRİ-ni tərk edib, bir milyona yaxın əhali isə SSRİ-yə köçüb. SSRİ-yə gələnlərin 120 min nəfəri erməni idi. Onların da 90 min nəfəri Ermənistanda məskunlaşıblar. Əhali yerdəyişmələri nəticəsində ən çox əhalisi azalan respublikalar isə Ukrayna, Litva və xüsusilə də Belarusiya olub. Belarusiyada əhalinin sayının azalması 1950-1954-cü illərdə də davam edib. Belə ki, Sovet hökuməti işğal etdiyi Köniqsberq bölgəsi (indiki Kalininqrad bölgəsi), Litva, Latviya, Estoniya və Finlandiya ərazilərindən deportasiya edilmiş və emiqrasiya etmiş əhalinin tərk etdiyi yaşayış məntəqələrinin slavlarla məskunlaşdırılması prosesinə belarusları da geniş şəkildə cəlb etmışdi. Görünür ki, bu da Belarusiyanın adı çəkilən ərazilərlə qonşu olması və ya coğrafi yaxınlığı ilə bağlı idi. Bütövlükdə araşdırmalar göstərir ki, müharibə dövründə Ukrayna və Belarusiyada, eləcə də Litvada mülki əhalinin qırılması ilə bağlı azalma faizi SSRİ üzrə olan ümumi göstəricidən, xüsusilə də Azərbaycanla müqayisədə olduqca aşağı olub. Paradoksal bir sual ortaya çıxır: necə olur ki, 3 ildən artıq (1941-1944-cü illər) bir dövrdə Almaniyanın işğalı altında olan və böyük dağıntılara məruz qalan Belarusiya və Ukraynada, eləcə də digər müharibə görmüş bölgələrdə mülki əhalinin qırılması ilə bağlı azalması Azərbaycanla müqayisədə olduqca aşağıdır?!

Azərbaycanlı əsgərlər müharibə vaxtı
Azərbaycanlı əsgərlər müharibə vaxtı

Öncə qeyd edək ki, hesablamalarımıza görə Azərbaycanda 1941-ci ilin iyununda əhalinin sayı 3.380 min nəfərdən cox olub. Müharibə başlayan kimi Azərbaycanda yaşayan almanlar (1939-cu ildə onların sayı 23 min nəfər idi) Qazaxıstana və Sibirə sürgün edildi. Ancaq eyni zamanda on minlərlə əhali müharibə bölgələrindən Bakıya evakuasiya edilib. Müharibə illərində Bakı hospitallarında 400 min nəfərə yaxın əsgər və zabit müalicə olunub. Beləliklə, Ukrayna və Belarusiyadan fərqli olaraq Azərbaycana gələn əhali gedənlərdən daha çox olub və bizim hesablamalarımıza görə süni əhali yerdəyişmələrinin təsirini aradan qaldırdıqdan sonra 1945-ci ilin sonuna Azərbaycanın əhalisi 2,6 milyon nəfərdən bir qədər çox olub. Yəni müharibə dövründə Azərbaycan əhalisinin sayı 780 min nəfər və ya 23,1% azalıb.

