Azərbaycanlı köçkünlər Ermənistana qarşı beynəlxalq məhkəməni uddu

Erkin Qədirli: “Azərbaycan bu məhkəmə çəkişməsindən uğurla çıxdı”

Source:


Erkin Qədirli: “Azərbaycan bu məhkəmə çəkişməsindən uğurla çıxdı”

İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib.

Bu barədə açıqlama yayan vəkil Anar Bağırov bildirib ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. Amma maddi kompensasiya ilə bağlı sual açıq qalıb. Daha dəqiq desək, məhkəmə bu məsələni həll etmək üçün tərəflərə 12 ay vaxt verib.

“Çıraqov və başqaları Ermənistana qarşı” işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.

Qərarı Facebook səhifəsində şərh edən REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi “Qarabağ münaqişəsi”nə aid iki iş üzrə qərarını verməliydi: “Güman etdiyim kimi, qərarlar oxşar oldu (“oxşar işlər üzrə oxşar qərarlar” prinsipi). Söhbət formal oxşarlıqdan gedir, kontekstin fərqli olduğunu və siyasi, eləcə də hüquqi haqqın biz tərəfdə olduğunu yaxşı bilirik. Lakin Məhkəmə belə dərinliklərə gedə bilməz. Avropa İnsan Haqları Məhkəməsi ərazi mübahisələrinə baxmır (baxa da bilməz). Bununla belə, Məhkəmə, özünün icad etdiyi “səmərəli nəzarət nəzəriyyəsi”nə (“effective control doctrine”) görə, cavabdeh dövlətin məsuliyyətini müəyyən edərkərn, Konvesniyanın 1-ci maddəsinə uyğun şəkildə, onun (cavabdeh dövlətin) hüquqi səlahiyyətlərinin (jurisdiction) coğrafi hüdudlarını aydınlaşdırmalıdır. Normalda, belə hüdudular dövlətin rəsmi sərhədləri çərçivəsində olur. Səfirliklər və hərbi bazalar kimi beynəlxalq hüquqa uyğun təcrübələr olanda, həmin hüdudlar rəsmi sərhədlərdən qırağa çıxır. Məhkəmə “Çiraqov və başqaları Ermənistan’a qarşı” işdə şikayətçilərin bir sıra haqlarının (mülkiyyət, ailə və özəl həyat, səmərəli müdafiə) Ermənistan tərəfindən pozuluduğunu müəyyən etdi. Etnik və irqi ayrı-seçkiliklə bağlı şikayətçilərin iddiaları təmin olunmadı. Bu işdə Azərbaycan tərəfi istədiyini ala bildi. Avropa İnsan Haqları Məhkəməsi işğal olunmuş ərazilərimiz üzərində Ermənistanın səmərəli nəzarətini tanımaqla dolayı yolla işğal faktını təsdiqlədi (Məhkəmənin özü belə sözlərdən istifadə etməsə də, qərarından belə nəticəni çıxarmaq olur)”.

Hüquqşünas qərarın çox önəmli cəhətlərindən biri kimi məhkəmənin şikayətçilərin Laçına gedə bilmədiklərinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirməsini göstərdi. O, bu amilin çox vacib məsələ olduğunu düşünür: “Çünki sonradan “Kəlbəcər girovları” işində də istifadə olunacağı aydındır, əgər şikayət Məhkəməyə dürüst verilərsə. “Çiraqov və başqaları Ermənistan’a qarşı” işdə Avropa İnsan Haqları Məhkəməsi xüsusilə vurğuladı ki, Ermənistan öz silhalı qüvvələrinin birbaşa iştirakı vasitəsilə, eləcə də başqa yollarla Qarabağ münaqişəsinin ilk günlərindən fəal münaqişə tərəfi olub. Gündəmin istehzalı tərəfi ondadır ki, elə “Çiraqov və başqaları” işiylə yanaşı, Məhkəmə həm də “Sarqsyan Azərbaycan’a qarşı” işdə də qərar verdi. Bu qərar “Çiraqov və başqaları Ermənistan’a qarşı” işdəki qərara oxşayır. Burada da eyni haqların (mülkiyyət, ailə və özəl həyat, səmərəli müdafiə) pozulduğu tanındı. Amma burada məsuliyyət daşıyan tərəf Azərbaycan oldu. Bu işin qəribəliyi ondadır ki, Məhkəmənin tarixində ilk dəfə belə oldu ki, cavabdeh dövlət haqların pozulduğu zaman nəzarət etmədiyi, amma sonradan yenidən ələ keçirdiyi ərazidə məsuliyyət daşıyan tərəf kimi tanındı. Hüquqi baxımdan qəribə qərardır, hüquq nəzəriyyəsində xeyli mübahisələrə səbəb olacağı indidən aydındır (bir gün bu barədə geniş yazaram). Burada Məhkəmə məsələyə siyasi yöndan yanaşdı (iki şikayəti tarazlaşdırmaq istədi)”.

E.Qədirlinin sözlərinə görə, “Sarqsyan Azərbaycan’a qarşı” işdə Məhkəmə xeyrimizə bir məsələni vurğuladı. Məhkəmə qeyd etdi ki, müharibə şəraitində mülki əhalinin (Ermənilər nəzərdə tutulur) Azərbaycanın nəzarət etdiyi əraziyə (Goranboy’un Gülistan kəndindən söhbət gedir) gediş-gəlişini məhdudlaşdırmaq üçün ədalətli əsasları var. Halbuki, Ermənistanın nəzarəti altında olan ərazilərimizə (Laçın nəzərdə tutulur) əhalinin gediş-gəlişini məhdudlaşdırmaq üçün heç bir ədalətli əsas yoxdur. Ümumilikdə, Azərbaycan bu məhkəmə çəkişməsindən uğurla çıxdı”.

Ana səhifəXəbərlərAzərbaycanlı köçkünlər Ermənistana qarşı beynəlxalq məhkəməni uddu