Faciə həyat tərzinə çevriləndə…

“Aranı qatan olmasaydı, müharibə də olmazdı”

Source:


“Aranı qatan olmasaydı, müharibə də olmazdı”

-Bircə oğlum var, bax, o bir oğlumun canı elə bu gün desələr ki, Zəngilan qaytarılıb qayıtmayan kişi deyil. İstəyir Bakıda 10 mərtəbə ev versinlər, yenə də yurduma qayıdaram.

– Ermənilərlə barışığa razısınız demək…

– Gec-tez o barışıq olmalıdır. Məcburam ki, gedəndən sonra barışım. Gedib erməniyə güllə atmayacam ki… Təki qayıdaq…

Eldar Cəfərov 21 ildir paytaxt Bakıda Tibb Universitetinin yataqxanasında yaşayır. Bu yataqxanaya Qarabağ müharibəsi nəticəsində yurd-yuvacından didərgin düşmüş yüzdən artıq ailə sığınıb.

-Gələndə 6 nəfər idik, indi isə 2 nəfər yaşayırıq bu otaqda. Buranı 2-3 dəfə təmir etdirmişəm. Vəziyyətimiz gördüyünüz kimidir. Necə evdən gəlib hara sığınmışıq… Çox çətinlik çəkirik. Suyumuz gah olur, gah olmur. Ayaqyoluna isə getməli deyil. Yuxarı mərtəbədəki ayaqyolunun suyu aşağı mərtəbəyə tökülür.

Birtəhər yaşayırıq. Bəlkə də barışığı biz görməyəcəyik… – deyən Eldar Cəfərovun vətən nisgili üzündən-gözlərindən tökülür.

Qəribə bir ab-hava olur məcburi köçkünlərin məskunlaşdığı yataqxanada. Əşyalar, otaqlar, insanlar hamısı sanki gəlmə olduğunu hayqırır. İçəri yad adamın girdiyi xəbəri də dörd mərtəbəli binaya bir anda yayılır. Hələ biləndə ki, gələn jurnalistdir dərhal dəstə-dəstə toplaşırlar. Danışmaq üçün, göstərmək üçün…

Bu dəfə də jurnalistlərin gəldiyini eşidər-eşitməz yataqxana dəhlizinə yığışmışdı məcburi köçkünlər. Dəhliz köhnəlib çürümüş, bəzi yerlərdə aralanıb, deşilmiş, bəzi yerlərdə isə karton parçaları ilə yamanmış döşəmə taxtlarından ibarətdir. Tualet və mətbəx hədsiz dərəcədə pis vəziyyətdədir. Tavanı, divarları çat-çat olmuş yataqxana binasında körpələrin qaçışması bir o qədər üzücüdür. Onlar dünyaya bu binaın pənçərəsindən baxırlar…


Ötən il bu yataqxanada faciəvi olay yaşanmşdı. Sakinlərdən biri, 56 yaşlı Ərşad Məmmədov doğma torpağından didərgin düşdüyü vaxtdan şəkərli diabetdən əziyyət çəkdiyi üçün ailəsinə yük olmaq istəməyib özünü 3-cü mərtəbənin pəncərəsindən atıb. Hazırda Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Zəngilan rayonundan məcburi köçkün olan Ərşad Məmmədov 5 uşaq atası idi. Doğmalarının sözlərinə görə, maddi sıxıntılar, xəstliyi ucbatından işləyib ailəsini dolandıra bilmədiyi üçün o, əvvəllər də bir neçə dəfə intihara cəhd edibmiş.

Həyat yoldaşı Minə Məmmədova Tibb Universitetində xadimə işləyir. Ayda 100 manat məvacib alır. Dövlətin məcburi köçkün kimi adambaşına verdiyi müavinət isə 17 manat civarındadır. Minə Məmmədova üçün həyat yoldaşı haqda danışmaq çox ağırdı. Heç indən belə yurd-yuvasına geri dönmək fikrində olmadığını deyir:

-Mən itirdiyimi itirdim. Bundan sonra o el-oba mənim nəyimə lazımdır? Mənə dərdimi unutdura bilərmi? Bundan sonra Zəngilanı istəyirlər tamam mənə versinlər – neynirəm? Danışdıqca yaram təzələnir… – deyib kövrəlir. Nə təsəlli verə bilirik, nə də söz deyə bilirik.

