“İşdən çıxarılan sürücülər 1 ay ərzində məhkəməyə müraciət etməlidir”

“Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin “London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib

Source:

“Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin “London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib. Bu haqda mətbuata sürücülər özləri məlumat veriblər.

Sürücülərin sözlərinə görə, “London taksi”lərlə bağlı reportajdakı  kadrlarda sürücülərin görüntüləri əks olunduğu üçün “Bakı Taksi” MMC-nin rəhbərliyi efirdə görünən sürücüləri işdən çıxarıb. Bundan əlavə, digər sürücülərə  də xəbərdarlıq edilib ki, hər hansı bir  KİV-ə şikayət xarakterli məlumat versələr, işdən çıxarılacaqlar.

Hazırda həmin şirkətdə çalışan və adının açıqlanmasını istəməyən bir sürücünün Meydan Tv-yə verdiyi açıqlamaya görə, şirkət onların verdiyi planın məbləğini artırıb. Belə ki, əvvəl gün ərzində 28 manat ödəyən taksi sürücüləri  artıq 34 manat ödəməli olacaqlar. Taksi sürücüsü onu da bildirib ki, “Bakı Taksi” MMC işçilərlə əmək müqaviləsini ləğv edib.

Meydan Tv məsələ ilə bağlı dəfələrlə “Bakı MMC” ilə əlaqə saxlasa da, işçilər ötür-ötür oyunu oynayaraq, suallardan yayınıblar. Ən sonda isə şirkətin insan qaynaqları üzrə əməkdaşı sualı eşidəndən sonra dəstəyi asıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  sədri Sahib Məmmədov  məsələ ilə bağlı Meydan Tv-yə açıqlamasında bildirib ki, işçilər gecikmədən məhkəməyə müraciət etməlidir: “İndi işdən çıxarılmış işçilər ən tez zamanda məhkəməyə müraciət etməlidirlər. Çünki sonra gec olacaq. İşdən çıxarılmaqla bağlı əmrlərini aldıqdan sonra 1 ay müddətində məhkəməyə müraciət etməlidirlər. Ondan sonra Dövlət Əmək Müfəttişliyinə də müraciət etmək olar. Amma ilk növbədə yubanmadan məhkəməyə müraciət etməlidirlər”.

Ana səhifəXəbərlər“İşdən çıxarılan sürücülər 1 ay ərzində məhkəməyə müraciət etməlidir”