Leyla Yunus Xədicə İsmayıla “Bizim bu qrupa zərrə qədər etimadımız yoxdur” deyib
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus özünün və həbsdə olan hüquqşünas İntiqam Əliyevin İnsan Haqları üzrə İşçi Qrupunun heyətinə etimad etmədiklərini açıqlayıb. Bu haqda jurnalist Xədicə İsmayıl özünün “Facebook” səhifəsində məlumat verib. Jurnalist yazıb ki, hüquq müdafiəçisi ona zəng vuraraq, bunları deyib:
“Bu gün məhkəmə binasında İntiqam Əliyevlə görüşmək imkanım oldu. İşçi qrupu haqda bizim ümumi mövqeyimizi ifadə edirəm. Bizim bu qrupa zərrə qədər etimadımız yoxdur. Biz inandığımız şəxsləri bu tamaşada iştirak etməməyə çağırırıq. Bu qrup gözdən pərdə asmaq üçün yaradılıb. Bu qrup hakimiyyətə dialoq görüntüsü yaratmaq üçün imkan yaradır, amma eyni zamanda, siyasi məhbusları azad etmək üçün heç bir real istək yoxdur. Bu, sirkdir və özünə hörmət edən şəxslər bu komediyada iştirak etməməlidir”.
Leyla Yunus bu fikirlərinin Mirvari Qəhrəmanlıya xüsusi olaraq çatdırılmasını istəyib.