Hüquqşünas Elmira Süleymanovaya müraciət etdi: “Polisin təkrar işə bərpa edilməsini ilə dərhal məşğul olmalıdır”
Avstriyalı idmançıların avtobusla vurulması görüntülərini internetdə yayan polis daxili işlər orqanlarından uzaqlaşdırılıb. Bu barədə DİN-in mətbuat xidmətindən APA-ya məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.
“Lakin həmin gün qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi, onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Xidməti araşdırmalar davam etdirilir”.
DİN-in mətbuat xidmətinin məlumatını Facebook-da şərh edən hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, hüquq pozuntusuna dair informasiyaların yayılmasına görə Azərbaycan qanunvericiliyi də daxil olmaqla, demokratik ölkələrdə “xəbərçilərin qorunması”- prinsipi var.
Hüquqşünas 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” qanununu xatırladaraq qeyd edir ki, qanunun önəmli prinsiplərindən biri də xəbərçilərin qorunması və təqib edilməsinin yolverilməzliyidir: “DİN bu məlumatı yaymaqla Qanunun “6.1.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması”- prinsipini açıq şəkildə pozduğunu bəyan edib. İndi mən burdan İnsan Hüquqları üzrə Müvəkkilə müraciət edirəm. İnformasiya əldə etmək haqqında Qanunun icrasına nəzarəti 42.1.2-ci maddə ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)`a tapşırıblar. Həmin polisin təkrar işə bərpa edilməsini ilə dərhal məşğul olmalıdır. Ayrıca, İnzibati Xətalar Məcəlləsinin 181-3.5-ci maddəsinə əsasən “İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə – məsuliyyət nəzərdə tutulub. Bu polisi işdən qovan “vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər”.