Yataqxanada kişi və qadınların tualeti bir-birindən ayrıdır, ancaq görünüş etibarı ilə heç bir fərqləri yoxdur. Qopmuş pəncərə, gələn kəskin qoxu, çatlamış tavan, rütubət, nəmişlik. Hamam otaqlarında da vəziyyət eynidir… Su tez-tez kəsildiyi üçün divarın dibi ilə su doldurulmuş qablar düzülüb. Bu qablara mətbəxdə də rast gəldik. Hər mərtəbədə bir mətbəx var.

Qapısı ağzında əyləşmiş Zəngilan rayonundan məcburi köçkün Əfruz Məmmədova bizi görən kimi “kaş ki dünən gələydiniz. Dəhlizin bir tərəfi uçmuşdu, onun yerini çəkərdiniz. Bu günə yığışdırıb təmizləmişik” – deyə dilləndi.

“Pulumuz olsaydı kirayəyə çıxardıq” deyən Əfruz Məmmədova Zəngilana qayıtmaqdan ümidini kəsib. Ermənilərlə sülhə hazır olub-olmadığını soruşduq. Cavabı maraqlı oldu: “Mənim oğlum Pənah Məmmədov, kürəkənim Sabir Cəfərov davada öldülər… Yeddi mərasimini Sumqayıtda verdik… Mən özüm ermənilərin içində 40 il yaşamışam. Qafanın Gomaran kəndində. Hər dəfə deyirlər qayıdacağıq. Ermənilər elə-belə torpaq qaytararlarmı? Aranı qatan olmasaydı heç bu hadisələr də olmazdı…”

Yataqxanada baş verən ikinci faciəvi hadisə isə 53 yaşında dünyasını dəyişən Haşım Yusifovla bağlıdır. H.Yusifov yataq xəstəsi olub. O, yatdığı yerdə tavandan qopan daş

parçasının başına düşməsi nəticəsində həlak olub. Ailə üzvləri onu yatağında cansız tapıblar. O gündən sonra kiçik qızı Günel atasının yerində yatır. Əslində 10 kvadratmetrlik otaqda yaşayan ailənin nə ayrı otağı, nə də gen-bol yeri var.

“Mən sülh istəyirəm, heç müharibə tərəfdarı da deyiləm. Ancaq kəndimizin erməni hərbiçiləri tərəfindən necə yandırıldığını öz gözlərimlə görmüşəm. Dayımoğlanları Tərtərdə öldürülüb. Onların bizə münasibəti dəyişib? İnanmıram. Onların sülhünə də inanmıram” – əslən Cəbrayıl rayonunun

Nüzgar kəndindən olan Nəsibə Əliyeva deyir. İllərlə içində saxladığı yükə, ağrıya baxmayaraq Nəsibə öz elinə qayıtmaq istəyir və bu istəyin sülhlə gerçəkləşməsini arzulayır.

Yataqxana şəraiti dözülməz olsa da sakinləri artıq bu vəziyyətə alışıblar. İnsan ən dözülməz şəraitdə mövcudluğunu necə sürdürürsə onlar da elə o cür yaşayırlar… Mətbəxdən qadınların səsi gəlir. Qışa tədarük görürlər – kompot hazırlayırlar. Bir neçə qadın növbə ilə plitənin başına keçib bankaları bir-bir qaynayan qazandan çıxarıb ağzını bağlayır. Uşaqlar yataqxananın həyətində oynayır, nisbətən böyükləri körpələri gəzdirir. Uşaq həyatlarını nə qədər gözəl yaşadıqları haqda bir söz demək olmaz. Ancaq atəşkəs uzandıqca o körpələr dünyaya, günəşə açılan işıqlı pəncərələrdən yox, yaşadıqları uçuq-sökük binanın düşmüş kərpiclərinin dəliyindən baxacaqlar…

Qeyd: Məqalə IWPR Azerbaijan ofisinin International Alert təşkilatının dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlayıb.

Ana səhifəXəbərlərFaciə həyat tərzinə çevriləndə…