Mehman Əliyev: “Fakt odur ki, Azərbaycan 2000-ci ildə AŞ-a üzvü olandan sonra insan hüquqlarının və demokratiyanın vəziyyəti daha da pisləşdi”
İyunun 23-də Strasburqda AŞPA sessiyasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik təsisatların fəaliyyəti haqqında” hesabatı müzakirə edilib.
Hesabatda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçki problemləri qiymətləndirilib.
Sənəddə deyilir ki, seçki qanunvericiliyində islahatlar üzrə Venesiya Komissiyasının əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.
Sənəd müəllifləri ölkədə ifadə və toplaşma azadlığı hüququna əməl olunmamasını, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığını qeyd ediblər.
Monitorinq Komitəsi insan hüquqlarının vəziyyətinin pisləşməsi, müstəqil QHT-lər və hüquq müdafiəçiləri üçün imkanların olmaması, müstəqil mətbuata təqiblərlə bağlı ciddi narahatlığını ifadə edib.
Həmçinin sənəddə hökumət “belə sistematik təqiblərə və hakimiyyəti tənqid edənlərin sıxışdırılmasına son qoymağa çağırılıb”.
Hesabatda həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin əvvəlki tövsiyə və qərarlarının tətbiqinin, real hakimiyyət bölgüsünün, ifadə və toplaşma azadlığının təminatının vacibliyi qeyd olunur.
Müzakirələr zamanı millət vəkilləri Avropa Şurasının dəyər və prioritetlərinə məhəl qoymadığı üçün rəsmi Bakını kəskin tənqid ediblər.
Sənədə sərt düzəlişlərin qəbulunun qarşısının alınması və kəskin rəylərin yumşaldılması üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun cəhdləri nəticəsiz qalıb.
Monitorinq Komitəsinin rəhbəri Seneh qeyd edib ki, məruzəçilər hesabatın yazılması zamanı ciddi təzyiqlərə məruz qalıblar. Hesabatın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda plüralizm, ifadə azadlığı və müstəqil məhkəmələr olsun.
Qəbul edilən qətnamədə Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsi, ölkədə repressiyalara son qoyulması, mürtəce qanunvericiliyin ləğvi,vətəndaş cəmiyyəti üçün şəraitin yaradılması, söz azadlığının təminatı tələb olunur.
Bundan əlavə, hesabatda hakimiyyətin dərhal azad etməli olduğu siyasi məhbusların adları açıqlanır.
Hökumətin arxayınçılığı hər iki tərəfin oyun oynamasından irəli gəlir
Parlament Assambleyasının toplantısında səslənən tənqidləri və qətnaməni Meydan TV-yə şərh edən “Turan İA”ın direktoru Mehman Əliyev bildirdi ki, indiyə qədər qurumun həm mülayim, həm də daha sərt qətnamələrini gördüyündən sonuncu qətnamə də onun üçün yeni bir şey deyil: “Fakt odur ki, Azərbaycan 2000-ci ildə AŞ-a üzvü olandan sonra insan hüquqlarının və demokratiyanın vəziyyəti daha da pisləşdi. Ona görə də deklorativ qətnamələrə və ya bəyanatlara inanmıram”.
Mehman Əliyev hökumətə verilən tövsiyərin yerinə yetiriləcəyi barədə sualı belə cavablandırdı: “Əvvəlki qətnamələrdə də tövsiyələr olub, 2013-cü ilin yanvarında hətta kompromis qərar qəbul olundu ki, geniş çərçivədə öhdəliklər yerinə yetirilsin və sənəddə siyasi məhbuslar məsələsi də vardı. Ancaq nəticə baxımdan vəziyyət daha da pisləşdi və rəsmi Bakı götürdüyü öhdəlikləri yerinə yetirmədi. Ümumiyyətlə, hakimiyyət indiyə qədər götürdüyü öhdəlikləri, imzaladığı konvensiyaları tam şəkildə yerinə yetirmir. Hökumətin arxayınçılığı hər iki tərəfin oyun oynamasından irəli gəlir. Azərbaycan hakimiyyəti Qərbin sərt addım atmayacağını bilir”.
Faktiki müxalifət Qərbi İlham Əliyevin müdafiəsinə istiqamətləndirir
O, rəsmi mətbuatın son vaxtlar Qərbi, xüsusən Almaniyanı, ABŞ-ı sərt tənqid etməsi və ardınca Avropa Oyunlarından sonra hakimiyyətin daxildə sərt addımlar atacağı barədə suala “hər şey ola bilər” deyə reaksiya verərək, cavab verdi ki, yaranmış vəziyyət Qərblə Bakı arasında müəyyən sövdələşmə nəticəsində baş verir: “Ona görə də hər şey mümkündür. Qərb 1994-cü ildən başlayaraq indiki hakimiyyətin güclənməsində maraqlı olub. Şəxsən İlham Əliyevin hakimiyyətinin güclənməsi Qərbin dəstəyi ilə baş verib. Bu yanaşmada Rusiya və daxili amillər də var. Bəli, Qərb demokratik təsisatların inkişafını da istəyir, sadəcə, indiki məqamda sabitlik əsasdır. Ondan sonra iqtisadi əməkdaşlıq, qanunvericilikdə, idarəetmədə islahatlar gəlir. Problem ondadır ki, Qərbin Əliyevə dəstəyində Azərbaycan siyasi dairələri, müxalifət daxili proseslər də təkan verir. Baxın, daha çox hər seçki ərəfəsində mediada müxalifətin bir-birinə qarşı ittihamlarına start verilir. Hakimiyyət də bunları Qərbə göstərərək deyir ki, buyurun, bunlarla işbirliyi yaradılması düzgün deyil, mənasızdır, yaxşı hökumət və prezident var. Faktiki müxalifət Qərbi İlham Əliyevin müdafiəsinə istiqamətləndirir. Mən iddia etmirəm ki, müxalifət bunu məqsədli şəkildə, yoxsa tapşırıqla edir, fakt budur ki, müxalifət daxilində qarşılıqlı ittihamlar hakimiyyəti gücləndirir”.