Vətənin müdafiəsi sualının bir cavabı var: “müharibədirsə, müharibə edərik!”

Yunus ailəsinin başına gələn qalmaqallı hadisə ölkəmizin siyasi orqanizmində sürətlə inkişaf edən ciddi xəstəliyin kəskinləşməsi kimi qəbul edilir

Source:


Yunus ailəsinin başına gələn qalmaqallı hadisə ölkəmizin siyasi orqanizmində sürətlə inkişaf edən ciddi xəstəliyin kəskinləşməsi kimi qəbul edilir

Azərbaycan və Ermənistan prezidentləri birdən-birə gərginləşən, hər iki tərəfdən onlarla həyata son qoyan hərbi vəziyyətlə əlaqədar yaxın gələcəkdə görüşməyi nəzərdə tuturlar. Rəmzi olaraq görüş Rusiyada keçiriləcək və Rusiya prezidenti də görüşdə iştirak edəcək; siyasətdən uzaq olan bir insan belə anlayır ki, çox şey Rusiyanın iyirmi ildən çoxdur davam edən Qarabağ münaqişəsinə münasibətdən asılıdır.

Bütün digər müasir dövlətlərarası münaqişələr kimi, Ermənistan-Azərbaycan qarşıdurması aysberqin görünən tərəfidir, onun özülünü – XX əsrin ikinci yarısında başlamış yeni dünya düzəninə  görə yaranmış geosiyasi vəziyyətin nəticəsini görmək çətindir. Bu səbəbdən Soçi danışıqlarında ABŞ da gizli iştirak edəcək.

Bu günlərdə İnternetdə Əliyev və Sarkisyanın üzlərində nəzakətli təbəssümlə bir-birinin əlini sıxan fotoşəklini gördüm. Bu təbəssümlərin səmimi olduğunu düşünmürəm, amma tarixi vəziyyət nəticəsində ölkələrinin rəhbəri rolu qazanmış bu iki şəxs diplomatik mədəniyyətin tələblərinə uyğun olaraq etməli olduqları hər şeyi etməyə məhkumdurlar. Və hətta hər iki tərəfdən azğın yalançı vətənpərvərlər belə onları vətənə xəyanətdə və milli maraqları satmaqda ittiham etməyə cürət etmir.

 Şübhəsiz ki, Əliyev də, Sarkisyan da danışıqlarda qarşılıqlı güzəştlər tələb edən ümumdünya şəraiti kontekstində öz ölkələri üçün ən yaxşı nəticələri əldə etməyə çalışacaq. Bu zaman hər iki tərəf hərbi təbliğat vasitəsilə iddia edirlər ki, əllərində silahla ən qətiyyətli addımlara hazırdırlar.

İnternetdə yazılanlardan göründüyü kimi, bizim əhalimizin böyük əksəriyyəti siyasi əqidəsindən və vətəndaş mövqeyindən asılı olmayaraq, təbii vətənpərvərliklə qanunsuz olaraq ələ keçirilmiş torpaqların qaytarılmasıni istəyir. Və bu, çox vacibdir – ölkənin müdafiəsi üçün birləşmək qabiliyyəti hər bir xalqın əsl mahiyyətini müəyyən edir. İkinci Dünya Müharibəsinin (bizim üçün Böyük Vətən Müharibəsi) başa çatmasından onlarla il keçib və bu gün bizim qarşımızda onun başlanğıcına gətirib çıxarmış bir çox hallar yaranıb. Amma hətta ölkəsinin müdafiəsinə qalxanlar Stalinə və Sovet hakimiyyətinə nifrət etsələr belə, başqa cür edə bilməzdilər – hər bir normal insan üçün “Vətən” anlayışı siyasi və vətəndaş əqidəsindən daha üstündür və Azərbaycanda hazırki şüur da bunun əsaslı təsdiqidir. Xalq mənəvi cəhətdən müharibəyə hazırdır, ordu rəhbərliyi isə bütün atəşkəs illərində – iyirmi ildən çoxdur davam edən hazırlığın yüksək səviyyədə olduğunu deyir.

Bununla belə, İlham Əliyev bir daha problemin sülh yolu ilə həllini tapmağa çalışmaq üçün Sarkisyanla görüşə gedir və hamı, bir daha təkrar edirəm, hətta ölkə prezidentlərinin hərəkətlərinə çox bənzəyən digər insanların əməllərində vətənə xəyanət elementləri görə bilən ən qatı müharibə təbliğatçıları belə bunu qəbul edir.

