İyulun 14-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” İB-nin rəhbəri Həsən Hüseynlinin 6 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.
Hakim Ayaz Mahmudovun çıxardığı hökmdə bildirilir ki, Həsən Hüseynli cəzasını ümumi rejimli təcridxanada çəkəcək.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu fəal QHT-çinin 6 il azadlıqdan məhrum edilməsi xəbərini çox acı və dözülməz hadisə adlandırıb: “Mən şokdayam, belə ziyalı insanın həbsi izaholunmazdır. Onu heç nədən həbs etdilər. Məhkəmənin hökmü ədalət mühakiməsinin ən biabırçı qərarlarından biridir. Hakim son söz üçün 1 həftə vaxt da vermədi. İnanıram ki, zamanında hakimin özünü buna görə mühakimə edəcəklər. Mən bütün qanuni vasitələrdən istifadə edib Apellyasiya Məhkəməsinin ədalətli hökm çıxarmasına çalışacam”.
“Məhkəmənin uzanması Prezident Administrasiyasından sifariş gözləmələri ilə bağlı deyildi ki” – sualına N.Cəfəroğlu “bilmirəm, onlar administrasiya ilə əlaqəli deyillər…” cavabını verib.
Digər hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, o, əmək hüquqlarının müdafiəsilə məşğul olsa da, Həsən Hüseynlini yaxşı tanıyır və irəli sürülən ittihamlara inanmır: “Mən Həsən müəllimin cibində bıçaq gəzdirdiyinə belə inanmıram. Bu mənada necə münasibət ola bilər?! Hökmü ədalətsiz hesab edirəm”.
S.Məmmədov hələ ədalətin bərpa olunacağına ümid edir: “Ümidi itirmək və hökumətlə dialoqu dayandırmaq olmaz, bu, hüquq müdafiəçisinin əsas missiyasıdır. Biz həbsdə olan həmkarlarımızın tezliklə azad olunmasına çalışmalıyıq, bu gedişatda yalnız bəyanatla iş bitmir. Gərək aidiyyatı və maraqlı tərəflərlə dialoqa gedək”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov da hökmü biabırçı hesab edib: “Təsəvvür edin ki, əhatəli araşdırma olmadan belə bir hökm çıxarılırsa, bu, siyasi sifarişdir. Həsən Hüseynli yalnız hüquq müdafiəçisi deyildi, o, ziyalı və ləyaqətli insan kimi nüfuz qazanmışdı”.
R.Cəfərov hökmün beynəlxalq aləmdə birmənalı qarşılanmayacağını dedi: “Bu, həbs beynəlxalq və yerli ictimaiyyət arasında etirazla qarşılanmalıdır. Biz gərək səfərbər olaq, bu, əlavə siqnaldır ki, vəziyyət pisləşməyə doğru gedir. Ona görə həmrəylik, birgə mübarizə vacibdir”.