“Baku World Challenge 2014” avtomobil yarışları əhalinin işini çətinləşdirib
Qarşıda duran “Baku World Challenge 2014” avtomobil yarışları ilə əlaqədar oktyabrın 30-da səhər saatlarından etibarən Bakının cənub girişində – “20-ci sahə” dairəsindən “Azneft”ə qədər nəqliyyatın hərəkəti dayandırılıb.
Bu istiqamətdən paytaxta gələn sürücülər alternativ yolla Badamdar qəsəbəsindən və ya Xocasan yolu ilə dairəvi yoldan Tbilisi prospektinə çıxmalıdırlar, deyə paytaxtın yol polisi bildirir.
Regionlardan gələnlər Bakı-Ələt yolunun14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir.
Yol polisi “Baku World Challenge 2014” yarışının “əhəmiyyətini” qeyd edir və əhalidən tıxacları və YNH istisna etmək üçün ictimai nəqliyyatdan istifadə etməklə, “Avtomobilsiz həftə” aksiyasına başlamağı xahiş edir.
Xatırladaq ki, “Baku World Challenge 2014” avtomobil yarışları noyabrın 1-2-də keçiriləcək və hazırda hazırlıq işləri həyata keçirilir. Yarışlar bayraq meydanından 20-ci sahəyə qədər olan ərazidə keçiriləcək.