Azərbaycanda uzun illərdir, təəssüf ki, vətəndaş diplomatiyası ilə məşğul olan o qədər də çoxsaylı olmayan bir qrup var. Bu insanlar vətənpərvər olmağa davam edərək, vaxtaşırı Ermənistan nümayəndələri ilə görüşüblər, xalqlarımız arasında çoxillik hərbi qarşıdurma nəticəsində yaranmış qarşılıqlı düşmənçilik səviyyəsini azaltmağa çalışıblar. Leyla Yunus və onun yoldaşları da belə insanlara aiddir, onlar faktiki olaraq, ölkə rəhbərliyinin etdiyini edirdilər, amma öz vətəndaş imkanları səviyyəsində. Dünyanın bütün sivil ölkələrində dövlətlərarası münaqişələr yaranarkən hər iki tərəfdən problemin əldə silah olmadan həllinə can atan vətəndaş hərəkatları yaranır və öz hökumətlərinə kömək edirlər. Amma vətəndaş diplomatiyası yalnız demokratik rejimi olan ölkələrdə mövcuddur. SSRİ-də bu, mümkün deyildi; çox təəssüf ki, müasir Azərbaycanda da qeyri-mümkündür. Leyla və Arif Yunusun, Rauf Mirqədirovun vətənə xəyanət ittihamı ilə həbsi bunun təsdiqidir. Onların erməni vətəndaş fəallarından konkret olaraq kiminlə görüşdüyünü bilmirəm, amma əminəm ki, bu insanlar kim olsa da, onlar bizim xalqımıza Serj Sarkisyandan daha çox düşməncəsinə yanaşmırlar. Amma totalitar cəmiyyətin qorxulu tərəfi də elə budur ki, kiçik bir dairə insanlar üçün yolverilən olan əməllər sadə vətəndaşlar üçün cinayətdir. Və nümayəndələri çox vaxt ölkənin həqiqi maraqlarından kifayət qədər uzaq nöqteyi-nəzərdən çıxış edən dövlət təzyiq sisteminin kursu nə qədər “sərtdirsə”, müasir Azərbaycanın dünya ictimaiyyətinin gözlərindəki siması o qədər xoşagəlməzdir. Gənclər hərəkatları liderlərinin əsassız siyasi təqibləri, casusluqda ittiham olunan qeyri-hökumət təşkilatları rəhbərlərinin həbsləri, Yunus ailəsinin başına gələn qalmaqallı hadisə ölkəmizin siyasi orqanizmində sürətlə inkişaf edən ciddi xəstəliyin kəskinləşməsi kimi qəbul edilir.

Artıq təxminən iki ildir ki, bir sıra həm yaradıcı, həm də şəxsi səbəblər məni Azərbaycan hüdudlarından kənarda olmağa məcbur edir. Bir qədər əvvəl də dediyim kimi, son illər mənim ictimai-siyasi fəallığım əsərlərimdə öz əksini tapan baxışların məntiqi davamı idi. Və mən əmin idim ki, ölkənin ictimai-siyasi həyatında açıq iştiraka bir neçə il sərf etdikdən sonra yaradıcılıq planlarımı yekunlaşdırmaq üçün yazıçılıq fəaliyyətimə (və eyni zamanda şəxsi ciddi problemlərimin həllinə) qayıtmağa mənəvi hüququm var. Ümid edirəm ki, təkcə qəzet oxumayanlar üçün mənim yeni əsərlərimdə ölkədə baş verənlərə qarşı münasibətim birbaşa siyasi bəyanatlardan heç də az əksini tapmır. Bununla belə, Leyla Yunusun həbs edildiyini öyrəndikdə düşünmədən onun hüquqlarını müdafiə komitəsinə daxil oldum. Ümid edirəm ki, hakimiyyətin ölkənin beynəlxalq imicinə düzəlməz ziyan vuran siyasi addımını dayandırmağa ağlı çatacaq. Təkrar edirəm, İlham Əliyev sülh danışıqlarında iştirak edərək və vətəndaş diplomat Leyla Yunus ölkələri üçün mahiyyətcə eyni şeyi edirdi, amma hər biri öz hüquqları və imkanları çərçivəsində. Və birdən-birə ölkədə vəziyyət dəyişərsə və İlham Əliyevi milli maraqları satmaqda ittiham etməyə cəsarət edən qüvvələr meydana çıxarsa, mən dərhal onun hüquqlarını müdafiə komitəsinə daxil olacağam.

Hərbi hadisələrin gərginləşməsi ehtimalına gəlincə, düşünürəm ki, Leyla Yunus üçün də, vəzifəsindən, rütbəsindən və siyasi əqidəsindən asılı olmayaraq, əksər azərbaycanlılar üçün də Vətənin müdafiəsi sualının bir cavabı var: “müharibədirsə, müharibə edərik!”



Mənbə

Ana səhifəXəbərlərVətənin müdafiəsi sualının bir cavabı var: “müharibədirsə, müharibə edərik!”