Vaşinqtonda hakimiyyətə sanksiyalar tətbiqi səsləndi

“Azərbaycan hakimiyyətinin Strasburq, London və digər Avropa paytaxtlarındakı tərəfdarları utandırılmalıdır”

Source:


“Azərbaycan hakimiyyətinin Strasburq, London və digər Avropa paytaxtlarındakı tərəfdarları utandırılmalıdır”

Oktyabrın 27-də ABŞ-in paytaxtı Vaşinqtonda yerləşən Acıq Cəmiyyət Fondu “Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları” mövzusunda konfrans keçirib.

Bu barədə Meydan TV-yə ABŞ-da yaşayan siyasi mühacir Ramis Yunus məlumat verib. Onun sözlərinə görə,  konfransda Avropa Sabitlik Təşəbbüsü Mərkəzi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID-in təmsilçiləri iştirak edib. Ümumilikdə, tədbirdə 100-ə yaxın iştirakçı olub.

Ramiz Yunus bildirib ki, iştirakçılar arasında Azərbaycan siyasi elitasına tanış olan ABŞ Dövlət Departamentinin rəsmisi Tomas Melia, Konqresin Helsinki Komissiyasının nümayəndələri, o cümlədən ABŞ-in mətbuat orqanları toplantını izləyiblər.

Konfransda iştirakçılardan Avropada Sabitlik Təşəbbüslərinin təsisçisi, Berlindən olan Cerald Knaus və Devid Kramer açıq şəkildə Dövlət Departamentinin və Konqresin nümayəndələrinə Azərbaycana qarşı sanksiya olaraq “Maqnitski aktı”nın tətbiq edilməsi çağırışı ediblər. Onlar bildiriblər ki, Azərbaycanda daha nə baş verməlidir ki, ABŞ və onun Avropadakı müttəfiqləri hərəkətə keçsinlər: “Görün, son vaxtlar daha kimləri həbs ediblər, halbuki, bu insanlar Avropa dəyərlərini və Avropaya inteqrasiyanın təbliğatçısı olublar”.

Cerald Knaus bildirib ki, hüquq müdafiəçiləri üçün Azərbaycanda insan hüquqlarının kobud pozulmasını “sadalamaq və utandırmaq”  metodu kifayət qədər yetərli deyil: “Azərbaycana qarşı “Maqnitski aktı”nı sanksiya alətinin nəzərdən keçirməyə  başlamağın vaxtı çatıb. Hazırda bu ölkədə Rusiya və Belarusda olduğundan daha çox siyasi məhbus var”. O, daha sonra bildirib ki, Qərb strateji məsələdə vahid mövqedə olmalıdır, Azərbaycan hakimiyyətinin Strasburq, London və digər Avropa paytaxtlarındakı tərəfdarları utandırılmalıdır.

“Bakıdan olan məmurlar “kürü diplomatiyası” və  neft pulları ilə qərb demokratiyası tərəfdarlarını  “çox uğurla” ələ alıblar”,- Knaus belə deyib.

Konfransın məruzəçiləri son zamanlar Azərbaycan hökumətinin QHT fəallarına və mediaya qarşı artan təzyiqlərindən narahatlıqlarını dilə gətiriblər: “Məqsəd bu insanları qorxutmaq və repressiyalarla meydanı boş saxlamaqdır”.

Ramis Yunus çıxışı zamanı bildirib ki, hazırda Azərbaycanda 100-dən çox siyasi məhbus var və bu barədə ABŞ və Avropa Birliyi bilgilidir. Sual yaranır, bəs nədən bu istiqamətdə heç bir dəyişiklik yoxdur?: “Gəlin, sual üzərində düşünək. Sualın cavabını ikili standartda axtarmaq lazımdır, yəni Qərbin enerji resurlarına marağı avtoritar və korrupsioner rejimin 100 siyasi məhbus olayına “gözləri” bağlayır. Mən bu günlərdə senator Kardinlə görüşəndə o dedi ki, əgər ölkədə elementar demokratiya normaları yoxdursa, orda enerji təhlükəsizliyindən danışmaq olmaz. Bu, çox dəqiq diaqnozdur, ona görə də ABŞ-ın siyasi və iqtisadi marağını düşünənlərə müraciət edirəm: artıq sözdən real işə keçmək zamanıdır, yəni Əliyev rejiminə təzyiqlər edilməlidir. Söhbət sanksiyalardan gedir ki, Putin Rusiyasına qarşı “Maqnitski aktı” buna nümunə ola bilər”

Ana səhifəXəbərlərVaşinqtonda hakimiyyətə sanksiyalar tətbiqi səsləndi