“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib.
APA-nın məlumatına görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Dünən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
F.Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.
Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.