Xatırladaq ki, Sovet Ordusuna səfərbər edilənlərin sayı 600-650 min nəfərdir. Onların da 275 mini müharibədə həlak olub. Beləliklə, müharibə dövründə mülki əhali itkisi yarım milyon nəfərdən çox olub, yəni müharibədə ölənlərdən iki dəfə çox. Bu əhali itkisinin böyük əksəriyyəti kənd əhalisinin payına düşürdü. Belə ki, kənd yerlərində əsgərlik yaşı çatmış bütün kişi əhalisi müharibəyə göndərilmişdi. Halbuki şəhərlərdə, xüsusilə də Bakıda dövlət idarə və müəssisələrində işləyən kişi əhalisinin xeyli hissəsi hərbi səfərbərlikdən azad edilmişdi. Ən başlıcası isə o idi ki, şəhərlərdə əhali kart sistemi ilə ərzaqla təmin edilirdi. Kəndlərdə isə əhaliyə nəinki ərzaq kartları verilirdi, üstəlik onlar demək olar ki, ərzaq əldə edə biləcəyi təsərrüfat mənbələrindən də məhrum edilərək, Allahın ümidinə buraxilmışdılar. Ona görə də kənd yerlərində əhali aclıqdan və xəstəlikdən kütləvi şəkildə qırılırdı. Həmin dövrü yaşamış kənd sakinlərinin söylədiklərinə görə, o illərdə, xüsusilə 1944-cü ildə ölənlərin sayı o qədər çox idi ki, onları dəfn etmək bir problemə çevrilmişdi. Belə ki, meyitləri qəbiristanlığa qədər daşımağa taqəti olan adam tapılmırdı və bu cür hallarda meyitlər öz həyətlərində və ya yaxın ərazilərdə dəfn edilirdi. Müqayisə üçün apardığımız demoqrafik araşdırmalar göstərir ki, qonşu Gürcüstanda və Ermənistanda müharibə dövründə mülki əhalinin sayı nəinki azalmayıb, hətta bir qədər artıb. Daha doğrusu, Gürcüstanda mülki əhalinin sayı təxminən 50 min nəfərə qədər artıb, Emənistanda isə 30-40 min nəfər azalıb. Yuxarıda qeyd etdiyimiz kimi, Azəbaycan təkcə keçmış Sovet respublikaları ilə müqayisədə deyil, Avropa ölkələri ilə müqayisədə də ən çox nisbi əhali itkisinə məruz qalan ölkə olub. Müharibə dövründə ən çox əhali itkisinə məruz galan Avropa ölkəsi Polşa olub. Müharibənin ilk qurbanı və sonuncu azad olmuş Polşa 6 ilə yaxın işğal altında qalıb. Müharibənin başlanğıcında Almaniya və SSRİ arasında ikiyə bölünmüş Polşada xalq təkcə faşizmin deyil, Stalin repressiyalarının da qurbanı olub. Ancaq Polşa mütəxəssisləri müharibə dövründə polyakların sayının 16,5% azaldığını təsbit ediblər. Başqa sözlə, hər 6 polyakdan biri müharibə qurbanı olub. Göründüyü kimi Azərbaycanla müqayisədə bu göstərici olduqca aşağıdır. Belə ki, müharibə dövründə Azərbaycan öz əhalisinin hər dörd nəfərindən birini itirib. Halbuki Azərbaycan nəinki Almaniyanın işğalına məruz qalmayıb, heç düşmən aviasiyasının hücumundan da ziyan çəkməyib. Müharibə dövründə əhali itkiləri dövlətlər üzrə deyil, millətlər üzrə hesablanılarsa, şübhəsiz ki, ən çox itki verən millətin yəhudilər olduğu danılmaz bir faktdır. Hesablamalara görə, İkinci Dünya Müharibəsi illərində 5,8-6,0 milyon nəfər yəhudi məhv edilib.

Məlumdur ki, yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsi Almaniyanın onlara qarşı yeritdiyi soyqırım siyasətinin nəticəsi idi. Bəs, görəsən Azərbaycan əhalisinin aclıqdan və xəstəlikdən kütləvi şəkildə qırılmasına düçar edilməsi hansı siyasətin nəticəsi idi?! Bizcə, tarixçilər və politoloqlar yaxın keçmişimizin bu qısa, lakin faciəli dövrünü daha dərindən öyrənməli və uyğun gələn siyasi qiyməti verməlidirlər. Biz isə yalnız onu deyə bilərik ki, Sovet höküməti İkinci Dünya Müharibəsi illərində Azərbaycanın neftindən və digər təbii sərvətlərindən həlledici dərəcədə faydalanıb, eləcə də Azərbaycanın əhali resurslarından Sovet Ordusunun ehtiyacları üçün maksimum səviyyədə yararlanıb. Ancaq bütün bunların əvəzində müharibə illərində Azərbaycanın mülki əhalisi, xüsusilə də kənd əhalisi rəzil vəziyyətə düçar edilərək kütləvi qırğınlara uğradılıb.



Redaksiyadan: Kitab Şahbaz Muradovun həmmüəllifliyi ilə yazılıb. Yazının dərc olunan hissəsi Çingiz Baxışa məxsusdur.



Kitab 2013-cü ildə AMEA İqtisadiyyat İnstutunda çap edilib.

Ana səhifəXəbərlərMüharibə dövründə Azərbaycan öz əhalisinin hər dörd nəfərindən birini itirib