“Ancaq o, xəstə olduğunu, vəziyyətinin hər an ağırlaşa biləcəyini əsas gətirərək təklifdən imtina edib”
Oktyabrın 29-da vəkil Əlayif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. Görüş barədə mediaforum.az-a danışan vəkil bildirib ki, Leyla xanım şəkərdən əziyyət çəkir, səhhətində problemlər var. Təcridxanada isitmə sisteminin hələ işə salınmamasından gileyləndi.
“Bu ayın ikinci ongünlüyündə istintaq əməliyyatından ötrü Milli Təhlükəsizlik Nazirliyinə aparılıb qaytarıldıqdan sonra Leyla xanımın kamerasında cəmi bir nəfər saxlanır. Digər məhbuslar köçürülüb. Hətta ona tək qalmaq təklif olunub. Amma Leyla xanım xəstə olduğunu, vəziyyətinin hər an ağırlaşa biləcəyini əsas gətirərək təklifdən imtina edib”,-deyə vəkil söyləyib.
Leyla Yunus iyulun 30-da, həyat yoldaşı Arif Yunus avqustun 5-də həbs edilib. Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.
Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.