Eldar Namazov və David Şahnazaryan birgə bəyanat yayıblar

“Vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini üzərinə götürməyə çağırırıq”

Source:


“Vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini üzərinə götürməyə çağırırıq”

Finlandiyada olan Azərbaycan prezidenti katibliyinin keçmiş rəhbəri Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan birgə bəyanat yayıblar. Onların hər iki ölkə rəhbərliyinə müraciətini Azərbaycan və Ermənistanın bir qrup vədəndaş cəmiyyəti nümayəndələri də imzalayıb.

Bəyanatın “Turan İA”ə göndərilmiş mətnində qeyd edilir ki, hələ 8 dekabr 2010-cu ildə Azərbaycanın və Ermənistanın Tbilisidəki ictimaiyyət nümayəndələri Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) təşəbbüsü çərçivəsində Bəyannamə imzalayaraq, tərəflərin rəhbərliyinə aşağıdakı çağırışları ediblər:

– hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönəlmiş siyasi aksiyalara və informasiya aksiyalarına son qoymaq;

– atəşkəs rejiminin möhkəmləndirilməsi və silahlı insidentlərin qarşısının alınması üzrə təxirəsalınmaz addımlar atmaq, snayperlərin təmas xəttindən dərhal çıxışını təmin etmək;

– Helsinki Yekun Aktı əsasında münaqişənin təməl həll normalarına (güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabərhüquqluluq və xalqların öz müqəddəratını həll etmək hüququ) “mübahisələrin sülh yolu ilə həlli” prinsipini əlavə etmək;

– Dağlıq Qarabağ tənzimlənməsi üzrə “yol kartı” işlənib hazırlanmasına başlamaq.

“Ötən dövr ərzində bu çağırışların hələ də eşidilməməsi və xalqlarımızın atəşkəs rejiminin 20 illiyini sülh yolu ilə tənzimləmə, yaxşı qonşuluğun bərpa edilməsi üzrə təcrübi vəzifələrin həlli, əməkdaşlıq və regional inteqrasiya yolunda deyil, rəsmi danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyət, qoşunların təmas xəttində gərginliyin artması və postsovet məkanında başlamış proseslərlə də əlaqəli olan genişmiqyaslı hərbi əməliyyatların bərpası təhlükəsinin artması şəraitində qarşılaması dərin təəssüf hissi doğurur”, – deyə bəyanatda qeyd edilib.

Münaqişə artıq böyük fəlakət gətirib – on minlərlə insan həlak olub, yüz minlərlə yaralı və əlil, milyondan çox doğva yurdlarından məhrum olanlar var, münaqişənin həllində irəliləyiş olmaması isə xalqlar arasında sosial-iqtisadi rifah, güclü vətədaş cəmiyyəti, qanunun aliliyi, əsas hüquq və azadlıqara zəmanət prinsiplərinə əsaslanan demokratik dövlətçilik yaradılmasında böyük problemlərə səbəb olub.

“Yaranmış status-kvo davam edə bilməz, “vəziyyət dondurulmur”: demək olar ki, gündəlik atışmalarda insanlar həlak olur, silahlı hadisələr arealı genişlənir, münaqişə tərəfləri arasında silahlanma artır, dövlət səviyyəsində və ictimai səviyyədə hərbi ritorika radikallaşır. Status-kvonun saxlanması üzrə növbəti cəhdlər qaçılmaz olaraq postsovet məkanında təkcə ümumavropa təhlükəsizliyi üçün deyil, ölkələrimizin müstəqilliyi və suverenliyi üçün də təhlükə təşkil edən yeni təmayüllərin tərkib hissəsinə çevriləcək”, deyə sənəddə qeyd edilib.

Yaranmış vəziyyətdə hətta tərəflərdən birinin kiçik səhvlərindən belə (iyul-avqust aylarında olduğu kimi) bizim yeni müharibəyə sövq edilməyimiz üçün istifadə ediləcək.

Bəyanat müəllifləri ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli “Dağlıq Qarabağ: nizamlama yolları” adlı məruzəsində və ATƏT-in Minsk Qrupu həmsərlərinin 12 may 2014-cü il tarixli bəyanatında yer alan təşəbbüslərə dəstək ifadə edirlər.

Üç prinsip və sözügedən altı element ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Sülh Sazişinin və “yol kartının” işlənib hazırlanması üçün güclü əsaslardır.

Münaqişənin tənzimlənməsi prosesi cəmiyyətlərimiz üçün açıq və şəffaf olmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsi tərəflərinin hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə beynəlxalq forumlar təşkil etməyə çağırırıq.

Sülh Sazişinin həyata keçirilməsi zamanı sülhün qorunub saxlanması üzrə beynəlxaql qüvvələrdən istifadə ideyası dəstəklənir. Bu qüvvələrin tərkibinə ATƏT-in MQ həmsədri olan ölkələr və münaqişə tərəfləri ilə qonşu ölkələr daxil olmamalıdır, deyə bəyanatda bildirilir.

“Biz ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərlərinə, bütün dövlətlərə Dağlıq Qarabağ münaqişəsi regionuna bütün növ hücum silahları satışına son qoymaq çağırışı ilə müraciət edirik. Silahlı münaqişənin sülh yolu ilə həlli yalnız münaqişə tərəflərinin qarşılıqlı güzəştlərə, həmçinin maksimalist tələblərindən və ilkin şərtlərdən imtinaya hazır olduğu və xalqlarımızın ortaq milli maraqlarını dərk etdiyi, beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üzrə səmimi cəhdləri olacağı təqdirdə mümkündür.

Biz tərəflərin siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli Bəyanatı əsasında Dağlıq Qarabağ nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırırıq.

Biz bütün münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini üzərinə götürməyə çağırırıq”, – deyə bəyanatda qeyd edilir.

Bəyanatı aşağıdakılar imzalayıblar:

Arzu Abdullayeva – Azərbaycan HVA sədri, Karen Ohancanyan – “Helsinki təşəbbüsü-92”, Nataliya Martirosyan – Ermənistan HVA sədri, Əli Abbasov – professor, politoloq, Zərdüşt Əlizadə – fəlsəfə elmləri doktoru, politoloq, Ağasi Yenokyan – politoloq, Leyla Əliyeva – politoloq, Aykak Arşamyan – tarixçi, siyasi analitik.

Ana səhifəXəbərlərEldar Namazov və David Şahnazaryan birgə bəyanat yayıblar